Rusiya hərbçilərinin Ukraynanın Buça şəhərində dinc əhaliyə qarşı törətdiyi qətliamdan sonra Fransa Prezidentinin Vladimir Putinlə telefon danışığı birmənalı qarşılanmayıb.
KONKRET.az xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moravetski Emmanuel Makronu sərt şəkildə qınayıb.
Belə ki, keçirdiyi son mətbuat konfransında M.Moravetski bu məsələyə xüsusi yer verib.
“Putinlə neçə dəfə danışmısınız, nə əldə etmisiniz? Danışıqlarınız nəyə yarayıb? Cinayətkarla bazarlıq edilməz, onlarla mübarizə aparmaq lazımdır. Hitlerlə heç kim danışmadı bazarlıq etmədi. Hitler, Stalin, Pol Pot ilə danışıqlar aparardınızmı? Aparmazdınız!” – Moravetski bildirib.
Moravetskinin sərt tənqidinə Fransa Prezidentinin ofisindən cavab gecikməyib. Bəyanatda bildirilib ki, Putinin Avropa ölkələrinin nə istədiyini və tələblərini anlaması üçün ünsiyyət kanallarının açıq olması vacibdir.
Qeyd edək ki, martın 31-də Buça şəhəri Rusiya işğalından azad edilib. Şəhərə daxil olan Ukrayna hərbçiləri dəhşətli mənzərə ilə üzləşiblər. Məlumata görə, hərbçilər dinc sakinlərin əlləri arxadan bağlanılmış meyitlərini tapıblar. Onların bədənlərində işgəncə izləri aşkarlanıb. Rusiya ordusu Buçadan çıxarkən yaşayış məntəqəsinin hüdudları daxilində mülki tikililəri, infrastruktur obyektlərini və digər əraziləri minalayıb. Qətliamı ABŞ, Fransa, Almaniya və Avropa İttifaqı kəskin qınayıb. Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski qətliamın törədildiyi Buça şəhərində olub. O, Buçadakı qətliamı genosid adlandırıb. ABŞ Prezidenti Bayden isə Buça qətliamının genosid yox, müharibə cinayəti olduğunu bildirib.
Xatırladaq ki, Polşa hökuməti son zamanlar Rusiyaya qarşı sərt siyasi xətti ilə diqqət çəkir. Belə ki, aprelin 3-də Almaniya və Polşa mətbuatlarına verdiyi müsahibələrdə Polşa Baş nazirinin müavini, Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Yaroslav Kaçinski ölkəsinin ABŞ-ın nüvə silahlarına ev sahibliyi etməyə açıq olduğunu bildirib. O, həmçinin ölkədə NATO-nun yeni komanda mərkəzinin yaradılmasına çağırıb və sabiq Polşa Prezidenti Lex Kaçinskinin ölümündə Rusiyanı günahlandırıb. Bu bəyanatlardan sonra Vladimir Putinin sözçüsü Dmitri Peskov Polşaya xəbərdarlıq edərək siyasi xəttinin çox sərt və anti-Rusiya olduğunu bildirib.
Vəsilə İbrahim,
KONKRET.az
