Rusiyanın paytaxtı Moskva şəhərində yaddaşın həddindən artıq dolması səbəbindən smartfonun partlaması baş verib. Nəticədə gənc qız böyük təhlükədən son anda xilas olub.
KONKRET.az xəbər verir ki, “SHOT” teleqram kanalının yaydığı məlumata görə, 25 yaşlı Diana 1 terabayt yaddaşı olan “iPhone 15 Pro Max” markalı telefondan iki il ərzində istifadə edib. O, hər gün foto və videolar çəkərək yaddaşın hər şeyə bəs edəcəyinə əmin olub. Lakin son zamanlar cihazın yaddaşı demək olar ki, tamamilə dolub və ekranda davamlı olaraq “yaddaş demək olar ki, doludur” bildirişi görünüb. Qız isə vaxtlı-vaxtında yaddaşı təmizləməyi unutub.
Bir neçə gün əvvəl evdə olarkən Diananın telefonu daxili qızma və qısa qapanma səbəbindən tüstülənməyə və deformasiyaya uğramağa başlayıb. Qısa müddət sonra cihazda yanğın baş verib. Diana evdəki alovu özü söndürə bilib. Onun sözlərinə görə, əgər həmin anda telefon onun əlində olsaydı, nəticələr daha ağır ola və əli parçalana bilərdi.

Natiq Səlim,
KONKRET.az
