“Bu gün “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Prezidentin 6 dekabr tarixli Fərmanının 5 ili tamam olur. Həmin Fərmanla 12 strateji xəritə təsdiq olunmuşdu. Lakin indiyədək onların yalnız 11-i dərc edilib, özü də yalnız elektron variantda. Rəsmi kağız dərci isə hələ də yoxdur”.
Bu barədə KONKRET.az-a açıqlamasında tanınmış iqtisadçı ekspert Əkrəm Həsənov fikir səsləndirib. O bildirib ki, bəzi xəritələrin elektron variantı sonradan hətta dəyişdirilib (dövlət başçısının imzaladığı sənədi dəyişdirməyə kim cürət edib?). Hələ də dərc edilməmiş (qeybə çəkilmiş) 12-ci “Xəritə-əz-zaman” – “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nin zühurunu isə gözləyirik. Onun heç elektron variantı da yoxdur: “Ən başlıcası isə hazırlanması üzrə xarici məsləhətçilərə milyonlarla vəsait xərclənmiş sözügedən xəritələr əsas etibarı ilə icrasız qaldı. O həddə ki, hazırda onları heç xatırlayan da yoxdur. Yəqin ki, bu gün də rəsmilər xatırlamayacaq. Bunu deməkdə məqsədim xəritə təşəbbüskarlarını, müəlliflərini və icraçılarını qınamaq deyil. Yəqin ki, məramları xoş və müsbət idi. Bəs niyə alınmadı?. İndiyədək təsdiqlənmiş və proqram xarakterli hansı sənədimiz icra olunub ki? Heç biri! Niyə? Ona görə ki, bazar iqtisadiyyatı şəraitində inkişafa proqram və xəritələrlə nail olunmur. Hələ 5 il əvvəl bütün xəritələrin qısaca təhlilini burada yerləşdirmişdim. Ümumi nəticəm bu idi ki, onlar əsasən xoş arzular ifadəsidir”.
Əkrəm Həsənov əlavə edib ki, bazar iqtisadiyyatı şəraitində inkişafa hüquqi dövlətin qurulması, qanunçuluğun, savadlı və ədalətli məhkəmə sisteminin təmin edilməsi yolu ilə nail olunur: “Lakin məhz bu sahədə indiyədək köklü heç bir sənəd qəbul olunmayıb. Yeganə istisna “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmandır. Lakin əvvəla, həmin sənəd köklü xarakter daşımır. Ən əsası isə o da bir sıra hallarda (məsələn, məhkəmə qərarları üzrə axtarış sisteminin yaradılması üzrə) icrasız qalıb. Bu resursdan səmərəli istifadə etməyin bircə yolu var. Aydın və işlək oyun qaydalarını müəyyənləşdirmək və onlara riayət etmək. Yəni normal qanunlar, savadlı və ədalətli hakimlər təyin etmək, qanunçuluğu təmin etmək və sairə. Məhz bu sahədə strateji yol xəritəsi müəyyənləşdirmək və icra etmək lazımdır. Bunu etsək, iqtisadi inkişaf da olacaq, xarici sərmayələr də, sosial rifah da”.
Müşviq Tofiqoğlu
KONKRET.az
