“Qanlarının arasına girdin, atalarını yandıracaqdım” – Qalib Arif yazırbackend

“Qanlarının arasına girdin, atalarını yandıracaqdım” – Qalib Arif yazır

1990-cı illər. “Aydınlıq” qəzetinə yazırdım. Mərhum Məmməd Nazimoğlu dedi ki, yazını bu gün nahara kimi gətirsən, birisi gün nömrəsinə gedəcək. Tələsirdim. 26-larda (indi Sahil metrosu) hətta eskalatorda gözləmək istəmədim, qabağa keçdim. Kimsə ayağımı qəsdən tapdaladı, ayaqqabının cırıltısı qulağımı “axtaladı”. Bahalı idi, Moskvadan təxminən 100 dollara almışdım. Yeri gəlmişkən, 90-cı illərdə Rusiyada işləyirdim, Azərbaycana nadir hallarda gəlirdim.

Eskalatordan çıxdım, hərifi metronun çıxışında gözlədim, üzr istəməyini gözləyirdim. Kök və hündür adam idi, qoltuğunda o vaxtların kağız torbası da vardı. Dedim ki, qardaş, ayağımı tapdalamısan, ayaqqabımı cırmısan. Dedi, əcəb eləmişəm, hara soxulursan, camaatı adam saymırsan?!”

Hərifin diqqətini yayındırmaq üçün üzünə tüpürdüm, çənəsinin altından sağ, sol – iki yumruq vurdum. Adam səntirlədi, amma davam gətirdi. Bir də təkrar etdim, kötüyündən sınmış ağac kimi yerə sərildi. Əlindəki kağız torba cırıldı, içindəki siqaretlər yerə töküldü. Siqaret çəkən deyiləm, amma “Marlborro” qutularını tanıyıram. Onları qaldırdım, ayaqqabının əvəzi kimi pencəyimin cibinə qoydum. Hərif isə yerdən qalxmaq istəmirdi. Doğrudur, bu, nokaut deyildi, sadəcə olaraq, ayağa qalxmaq sərf etmirdi…

“Aydınlıq” qəzetinin redaksiyası o vaxtlar “Nizami” kinotearına bitişik binada yerləşirdi. Özümü vaxtında çatdırdım, yazını baş redaktora verdim. Həmin gün mənim “Ədəbiyyat” qəzetində “Dağdan insanlığa marşrut” adlı hekayəm dərc olunmuşdu. Qəzet Məmmədin stolunun üstündə idi. Allah rəhmət eləsin, qoltuğuma bir yox, lap “iki qarpız” verdi, yazımı xeyli təriflədi. Üstündən “100 il” keçib, amma sözləri indi də qulaqlarımdadır: “Maraqlı süjet qurmusan, təbiətin təsvirində isə lap göylərə çıxmısan”. Tərif xoşlayan deyiləm, amma bunu istedadlı adamdan eşidəndə, qulaqlarımı şəkləyirəm. Bundan sonra özümə “kişisən, tərifə layiq yazı yazma” deyirəm.

Nə isə, cibmdən “Marlboro” qutularını çıxardım, Məmmədə “rüşvət” verdim. 4 qutu idi, hamısı da “amerikanski”. Məmməd mat qaldı, hətta matının dərəcəsinə uyğun, uzun bir fit çaldı, “Bundan İskəndər Həmidov çəkir” dedi. “Minnətçi düşüb, “Boz Qurd”un özündən almışam” dedim. “Nəyi olmasa da, mərdliyi var” dedi: “Amma indi böyüyüb, bizim redaksiyaya gəlib-gedən, bizə qonaqlıq verən həmin oğlan deyil”. Hiss etdim ki, zarafatlıq ovqatı yoxdur, yaman dilxor idi. Səbəbini soruşdum, bir az tərəddüd etdi. Dərd də paylaşanda azalır deyirlər…

“Deməli, səhər işə gəlirdim, aşağıda lifti gözləyirdim. Liftin arxasından səs-küy eşitdim. Pilləkənlə qalxdım, səs gələn tərəfə baxdım. İki nəfər idilər, biri hündür, qıvraq, o biri bizi boyda, amma zorba. Mahal (mərhum jurnalist Mahal İsmayıloğlu – Q.A.) yerdə idi, norka papağı başından düşmüşdü, qara plaşı da (Hə, Rəsul Quliyevin aldığı həmin “Yaponski” plaş) toza bulaşmışdı. Mən Mahalın papağını yerdən götürdüm, qoçular özlərini itirdilər. Hündür və qıvraq olan üstümə gəldi. Amma zorba oğlan məni tanıdı, başı ilə salamladı. Mənim yerlim, ağdaşlı idi, qonşu kənddəndir, İskəndər Həmidovun Mühafizə Xidmətində işləyirdi. Yerlim mənimlə əl verib görüşdü, həmkarının qolundan çəkdi, sakitcə çıxıb getdilər…”

– Yaxşı, sonra nə oldu, Mahal nə dedi?

Məmməd gülümsədi: “Mahal ayağa durdu, üst-başının tozunu çırpdı, papağını məndən alıb başına qoydu. Dedi ki, sən bunların qanının arasına girdin, atalarını yandıracaqdım…”

Qalib ARİF,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*