“Putin heç nəyə nail olmayıb”. Pentaqon bildirib ki, Ukrayna Rusiya Federasiyası ilə müharibədə qalib gələ bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi brifinq zamanı bildirib. O, Vladimir Putinin heç bir strateji məqsədə nail olmadığını deyib. Eyni zamanda qeyd edib ki, Ukrayna yaxşı nəticələr göstərir və müharibədə qalib gələ bilər.
“Əlbəttə, ukraynalıların artıq əldə etdiklərinə diqqətlə baxsanız, qalib gələ bilərlər. Putin Ukraynada heç bir strateji məqsədə nail ola bilməyib”, – deyə Kirbi bildirib.
-
Pentaqonun sözçüsü vurğulayıb ki, Putin hələ də Kiyevi almayıb, hökuməti devirməyib. Bir aydan artıq davam edən hərbi əməliyyatlar ərzində Rusiya Federasiyası Ukrayna ərazisinin yalnız kiçik bir hissəsinə nəzarət edir.
“Mariupol hələ alınmayıb. O, qoşunlarını Kiyevdən çıxarıb. Qoşunlarını Çerniqovdan çıxarıb. Xarkov alınmayıb. Onlar Nikolayevi cənubda tuta bilməyiblər. Ona görə də mən hesab edirəm ki, sübutlar göz qabağındadır. Hər gün gördüyünüz nəticələr bunu deməyə əsas verir”, – deyə o izah edib.
Eyni zamanda Kirbi qeyd edib ki, bu müharibənin nə vaxt bitəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil.
“Putin düzgün addım atsa, bu gün bitə bilər. Qoşunları çıxarıb, geri göndərsə və Ukraynanın suverenliyinə hörmət etsəydi, bu baş verə bilərdi. Lakin təəssüf ki, o, başqa yol seçib”, – Kirbi əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
