Azərbaycan Demokratiya və Rifah Hərəkatı Təhsil işçilərinə müraciət etdi.
Bu barədə ADR-in lideri, tanınmış iqtisadçı Qubad İbadoğlu “Facebook” sosial şəbəkəsindəki profilində məlumat verib. Müraciətdə ölkəmizin ali müəssisələrinin dünyanın qabaqcıl ali təhsil ocaqları ilə rəqabətə hələ də hazır olmadığını vurğulayaraq, istər orta məktəblərdə, istərsə də ali məktəblərdə vəziyyətin qənaətbəxş olmadığını əsas gətirərək, təhsil işçilərini öz vəzifələrinə məsuliyyətlə yanaşmalı olduqları bildirilir.
“Hörmətli müəllimlər!
Bu gün, sentyabrın 16-ı yeni dərs ili başlayır. Bu dərs ili eyni zamanda vətəndaşlarımızın firavan gələcəyə, ölkəmizin ərazi bütövlüyünün bərpasına ümidlərinin puç olduğu, milli dövlətçiliyimizin sosial və siyasi böhranlara sürükləndiyi bir dövrdə başlayır. Bu mürəkkəb şəraitdə cəmiyyətimizin bütün təbəqələrinin, siyasi yönümündən, sosial statusundan, dini inancından, peşə statusundan, hansı bölgədən olmasından və hansı dildə danışmasından asılı olmayaraq bütün yurddaşlarımızın yerinə yetirəcəyi vəzifələr var. Bu sırada strateji fəaliyyət sahəsi olan təhsil sisteminin aparıcı qüvvəsi olaraq Sizlərə gənc nəslin elmin, sosial həyatın qapılarını açmaq, öz istedadlarını kəşf etmək, imkanlarını tam dərk etmək, insan hüquq və azadqlarına sahib çıxmaq, bir sözlə, milli, bəşəri dəyərlərə malik insan yetişdirmək kimi həyatı vacib missiyalar nəsib olmuşdur. Bu missiyanı layiqincə yerinə yetirməyə çalışan məktəblərimiz, məktəb direktorlarımız, müəllimlərimiz və az da olsa müasir məktəb binalarımız vardır. Amma istər tam orta məktəb şagirdlərinin, istərsə də ali təhsil tələbələrinin bilik və bacarıq səviyyələri qənaətbəxş deyildir. Təəssüflə qeyd olunmalıdır ki, beynəlxalq səviyyədə keçirilən bilik yarışlarında şagirdlərimizin adına az rast gəlinir. Ölkəmizin ali təhsil müəssisələri dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə rəqabətə hələ də hazır deyildir. Dünyanın aparıcı institutlarının tərtib etdikləri reytinqlərdə ölkə unversitetləri layiqli yer ala bilmir. Daha bir vacib problem də bizim məktəblərdə və orta təhsildən sonrakı təhsil müəssisələrində Azərbaycanı irəliyə aparacaq bacarıqlı, müasir dəyərləri inkişaf etdirıən gənclərin yetişdirilməsi ilə bağlıdır. Hazırkı təhsil sistemi uşaqların istedadlarını kəşf etməsinə, inkişaf etdirməsinə və məktəbi qabiliyyətlərinə inanan şəxs kimi bitirməsinə maneçilik törədir. Bu onları arzu və istəklərinin arxasınca getməyə, elmdə, ictimai – siyası həyatda fəal iştiraka sövq etmir.
Hörmətli təhsil işçiləri,
Azərbaycan Demokratiya və Rifah Hərəkatı ümid edir ki, siz Azərbaycan müəllimləri yuxarıda qeyd etdiyimiz problemlərin həlli istiqamətində yeni tədris ilində səylərinizi artıracaq, gənc nəslin təlim – tərbiyəsinə müasir tələblər baxımından qurulmasına töhfələrinizi çoxaldacaqsınız.
Təhsil işçilərini, o sırada müəllimləri, şagirdləri, tələbələri Yeni dərs ilinin başlaması – “Bilik günü” münasibəti ilə təbrik edirik və fəaliyyətinizdə uğurlar arzu edirik”
Konkret.az
