Azərbaycanda sosial təminat sistemi ətrafında müzakirələr son illərdə daha da intensivləşib. Xüsusilə, əmək bazarında baş verən dəyişikliklər, əhalinin yaşlanma tendensiyası və insanların sosial rifahla bağlı gözləntiləri pensiya siyasətini yenidən diqqət mərkəzinə gətirib. Pensiya yaşının mərhələli şəkildə artırılaraq 65 yaşa çatdırılması fonunda isə bu həddin yenidən aşağı salınıb-salınmayacağı məsələsi cəmiyyətdə tez-tez müzakirə olunur.
Bəs mövcud reallıqlar fonunda pensiya yaşının azaldılması yenidən gündəmə gələ bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, ölkədə pensiya yaşı mərhələli şəkildə artırılaraq bu ilin sonuna qədər qadınlar və kişilər üçün eyniləşdiriləcək və 65 yaş həddinə çatdırılacaq.

“Bundan sonra həm qadınlar, həm də kişilər 65 yaşına çatdıqda əmək pensiyası hüququ əldə edəcəklər.
Pensiya yaşının aşağı salınması zaman-zaman ictimai müzakirə mövzusu olsa da, hazırkı reallıqlar bu istiqamətdə qərar qəbulunu mümkün etmir”.
Azər Badamovun fikrincə, bu səbəbdən yaxın perspektivdə pensiya yaşının azaldılması ilə bağlı hər hansı qərarın qəbul ediləcəyi gözlənilmir.
Aynurə İsmayıl
KONKRET.az
