Rusiya “sülhməramlı” kontingentinin bir hissəsini Dağlıq Qarabağdan Ukraynaya köçürür.
KONKRET.az Ukrayna Xəbər Agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“İşğalçı qoşunların itkilərini təcili olaraq kompensasiya etmək üçün RF Silahlı Qüvvələri “sülhməramlı” kontingentin bir hissəsini Dağlıq Qarabağdan (Azərbaycan) Ukraynaya köçürür”, – deyə məlumatda bildirilir.
Həmçinin, mövcud məlumata görə, başqa ölkələrdən (Suriya, Serbiya) çoxlu sayda muzdlu döyüşçülər gətirilir.
Bundan əlavə, martın 9-10-da Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasının (Gümrü, Ermənistan) 800 hərbçisi daha sonra Ukraynadakı döyüş bölgəsinə göndərilmək üçün Rusiyaya köçürülüb.
Həmçinin, Sakit Okean Donanmasının 40-cı Əlahiddə Dəniz Briqadasının (Petropavlovsk-Kamçatski) 1500 nəfərə qədəri dəmir yolu ilə Belarus Respublikasına göndərilir.
Baş Qərargah bildirir ki, əsas raket hücumu xəbərdarlığı mərkəzində (Solneçnoqorsk) Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün şəxsi heyət seçilir.
Ukrayna Xəbər Agentliyinin məlumatına görə, Rusiya Ukraynada hərbi əməliyyatlar aparmaq üçün Abxaziya və Cənubi Osetiyadan hərbi muzdlular cəlb edir.
Rusiya taktikasını dəyişərək “Suriya variantı”na – şəhərlərin mühasirəyə alınmasına və terroruna keçib.
Ən çox əziyyət çəkən şəhərlər Mariupol, Xarkov, Axtırka, Sumi vilayəti və müəyyən dərəcədə Nikolayevdir.
Bundan əlavə, Rusiya hərbçiləri Kiyev yaxınlığında cənub-qərbdə Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa çalışır. Siverski istiqamətində düşmən Çerniqov müdafiəsini yarmağa çalışarkən qarşısı alınıb.
Xuraman Etibarlı,
KONKRET.az
