Son illər Azərbaycanda toy, ad günü və digər mərasimlərin keçirilməsində dəbdəbə və israfçılıq halları geniş yayılıb. Bir çox ailə cəmiyyətin gözləntiləri və “qonşudan qalma dala” prinsipi ilə maddi imkanlarını aşan xərclərə gedir. Xüsusilə toy mərasimlərində zamanla formalaşan müxtəlif adətlər ailə büdcəsinə ciddi yük yaradır.
Bəs dəbdəbəli mərasimlərdən imtina edərək qədim və daha sadə adət-ənənələrə qayıtmaq mümkündürmü?
Məsələ ilə bağlı KONKRET.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, toy və digər mərasimlərə dövlət tərəfindən inzibati müdaxilə edilməsi məqsədəuyğun deyil.

Onun sözlərinə görə, bu cür mərasimlər xalqın yaşatdığı adət-ənənələrdir və cəmiyyət özü həmin prosesləri tənzimləməlidir:
“Belə yanaşmalar, belə mərasimlərlə bağlı dövlət müdaxiləsi, inzibati müdaxilə bir qədər məqsədəuyğun deyil. Bunlar el-oba adətləridir, cəmiyyətin yaşatdığı törələrdir. Amma əlbəttə ki, cəmiyyət öz-özlüyünü tənzimləyən sistem kimi bu məsələləri də qaydaya salmalıdır”.
Sosioloq qeyd edib ki, toyların bəzən həddindən artıq israfçılıq və nümayişkarlıq şəraitində keçirilməsi düzgün yanaşma deyil:
“Toylar bəzən aşırı israfçılıq şəraitində keçirilir. Sosial auditoriyaya hesablanmış, göstərişli və dəbdəbəli toylar olur. Bu, bizim dini və ictimai dəyərlərimizə də uyğun deyil. Çünki dini dəyərlərdə də belə əlamətdar günlərin həddindən artıq təmtəraqlı şəkildə qeyd olunması məqbul sayılmır”.
Ü. Şəfiyev hesab edir ki, insanlar mərasim keçirərkən ilk növbədə öz ailə büdcələrini nəzərə almalıdırlar. Onun fikrincə, sonradan formalaşan bəzi dəbdəbəli adətlər isə ailələrin əlavə xərcə düşməsinə səbəb olur:
“Cəmiyyətimiz çalışmalıdır ki, belə mərasimlər ailə büdcələrinə ziyan vurmasın. Bəzən aşpazlar və digər xidmət göstərən şəxslər toy və mərasimlərə əlavə elementlər qatırlar. Bu da öz biznes məqsədləri üçün edilən addımlardır”.
Sosioloq insanların toy və yas mərasimlərini daha sadə və təvazökar şəkildə keçirməsinin vacibliyini vurğulayıb:
“İnsanlar toy və yas mərasimlərini elə mütəşəkkil və mütərəqqi, eyni zamanda təvazökar keçirsinlər ki, başqaları da onlara baxıb təmtəraqlı toylardan imtina etsinlər. Sadə, mütavazi toylar həyata keçirilməlidir”.
Ü. Şəfiyevin sözlərinə görə, bu istiqamətdə imkanlı şəxslərin nümunə göstərməsi də mühüm rol oynaya bilər:
“Bunun üçün hesab edirəm ki, zəngin insanlar örnək göstərməlidirlər. Düşünürəm ki, bu məsələdə əsas mexanizm inzibati müdaxilə yox, cəmiyyətin özünü tənzimləməsi olmalıdır”.
Beləliklə, ekspertin fikrincə, dəbdəbəli mərasimlərin qarşısının alınmasının ən effektiv yolu qadağalar deyil, cəmiyyətdə sadəliyə və israfdan uzaq davranışa üstünlük verən yanaşmanın formalaşdırılmasıdır.
Aynurə İsmayıl
KONKRET.az
