Ukraynada əsir götürülən rus əsgərləri arasında Qarabağda və Suriyada xidmət edən sülhməramlıların olduğu barədə məlumatlar yayılıb. Bu məlumatlar yayıldıqdan sonra bir çox insanlar sülhməramlı missiya daşıyan hərbçilərin hansı səbəblərdən döyüşlərə cəlb olunduğunu anlamaqda çətinlik çəkdiklərini deyiblər. Əgər bunlar sülhməramlıdırsa, o zaman necə olur ki, Ukraynada müharibəyə cəlb olunublar. Ümumiyyətlə missiyası sülh olmayan hərbçilərin Qarabağa və ya Suriyaya göndərilməsi nə dərəcədə doğrudur?.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, onlar rus hərbi xidmətçiləridir: “Komandanlıq bu hərbçiləri hara göndərirsə və nə əmr edirsə, onlar da bunu yerinə yetirirlər. İndi də Rusiya hərbi komandanlığı bu hərbçiləri Ukraynada döyüşmək üçün göndərib. Onlar da döyüş zamanı əsir götürülüblər və burada qeyri adi və ağılasığmaz bir hal yoxdur. Hərbi qulluqçu komandanlığın verdiyi tapşırığı sözsüz yerinə yetirməlidir.
Çünki hərbi qulluğa gedəndə onlar and içirlər. Andın mətnində yazılıb ki, əsgər komandirin istənilən əmrini həyatı bahasına olsa belə sözsüz yerinə yetirməlidir. Hərbi qulluqçunu komandanlıq sülhməramlı qoşunun tərkibinə daxil edib Qarabağa və digər bölgələrə göndərə bilər. Yaxud da sülhməramlı missiyadan kənarlaşdıraraq döyüş heyətinin tərkibində müharibəyə göndərməsi mümkündür. Sözsüz ki, əmr yerinə yetirilməlidir və bu hərbçinin vəzifə borcudur”.
Zərdüşt Əlizadənin sözlərinə görə, hərbçinin azadlığı olmur: “Kim ki, orduya cəlb olunur, onlar bilməlidirlər ki, bu sistemdə azadlıq yoxdur. Çünki hərbçi öz iradəsini unudaraq komandanlığın əmrlərini yerinə yetirir. Suriyada və ya Qarabağda sülhməramlı qüvvələrin tərkibində xidmət edən hərbçini sabah komandanlıq Ukraynada döyüşməyə göndərə bilər. Bu zaman hərbçi əmrə tabe olmalıdır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az