“İndi Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır. Hesab edirik ki, dairə tamamlananda təqribən 25-30 min sərnişin daşımaq imkanımız olacaq”.
KONKRET.AZ xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezidentin bu gün keçirilən qəbulunda olarkən deyib.
Prezident İlham Əliyev: Bu, daha rahat nəqliyyat növüdür. Eyni zamanda, vətəndaşlar daha da qısa müddət ərzində mənzil başına, iş başına çata biləcəklər. Çünki indi avtomobil yollarında kifayət qədər tıxaclar var. Düzdür, bir çox yollar salınıb, yeni körpülər, yeni yol qovşaqları tikilib, amma yenə də pik saatlarda tıxaclar var. Ona görə bu yol həm insanlara rahatlıq verəcək, həm də avtomobil yolunun yükünü azaldacaq. Ona görə ilin sonuna qədər nəzərdə tutulan bütün layihələr başa çatmalıdır və gələn il də bu işlər davam etdiriləcək.
Bakı-Sumqayıt dəmir yolunun fəaliyyəti, onun əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, bu yol ilə nə qədər sərnişin daşınır?
Cavid Qurbanov: Artıq bu yol ilə hər gün 12 min sərnişin daşınır.
Prezident İlham Əliyev: 12 min?
Cavid Qurbanov: Bəli,12 min. Amma bu, açılandan sonra həm bu tərəfdən Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb.
Prezident İlham Əliyev: Bəli, mən getmişəm o yolu, çox rahatdır.
KONKRET.AZ
