“Budəfəki qarın əkin sahələrinə müsbət təsirinin olacağını düşünmürəm. Əgər Rusiyada və digər Şimal ölkələrində olduğu kimi qar yanvar ayından yağıb, mart ayında əriməyə başlayarsa, bu, payızlıq buğdanın normal yetişməsinə və növbəti məhsul bolluğunun artmasına müsbət təsir edə bilər. Qısamüddətli yağıntının isə hər hansı faydası yoxdur”.
Bu sözləri KONKRET.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.

Onun sözlərinə görə, indiki məqamda qarın yağması kənd təsərrüfatı subyektlərinə mənfi təsir göstərəcək:
“İndiki halda ara-sıra qarın yağması kənd təsərrüfatı ilə məşğul olan bəzi sahibkarlara problemlər yaradır. Əsasən, heyvandarlıqla məşğul olanlar, yem ehtiyatı zəif olan təsərrüfatlar qarın fəsadlarını daha çox hiss edəcək. Yəni xırda və iribuynuzlu mal-qaranın, davarların çöl şəraitində otarılması çətinləşir. Odur ki, əlavə ot ehtiyatına tələbat yaranır. Yemin daşınması isə sahibkarlara həm də maliyyə itkisi hesabına başa gəlir. Hava şəraitinin qısamüddətli əlverişsiz keçməsi yalnız çətinliklər vəd edir”.
Vaqif Nəcəfov,
KONKRET.az
