“Bakıda 167 saylı orta məktəbdə istilik sistemi işləmir”.
KONKRET.az xəbər verir ki, bu iddia ilə politoloq Elxan Şahinoğlu çıxış edib.
Politoloq qeyd edib ki, övladı məktəbdən evə xəstə qayıdıb:
“Qızım yenidən məktəbə gedəcəyi günə sevinirdi. Bu gün gedib məktəbə, soyuqlayıb geri dönüb. Təhsil Nazirliyinə müraciət edirəm, bir ilə yaxındır məktəblər bağlıdır, kifayət qədər zamanınız olub, niyə məktəbləri açmağa hazırlaşdığınız günlərdə istiliyin verilib-verilməməsiylə maraqlanmamısınız?”
Sözügedən orta məktəbin direktoru Qasım Qasımov politoloqun şikayətini cavablayıb:
“Bununla ikinci dəfədir məktəb haqqında yanlış və əsası olmayan məlumat verirsiniz. Məktəbdə istilik sistemi normaldır, tam nəzarət altındadır, şagirdlər və məktəblinin dostu da təsdiq edə bilər. Məktəbə bir valideyn kimi gəlib canlı şahidi ola bilərsiniz. Mərkəzləşdirilmiş istilik sistemi olsa da, istilik normal halda verilir. Məktəb-valideyn münasibətlərinin düzgün istiqamətdə qurulmasına xüsusi diqqət yetirilir”.
Elxan Şahinoğlu direktorun cavabını cavabsız qoymayıb:
“Mən siyasi ekspertəm və heç zaman əsası olmayan xəbər paylaşmıram. Qızım donmuş halda evə gəlib. İstilik sistemi lazımi səviyyədə işləsəydi, övladım üşüməzdi. Mən gördüyümə inanıram”.
Sonda isə direktor politoloqu məktəbə dəvət edib:
“Mən də sizə təşəkkür edirəm! Valideyn və məktəb ərazisinə yaxın olduğunuzu nəzərə alıb məktəbə vaxt tapıb gəlməyinizi xahiş edirəm.Öncədən təşəkkürlər!”
Vəsilə İbrahim
KONKRET.az
