Yay aylarında ən çox istifadə olunan qidalardan biri olan qarpızın pendirlə birlikdə yeyilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri bu qidaların birlikdə qəbulunun həzm sisteminə zərər verdiyini iddia etsə də, mütəxəssislər bunun elmi əsasının olmadığını bildirirlər.
Bəs qarpız və pendiri birlikdə yemək sağlamlıq üçün təhlükəlidirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida texnoloqu Ağa Salamov bildirib ki, sağlam insanlarda qarpız və pendirin birlikdə qəbul edilməsi təhlükəli hesab olunmur.

Ağa Salamov
Onun sözlərinə görə, qarpız əsasən su və sadə şəkərlərdən, pendir isə zülal və yağlardan ibarətdir:
“Bəzi həssas insanlarda bu fərqli tərkib şişkinlik, köp və ya həzmsizlik hissi yarada bilər. Lakin bu, qidaların bir-biri ilə “uyğunsuz’” olmasından deyil, fərdi həzm xüsusiyyətlərindən qaynaqlanır.
Laktoza dözümsüzlüyü olan şəxslərdə pendir qəbulundan sonra qarında ağrı, köp və ishal müşahidə oluna bilər.
Bu halda problem qarpızdan deyil, süd məhsulundan qaynaqlanır”.
Ağa Salamovun sözlərinə görə, şəkərli diabet və ya qan şəkərinin tənzimlənməsində problemi olan şəxslər qarpızın porsiyasına xüsusi diqqət yetirməlidirlər:
“Pendir qarpızın tərkibindəki şəkərin sorulmasını müəyyən qədər ləngidə bilər. Lakin bu, porsiya nəzarətini əvəz etmir və qarpızın həddindən artıq qəbulunu əsaslandırmır.
Duzlu pendirlər yüksək natrium tərkibli olduğundan hipertoniya və böyrək xəstəliklərindən əziyyət çəkən şəxslər bu məhsulu məhdud miqdarda istehlak etməlidirlər”.
Sonda ekspert vurğulayıb ki, hazırkı elmi araşdırmalar qarpız və pendirin birlikdə yeyilməsinin həzm sisteminə xüsusi mənfi təsir göstərdiyini təsdiqləmir:
“Əgər bu kombinasiyadan sonra davamlı köp, qarın ağrısı və ya digər narahatlıqlar yaranırsa, bunun səbəbi fərdi həssaslıq ola bilər. Belə hallarda həkimə müraciət etmək tövsiyə olunur.”
Aynurə İsmayıl
KONKRET.az
