Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Firdovsi Hüseynovun cinayət işinin bəzi detalları məlum olub.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Firdovsi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, hadisə 2026-cı il fevralın 17-dən 18-nə keçən gecə Bakı şəhəri, Nizami rayonu ərazisində baş verib.
Belə ki, Firdovsi Hüseynov qızı ilə onun nişanlısı, zərərçəkmiş Rəşad Hüseynov arasında yaranmış mübahisələri aydınlaşdırmaq məqsədilə sonuncu ilə görüşüb. Həmin gün saat 23:50 radələrində zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə təqsirləndirilən şəxsin yaşadığı binanın qarşısına gəlib.
Rəşad zəng edərək Firdovsi Hüseynovla görüşüb danışmaq istədiyini deyib. Təqsirləndirilən şəxs həmin vaxt yaşadığı mənzildən mətbəx bıçağını götürərək gödəkçəsinin sol daxili cibinə qoyub və Rəşadla görüşüb.
Daha sonra onlar zərərçəkmiş şəxsin idarə etdiyi avtomobillə digər ünvana gəliblər.
Avtomobildə Rəşadın Firdovsi Hüseynovun qızı barədə nalayiq ifadələr işlətməsi səbəbindən aralarında mübahisə yaranıb. Təqsirləndirilən şəxs bu zaman qisas almaq niyyəti ilə əvvəlcədən özü ilə götürdüyü bıçağı cibindən çıxarıb və zərərçəkmiş şəxsi öldürmək məqsədilə ona zərbə endirməyə çalışıb. Rəşad isə bıçağın tiyəsindən əli ilə tutaraq müqavimət göstərib. Nəticədə Firdovsi Hüseynov ilkin niyyətinə nail ola bilməyib, lakin Rəşadın sağ əlinin birinci barmağının distal falanqasında kəsilmiş yara yaranıb.
İttihamda həmin xəsarətin sağlamlığa zərər vurmayan və dərəcəsi müəyyən edilməyən xəsarət olduğu göstərilir.
Bundan sonra zərərçəkmiş şəxs bıçağın tiyəsini buraxıb avtomobildən düşüb və yaralanmış əlini bağlamaq üçün maşının yük yerinə yaxınlaşıb.
Firdovsi Hüseynov bununla kifayətlənməyərək avtomobildən düşüb Rəşadın arxasınca gedib. O, əlindəki bıçaqla zərərçəkmiş şəxsin həyat üçün mühüm əhəmiyyət daşıyan orqanlarının yerləşdiyi döş qəfəsi nahiyəsinə güclü zərbə vurub. Bıçaq zərbəsi nəticəsində Rəşadın döş qəfəsinin ön divarının sağ yarısında plevra və periton boşluqlarına nüfuz edən deşilmiş-kəsilmiş yara əmələ gəlib.
Daha sonra Rəşad özünü müdafiə etmək məqsədilə növbəti bıçaq zərbələrindən yayınaraq hadisə yerindən uzaqlaşıb. Firdovsi Hüseynov onu təqib edib. Zərərçəkmiş şəxsin yoldan keçən şəxslərdən kömək istəməsindən sonra çağırılan təcili tibbi yardım briqadası onu vaxtında xəstəxanaya çatdırıb və göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olub.
İstintaqın qənaətinə görə, Rəşadın həyatının xilas olması təqsirləndirilən şəxsin iradəsindən asılı olmayan səbəblərdən baş verdiyinə görə onun qəsdən öldürməyə yönəlmiş əməli başa çatmayıb.
Məhkəmədə ifadə verən Firdovsi Hüseynov elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini deyib. O, hadisə günü Rəşadın ona zəng edərək evdə olub-olmadığını soruşduğunu və həyətə düşməsini istədiyini söyləyib.
Təqsirləndirilən şəxs əvvəlcə həyətə düşmədiyini, Rəşadın 10-15 dəqiqə sonra yenidən zəng edərək onu həyətdə gözlədiyini dediyini bildirib.
Onun sözlərinə görə, Rəşadı çox istəyib və heç vaxt ona qarşı pis münasibətdə olmayıb. Rəşadın əsəbi insan olduğunu bildiyini deyən Firdovsi Hüseynov bıçağı götürməkdə məqsədinin onu vurmaq olmadığını vurğulayıb. O, zərərçəkmişin ikinci zəngindən sonra həyətə düşərək onun idarə etdiyi avtomobilə əyləşdiyini deyib.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, avtomobildə Rəşad ona qızının “ağzını yummağı” deyib. Daha sonra birlikdə su almağa gediblər və mağazadan qayıtdıqdan sonra Rəşad yenidən qızı barədə danışmağa başlayıb.
“Daha bəsdirin, mən bacara bilmirəm, bütün qonşular sizdən danışır”, – deyə Firdovsi Hüseynov həmin vaxt bıçağı çıxardığını bildirib.
Onun sözlərinə görə, Rəşad bıçağın tiyəsindən tutub və əlinin kəsildiyini deyib. Təqsirləndirilən şəxs isə bıçağı buraxmasını istəyib və zərərçəkmiş də tiyəni buraxıb.
Daha sonra Firdovsi Hüseynov təxminən 20 saniyə başı aşağı vəziyyətdə avtomobildə oturduğunu, öz-özünə “Allah, bu nədir mənimlə baş verir” dediyini söyləyib.
O, Rəşadın avtomobildən düşməsindən sonra onun yük yerindən nəsə götürdüyünü düşündüyünü, lakin hava qaranlıq olduğundan nə etdiyini dəqiq görmədiyini bildirib.
Təqsirləndirilən şəxsin ifadəsinə əsasən, Rəşaddan iki-üç dəfə yük yerindən nə götürdüyünü soruşub və onun istiqamətinə asta-asta addımlayıb.
Firdovsi Hüseynov Rəşada bıçaq zərbəsi vurmadığını, zərərçəkmişin üzərinə gəldiyi zaman bıçağın ona toxunduğunu iddia edib: “Rəşad mənim üzərimə gəlməsə idi, bıçaq ona toxunmayacaqdı”.
Təqsirləndirilən şəxs məhkəmədə Rəşadı ürək nahiyəsindən vurmaq niyyətində olmadığını deyib. O bildirib ki, bıçağı göstərməkdə məqsədi Rəşadın avtomobilin yük yerindən nəsə götürməsinin qarşısını almaq və onu qorxutmaq olub.
Firdovsi Hüseynov törətdiyi əməldən peşman olduğunu, baş verən hadisəyə görə əziyyət çəkdiyini deyib.
