Qurbanov onun gedişini təsdiqlədi: “Qısa söhbətim olub, mənə çətindir…”backend

Qurbanov onun gedişini təsdiqlədi: “Qısa söhbətim olub, mənə çətindir...

“Kubokun finalı yaxşı, baxımlı, dinamik oyunla mövsümə damğa vurdu. Azarkeşlərimizə təşəkkür edirəm”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalında “Zirə”yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

2:1 hesablı qələbəni şərh edən mütəxəssis rəqib haqda da xoş sözlər söyləyib:  “Qarşımızda dinamik, istəkli komanda var idi. Sona qədər təslim olmadılar. “Zirə” çox ağıllı müdafiə olunurdu. Onlara bu gün alqış düşür, çox yaxşı mövsüm keçirdilər. Rəhbərliklərinə də uğurlar arzulayıram. Futbolçularım çempionluğu və kuboku qazandılar. Çox uğurlu mövsüm keçirdik. Çox böyük işlər gördülər. Uğurdan sonra bəzən istər-istəməz futbolçularda istək azalır. Amma çalışacağıq istəyi çoxaldaq ki, yeni mövsüm daha yaxşı olsun”.

O, son illərdə mükafatlandırma mərasimində olmamağının səbəbini də izah edib: “Elə bir səbəbi yoxdur. Sadəcə futbolçular haqq edirlər bunu. Say çox olur. Həmişə məni görürsünüz, qarşınızda oluram. Futbolçularımın mükafatlandırmaya çıxmaları bəs edir”.

Q.Qurbanov “İkinci dueldə də Rəşad Sadıqov sizə uduzdu. Onun komandasının sizi udması üçün neçə il lazımdır” sualını isə belə cavablandırıb: “Bu suala necə yanaşım bilmirəm. Hesabda uduzdular, amma… Onların büdcəsi ilə bizim büdcəmiz eyni deyil. Amma onların performansını görürsünüz. Bu gün çox büdcəsi olan komandalar 4-5-ci olub. Rəşad Sadıqovun komandası isə 2-ci yeri. Dərindən düşünsək, çox böyük iş gördü. Bu gün də bu büdcə ilə ikinci olub, kubokda finala çıxdılar, son dəqiqələrdə uduzdular. Bu qalibiyyət kimi nəticədir. “Zirə”nin fəaliyyətinə, büdcəsinə görə bəlkə də Rəşad bizə qalib gəldi”.

Q.Qurbanov bu gün karyerasını başa vuran komandanın kapitanı Maksim Medvedev haqda da danışıb: “Qısa söhbətim olub. Onun komandanı tərk etməsi mənim üçün çətindir. Ümumən o, Azərbaycan futbolu üçün fayda verib. Məşqçi olmaq istəyir. Qarşıdakı günlərdə klub rəhbərliyi ilə danışıqlar olacaq”.

Baş məşqçi Aleksey İsayevin performansı ilə bağlı suala da cavab verib: “Mən ondan razıyam. Komanda üçün də effekt verir. Komandadakı rəqabəti görürsünüz. Əgər 11 futbolçu ilə mövsümü başa vura biləcəyimizi düşünsək, başqa oyunçu götürmərik. Sadəcə rəqabəti artırmaq lazımdır. Futbolçularım da özlərini yaxşı tərəfdən göstərirlər. Alekseyə güvənirəm”.//QOL.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*