Qazaxıstanda çətin meteoroloji şəraitlə əlaqədar Astana-Qaraqanda, Astana-Pavlodar və Astana-Kokşetau avtomobil yolları müvəqqəti bağlanıb. Çətin vəziyyətdə qalan 500-ə yaxın sərnişin dərhal dəmir yolu nəqliyyatına yönləndirilib.
KONKRET.az “Qazaxıstan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, ən çox sərnişin – 202 nəfər Kurort-Borovoye stansiyasından Astanaya çatdırılıb. Daha 100 nəfər Sarıbel stansiyasından Qaraqandaya və paytaxta göndərilib.
Makinka, Eltay və Akkol stansiyalarından Astanaya isə 76 sərnişin çatdırılıb. Ekibastuzdan dəmir yolu ilə 63, Ereymentau stansiyasından isə 52 sərnişin yola düşüb.
Çətin hava şəraitində dəmir yolu nəqliyyatı ən etibarlı və təhlükəsiz nəqliyyat vasitələrindən biri olaraq qalır.
Bildirilir ki, Qazaxıstanın milli daşıyıcısı sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün bütün lazımi tədbirləri görməyə davam edir və vətəndaşları zərurət olmadıqca uzaq məsafələrə səfərə çıxmaqdan çəkinməyə çağırır.
KONKRET.az