
yazıçı-publisist
Tarixin gedişi gözümüzün qarşısında dəyişir.
Dünya da, bizim region da yeni reallıqlara qədəm qoyur.
Dünyadakı yeni reallıqları dünyanın güclüləri yaradır. Bu reallıqları “ikili standartla” işləyən ikiüzlü dövlətlərin, “insan haqları”, “söz azadlığı”, “mətbuat azadlığı” kimi alabəzək terminlərlə pərdələnib dəvəquşu manipulyasiyaları göstərən “nüfuzlu” beynəlxalq qurumların, ATƏT-in Minsk Qrupu kimi amorf qurğuların başındakı pis niyyətlilər törədir.
Bizim regionda isə yeni reallıqları regionun ən güclüsü – Ali Baş Komandanın idarəçiliyi altında müzəffər Azərbaycan Ordusu yaradıb. Bu Ordunun xoş niyyətli əskər və zabitləri öz qanları, canları bahasına, Böyük Azərbaycan Xalqına xas qürurla, əzəmətlə, mərdliklə yaratdılar bu reallıqları.
30 ildir pis adamların daim pislədiyi Azərbaycan əskəri “Səbrin də bir həddi var!” deyib ayağa qalxdı. Onlar qırğı kimi düşmən üzərinə şığıyanda təkcə qorxaq ermənilər pərən-pərən düşmədilər. Həm də “əhəmiyyətli iş görmək” adına 30 ildir Azərbaycanı su yoluna döndərən, növbə ilə gəlib-yeyib-içib-gedən Minsk Qrupunun həmsədrləri də əhəmiyyətsiz bir şeyə çevrildilər. Artıq Azərbaycan xalqının gözündən düşmüş mənasız adamlarla bir masa arxasında oturub Qalib Ordumuzun “Cəhənnəmə vasil etdiyi Dağlıq Qarabağ problemini” uzun-uzadı üzücü müzakirə etməyə ehtiyac qalmadı. Həm tarixi, həm də beynəlxalq ədalətin bərpası üçün düşmənlə ən yaxşı “danışığı” Azərbaycan Ordusu özü apardı.
O “sülhyaradan” qrupla hər hansı danışığa ehtiyac qalırsa, o da həmin mənasız adamlardan 30 ilin haqq-hesabını soruşmaqdır. Münaqişə bölgəsində guya müşahidə və monitorinq aparmaq üçün gəlib-yeyib-içib-gedən həmsədrlərin və onlara qoşulan “məzəli” görünüşlü Anjey Kasprşikin əslində bizim torpaqlarda nəyi müşahidə etdiklərini və nəyin monitorinqini apardıqlarını soruşmaq lazımdır.
Məharətlə idarə olunan Azərbaycan Ordusunun ildırım sürətli hücumu əsil həqiqət üzə çıxartdı. Məlum oldu ki, müharibənin odu-alovu içində nərə çəkərək irəli şığıyan pələng əskərlərimiz dalğa-dalğa maneələr aşır, beton çəpərləri dağıdır, kilometrlərlə uzanan hörülü səngərləri keçir, yeraltı yolları, lağımları dəf edirdilər… Məlum oldu ki, yüzlərlə tank, top, raket qurğularını vurduqca vurur, dağıdıb məhv edir, ancaq onların sayı-hesabı bitmək bilmirdi… Məlum oldu ki, bütün bu dəmir-beton maneələr, hörülü istehkamlar, yeraltı tunellər, qurulu səngərlər məhz həmin miskin Minsk qrupunun havayı yeyib-içən “keçisaqqal”larının yastı-yastı danışıqları, yekə-yekə “monitorinq yoxlamaları” dövründə yaradılıb… Məlum oldu ki, min tonlarla silah-sursat, raket-mərmi, tank, top, avtomat, pulemyot onların gözü qarşısında Qarabağa daşınıb. Bu beynəlxalq masştablı fırıldaqçılar isə utanmadan yalan danışa-danışa bizimkiləri arxayın salır, münaqişənin həllini uzadır, yerini möhkəmləndirmək üçün erməniyə daha çox vaxt qazandırırdılar…
Heç kim inkar edə bilməz ki, ermənilər yuxarı Qarabağın ətrafına o istehkamları məhz ATƏT-in “sülhyaratma missiyasının” iştirakı və köməkliyi ilə çəkib, viran qoyulan kəndlərimiz, şəhərlərimiz hesabına onların gözü qarşısında özlərinə müdafiə çənbəri yaradıblar.

