“Putin dövrümüzün Hitleridir, o, AES-i hədəf almaqla Rusiyanın özünü belə təhlükəyə atdı” – İLGİNC AÇIQLAMAbackend

"Putin dövrümüzün Hitleridir, o, AES-i hədəf almaqla Rusiyanın özünü belə təhlükəyə atdı" - İLGİNC AÇIQLAMA

Bir neçə gündür Ukraynaya qoşun yeridən və yüzlərlə günahsız insanın ölümünə səbəb olan Rusiya artıq nəzarətdən çıxaraq region üçün ciddi təhdidə çevrilib. Belə ki, Rusiya hərbçiləri Zaporojye AES-in birinci enerji blokunu atəşə tutub və nəticədə yanğın baş verib. Yanğınsöndürənlər Zaporojye Atom Elektrik Stansiyasında baş verən yanğını söndürmək üçün yola düşüblər.
Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatında bildirilir ki, Enerqodar şəhərindəki Zaporojye AES-də Fövqəladə Hallar Dövlət Xidmətinin bölmələri təlim binasında baş vermiş yanğının söndürülməsinə cəlb olunub. Fövqəladə Hallar Dövlət Xidmətindən 40 nəfər və 10 texnika cəlb olunub.

Bəs görəsən sözügedən AES-də baş verən yanğının region ölkələri üçün hansı təhlükələri var?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Fikrət Sadıxov cavablandırıb.

O bildirib ki, atom elektrik stansiyası təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün ciddi təhdid deməkdir:

“Bu stansiyanın kim tərəfdən vurulmasından asılı olmayaraq onun ağır fəsadları bütün Avropa ölkələrinə yayıla bilər. Bu, çox təhlükəli bir məsələdir. Digər tərəfdən aydın oldu ki, həmin AES-də yanğın artıq söndürülüb. Ukraynanın Fövqəladə Hallar Xidməti təhlükənin olmadığına dair məlumat yaydı. Lakin bu, müvəqqətidir. Orada müharibə davam edir.Yəni bunun təkrarı ola bilər. 1986-cı ildə Çernobıl AES-də baş verənlər hamının yaxşı yadındadır. O faciənin təsirləri hələ də qalmaqdadır.Həmin yanğın bir sıra MDB ölkələrinə də təsir etdi. Tərəflər arasında bununla bağlı konkret razılıq əldə olunmalıdır. Belə obyektlərə atəş açılmaması haqqında razılığa gəlinməlidir. Əks halda çox ciddi problemlər yaşana bilər”.

Hərbi ekspert Abuzər Əbilovun fikrincə, AES-də baş verən partlayış Avropa və Qafqazı təhülkə altına alır:

“Burada təkcə Ukrayna ilə Rusiya arasında münaqişədən və müharibədən söhbət getmir. Qeyri-adekvat və ağlı olmayan bir diktator öz məqsədinə çatmaq üçün bir dövləti tamamilə məhv etmək istəyir. O fikirləşmir ki, bu müharibədən bütün region ölkələri əziyyət çəkir. Atom Elektrik Stansiyasının atəşə tutulması və bombalanması yaxın tarixdən hər birimizə məlumdur. Çernobıl AES-də olan yanğından sonra baş verən fəlakət və partlayış region ölkələrini bilavasitə əhatə etdi. Böyük şəhərlər demək olar ki, yer üzündən silindi. Çernoblın fəsadları bir neçə Avropa ölkəsinə gedib çatdı. Radioaktiv maddələrin buxarlanmasından əmələ gələn buludlar və şüalanma külək və hava məkanı ilə bir sıra ölkələrə yayıla bilir. Həmçinin, ekoloji tarazılığın pozulması, ətraf mühitin çirklənməsi, qlobal istiləşmə şəraitində təbiətə vurulan ən böyük ziyanlardan biridir”.

Ekspert qeyd edib ki, son iki ildə baş verən hər iki müharibənin bilavasitə günahkarı Putindir:

“Rusiya Prezidenti Vladimir Putin yeni eramızın faşisti, dövrümüzün Hitleridir. O, dünyanı bütünlüklə məhv etməkdən çəkinmir. Düşünürəm ki, onun qarşısını almaq üçün real qüvvə toplanacaq. Bu narsist dikatotor ya hakimiyyətdən uzaqlaşdırılacaq, ya da cəzalandırılacaq. Bu baş verməsə nəinki Avropa, eyni zamanda Qafqaz üçün də ciddi problemlər yaranacaq. Bu gün Putin Azərbaycana və digər Qafqaz ölkələrinə qarşı loyal münasibət göstərir. Lakin sabah nə olacağı bəlli deyil. Bu loyallıq sabah faşizmə çevrilə bilər. Yəni biz belə bir təhülkə ilə üzbəüz qalmışıq. Yaxın tariximizdə Azərbaycan-Ermənistan arasında olan münaqişədən Putin Rusiyasının necə istifadə etdiyini gördük. Baş verən hər iki müharibənin bilavaəsitə günahkarı Putindir. AES-in atəşə tutulması Ukrayna və Belarusun bir çox hissəsini, hətta Rusiyanın özünü belə təhlükəyə atmaqdır”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*