“Vətən müharibəsindən öncə sanki yarımçıq qalmışdıq… Müharibədə qazandığımız Zəfərimizdən sonra, nəhayət, özümüzü bütöv hiss etməyə başladıq. Bütün Azərbaycan xalqı əl-ələ verdi, hamımız birləşdik, həmrəy olduq… Bax, bu birliyi əvvəllər görmürdüm, amma indi həmrəyliyi, vətənpərvərliyi, bütövlüyü görürəm. İqtidar-müxalifət, bütövlükdə bütün Azərbaycan həmrəydir. Baxın, bu gün Vətən müharibəsindən altı il ötür və günün ikinci yarısıdır, lakin Zəfər parkına insan axını hələ də davam edir. Bu mənzərəni görmək – sözlə izah edilməsi çox çətin olan möhtəşəm bir duyğudur”.
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində ABŞ-də yaşayan sabiq spiker Rəsul Quliyevin qızı Xanım Quliyeva 27 sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarəti zamanı deyib.
Xanım Quliyeva xaricdə yaşayan azərbaycanlı olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hansı işlər gördüyü barədə sualı belə cavablandırıb: “Xocalı faciəsi, 20 Yanvar kimi Azərbaycanın qan yaddaşını, həmçinin Azərbaycanla bağlı əlamətdar tarixi günləri sosial şəbəkələrdə paylaşırıq, səfirlikdə, yaşadığımız yerdə azərbaycanlılarla birgə toplanıb şəhidlərimizi yada salırıq. Həmçinin Azərbaycanda qeyd edilən bayram günlərində də bir yerdə oluruq. Qürbətdə yaşadığımıza baxmayaraq, çalışırıq ki, Azərbaycanla bağlı ənənələri qoruyub saxlayaq”.
O, gələcəkdə Azərbaycana köçməyi planlaşdırdığını da qeyd edib: “Həyat yoldaşımla bu barədə həmişə danışıram. 30 ildir ki, Azərbaycanda olmamışdım. Ötən il ilk dəfə oğlum və həyat yoldaşımla Bakıya gəldik. İnanın ki, ilk gəlişimiz sehirli bir dünya kimi idi. Prezident cənab İlham Əliyev sağ olsun ki, onun qətiyyəti, iradəsi nəticəsində, gözəl idarəçiliyi ilə Qarabağı görə bildik. Burada şəhidlərimizin ruhlarına dua etdiyimiz kimi, Prezident cənab İlham Əliyevə də ayrıca təşəkkür düşür. O olmasaydı, bu gün biz hələ də tam, bütöv Azərbaycan ola bilməzdik. Minnətdaram… Qarabağdakı təəssüratımı hələ həyatımda heç yerdə qazanmamışam. Həyat yoldaşıma deyirəm ki, gələcəkdə nə vaxtsa pensiyaya çıxanda çox istərdim, Qarabağda bir yer alaq, ömrümüzü orada davam edək”.
Qeyd: Ziyarətdə R.Quliyevin fəxri üzv olduğu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu və rəhbərlikdə təmsil olunan digər şəxslər iştirak ediblər.