Günlərin gözəl bir günü Ali Baş Komandanın hücum əmrini alan cəsur Azərbaycan Ordusu bütün bu 30 illik kələklərin üstünü cəmi 30 gün içində ifşa edib dünyaya göstərdi.
Bu bir möcüzə idi! Hərb tarixinin möcüzəli hücum əməliyyatı!
Cəsur oğullarımız illər uzunu qurulan ağır dəmir-beton maneələri sürətlə dağıtdı, yeraltı tunelləri ləğv etdi, kilometrlərlə uzanan hörgülü səngərləri keçdi və 44 günün içində doğma torpaqlarımızı bir ovuc “öz müqəddəratını təyin edən vəhşi otxodlardan” təmizlədi. Ölümün üstünə gedən igid Azərbaycan əsgərinin qarşısında heç kim və heç nə duruş gətirə bilmədi. 30 ilə yaradılan “təmas xətti” darmadağın edildi.
“Sülhyaradanların” rəsmi Beynəlxalq Missiyası ilə uyğun gəlməyən manipulyativ əməlləri, davranış və hərəkətləri (əslində hərəkətsizliyi), əlbəttə, hüquqi məsuliyyət yüklüdür və əgər haçansa beynəlxalq hərbi tribunallarda separatçı erməni quldurlarının mühakiməsi baş tutarsa, onlarla yanaşı xalqımızın inamından sui-istifadə etmiş həmin avantürist dəstə üçün də oturacaqlar nəzərdə tutulmalıdır.
Deyir, öyrəncəliyə nə tövbə? Müharibədən sonra Azərbaycan Prezidenti dəfələrlə bizim ölkəmizdə “Dağlıq Qarabağ” adlı süni bir anlayışın olmadığını vurğulasa da, bəzi pis niyyətli ölkələr öz bədxahlığından əl çəkmir, ermənipərəst xarici xadimlər yazılı mətbuatda, ekranda-efirdə çıxış edərkən (ya bilərəkdən, ya qabalıqdan) bu ifadəni işlədirlər. Hətta görürsən, o ölkələrin xarici işlər nazirləri öz aralarında danışarkən yenə bizim daxili işlərimizə qarışır, “Dağlıq Qarabağda ermənilərin statusu” və s. mövzusunda Donkixotsayağı müzakirələr aparırlar.
Ancaq 1920-ci illərdən fərqli olaraq indi 2020-ci ilər gedir. Artıq dünya başqa dünyadır. O çox dəyişib. Vaxtilə şaumyanlara, mikoyanlara xüsusi imtiyaz tanıyan bolşeviklər də yoxdur, onların qurduğu eksperimental hakimiyyət də. Əgər bunlar yoxdursa, demək 1922-ci ildə müttəfiq respublikaların daxilində inzibati-amirlik metodu ilə yaradılan bütün ictimai, siyasi, iqtisadi, hərbi qurumlar da yoxdur. O cümlədən heç bir hüquqi statusu qalmayan əski “DQMV” sayağı qondarma qurumlar da avtomatik yoxa çıxıb. 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikasının daxilində indi min illər boyu olduğu kimi, bütöv və bölünməz bir Qarabağ mövcuddur. Dağı ilə, aranı ilə min illərdir bu yurdda var olan və bizim olan bütöv Qarabağ!
Elə hey “Qarabağ problemini” o üz-bu üzə çevirən ermənipərəst əcnəbi qüvvələr belə bir sadə suala ağlabatan cavab verə bilərlərmi: Qafqaza dünən köçürülüb gətirilən bir ovuc erməni tayfası Azərbaycan ölkəsində neçə min illərdir canbir-qəlb, dost-doğma qardaş kimi mehriban yaşayıb monolit Azərbaycan xalqını təşkil edən digər xalqlardan, milli azlıqlardan, etnik qruplardan nəyi artıqdır ki, Qarabağda ermənilərə xüsusi imtiyazla status tələbini daim dövriyyəyə buraxırsınız?! Dərdiniz nədir?!
Amma bu suala bizim cavabımız çoxdan verilib.
İqtidar – Xalq həmrəyliyindən güc alan Şanlı Ordumuzun 44 gün ərzində azad etdiyi hər məntəqəyə sancdığı Qələbə Bayraqları saxta “Qarabağ problemindən” doğan suallara cavab olaraq hər biri bir nida işarəsi kimi ucalırdı: “Qarabağ – Azərbaycandır!”
