“Qərb Ermənistanın rus boyunduruğundan azad edilməsi üçün lazım olan hər şeylə kömək edəcək” – Qriqoryanbackend

“Qərb Ermənistanın rus boyunduruğundan azad edilməsi üçün lazım olan hər şeylə kömək edəcək” - Qriqoryan

Rusiyanın Ukrayna cəbhəsində vəziyyəti heç də ürəkaçan deyil. Bunu sübuta yetirmək üçün bir çox faktlar mövcuddur. Görünən odur ki, Kreml müharibənin gedişində dönüş etmək iqtidarında olmadığını anladığından Kiyevlə barışığa cəhd göstərir. Rusiya prezidenti Vladimir Putinin göstərişinə əsasən, hərbçilərə yanvarın 6-da saat 12:00-dan etibarən bütün təmas xətti boyunca 36 saat ərzində atəşi dayandırmaq əmri verilib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Bu, Rusiya rəhbərliyinin məcburi addımı kimi dəyərləndirilə bilər. Görünən odur ki, Rusiya yavaş-yavaş aşağı yuvarlanır. Batan Rusiyanın öz müttəfiqlərini də məhv edəcəyindən qorxuya düşən Ermənistan isə özünü xilas etmək üçün Putinin “gəmi”sindən tullanmağa çalışır. Əks halda Rusiya Ermənistanı da özü ilə dibə çəkəcək. Amma bu, məsələnin başqa tərəfidir. Əsas mövzu isə Putin imperiyasının sonunun yaxınlaşdığı haqda Qərb dairələrində yayılan söz-söhbətlərdir. Həm də təkcə söhbətlər yox, faktlar da beynəlxalq ictimaiyyətə təqdim olunur.

Məsələn, Avropada Ukrayna əsgərlərinin təlimi üzrə EUMAM missiyasının rəhbəri, vitse-admiral Herve Blezhan öz qiymətləndirməsində sözün əsl mənasında şok yaşadıb. Onun fikrincə, Rusiya ordusu müharibənin əvvəlindən noyabrın 16-na qədər dəhşətli dərəcədə itkilər verib: döyüş tankları – ümumi ehtiyatın 60% itkisi, yerdəki hədəfləri vurmaq üçün raketlər – ümumi ehtiyatın 70%-i, zirehli personal daşıyıcıları – 40% itki, artilleriya – 20% itki. O vaxtdan bəri bu rəqəmlər daha da artıb. Ukrayna tərəfinin məlumatına görə, ölən rus hərbçilərinin sayı 110 min nəfərə çatıb.  Bundan əlavə, 3041 tank, 271 helikopter və 284 təyyarə itirib. Bunlar nəhəng itkilərdir və Kreml bu itkilərin əvəzini ödəyə bilmir. Əslində, buna görə də Rusiya barışıq istəyir. Ancaq onun cavabında nə aldığını görürük.

Digər tərəfdən BMT baş katibinin mətbuat katibi Rusiya prezidenti Vladimir Putinin Milad bayramı atəşkəsi elan etmək qərarını şərh edərkən deyib: “Heç bir müvəqqəti atəşkəs BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq Ukraynada ədalətli sülhü əvəz edə bilməz”. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays da eyni ruhda danışıb. “ABŞ Rusiyanın elan etdiyi “Milad atəşkəsi”nə o qədər də inanmır. Təəssüf ki, onlar (RF) bizə təklif etdikləri şeylərə inanmaq üçün heç bir əsas vermədilər”. Bundan əlavə, Prays əlavə edib ki, ABŞ Rusiyanın öz qoşunlarını yenidən qruplaşdırmaq üçün “istənilən fasilədən” istifadə edə biləcəyindən ehtiyatlanır. Bundan əlavə, ABŞ prezidenti Bayden və Almaniya kansleri Şolz “lazım olduğu müddətdə Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstəyi davam etdirməkdə qərarlı olduqlarını” ifadə ediblər. Bu məqsədlə ABŞ Ukraynaya “Bradley”, Almaniya isə “Marder” piyada döyüş maşınları vermək niyyətindədir. Hər iki ölkə Ukrayna qüvvələrinə müvafiq sistemlərlə işləmək üçün təlim keçməyi planlaşdırır. Sadalanan faktlar göstərir ki, Ukrayna bu şərtlər altında Rusiya ilə barışığa getmək istəmir, Qərb isə Kiyevi dəstəkləməklə Putini məhv etməkdə israrlıdır.

Qeyd edək ki, ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin akkumulyatorunu bağışladığını elan edib. Almaniya isə Kiyevə əlavə Patriot hava hücumundan müdafiə batareyası verməklə ABŞ-ın addımına qoşulub. Və bu sonun başlanğıcıdır. Rusiyanın vəziyyətinin heç də ürəkaçan olmadığını söyləmək üçün sadaladığımız faktlara istinad etmək kifayətdir.

İndi isə keçək bütün baş verənlərdən qorxuya düşən, ən yaxın müttəfiqinin batdığını görərək, onu daha da uçurumun dibinə yuvarlayan, özü isə xəyanət bahasına xilas olmağa çalışan Ermənistana… Rəsmi İrəvanda hesab edirlər ki, təcili KTMT və Aİİ-dən çıxmaq lazımdır. Çünki Rusiyanın Ermənistanı və “Artsax”ı müdafiə etmək iqtidarında olmadığına görmək üçün xeyli faktlar var.

Məsələn erməni analitik Qalust Qriqoryan hesab edir ki, Gümrüdəki Rusiya hərbi bazası artıq ölkənin təhlükəsizliyini təmin etmək gücündə deyil: “Eyni zamanda bu hərbi baza bütün dünyaya Ermənistanın Rusiyadan asılılığının dərəcəsini göstərir. Eləcə də ölkəmizin KTMT, Gİ, Aİİ, MDB-yə üzvlüyü asılılığımızı sübuta yetirir. Burada miqyas deyil, faktın özü önəmlidir. Rusiyanın reaksiyasından qorxmamalıyıq. Heç kimə heç nə edə bilməz. Amma Qərb bizə kömək edəcək. Silah, maliyyə və Ermənistanın rus boyunduruğundan azad edilməsi üçün lazım olan hər şeylə…” – deyə Qriqoryan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*