Ukraynaya təcavüzü səbəbindən ABŞ və Qərbin sanksiyaları ilə üz-üzə qalan Rusiya yaxşı münasibətləri olduğu ölkələrdən də zərbə alacağını gözlədiyindən alternativ addımlar atmaq məcburiyyətindədir. Ona görə də, Rusiya İrandan özünə qarşı sanksiyalara qoşulmayacağına dair təminat istəyib. Rəsmi Tehranın hansı addımları atacağı, Qərblə sövdələşməyə gedib-getməyəcəyi sual altındadır. Bəs özünə yaxın olan dövlətlərdən təminat alması Rusiyanın çıxılmaz vəziyyətdə olduğunu və saman çöpündən yapışdığını deməyə əsas verirmi?.
KONKRET.az mövzunu politoloq Zaur Məmmədovla müzakirə edib. Politoloq bildirib ki, Rusiyanın ən çox qorxduğu məqamlardan biri də Venesuelanın enerji resurslarının Avropa İttifaqı ölkələrinə nəqli ilə bağlıdır: “Artıq Venesuela ilə ABŞ arasında bu istiqamətdə gizli görüşlərin olduğu da məlumdur. Rusiya üçün maraqlı olan ən böyük məsələlərdən biri də İranın və Qətərin Avropa İttifaqı ölkələrinə maye-qaz və neft ixrac edib-etməyəcəyi ilə bağlıdır. Qətərin qarşısını Suriya kəsib. İranın xəbərdar edilməsi isə Rusiya üçün olduqca vacibdir. Çünki İranın enerji ehtiyatları Rusiyanın neft və maye-qazına alternativ ola bilər. Digər tərəfdən İranda mühafizakarlar və islahatçılar arasında fikir ayrılıqları mövcuddur. İslahatçılar ABŞ, Böyük Britaniya və Fransa ilə anlaşmaya getmək istəyirlər. Onlar indi də düşünürlər ki, Rusiyanın təhdidlərinin heç bir əhəmiyyəti yoxdur. Çünki İran onsuz da bu illər ərzində Rusiyanın əsirində olub. Amma Nəticə etibarilə Rusiya İrana istədiklərini verməyib. Moskva və Tehran arasında iqtisadi və ticarət əlaqələrinin də iki ölkə arasındakı potensiala cavab vermədiyini görə bilərik. Eyni zamanda iki ölkə arasında hərbi-texniki əməkdaşlıq da demək olar ki, yox səviyyəsindədir. Əvəzində Tehrana qarşı sanksiyalar olan zaman İranı Çin xilas edirdi. İndi ABŞ və İran arasında anlaşmada Rusiya qapı arxasında qalmaq istəmədiyindən, rəsmi Tehrana qarşı pressinqdən istifadə etməyə çalışır”.

Politoloq əlavə edib ki, İranın bugünki iqtisadi durumu heç də yaxşı deyil: “Ona görə də, rəsmi Tehranın sövdələşməyə getməsi vacibdir. Xüsusən də bu gün Tehran üçün çox böyük qapılar açılmaqdadır. Bir neçə ildən sonra İran Avropanın enerji təhlükəsizliyində xüsusi yer tuta bilər. Moskva və Tehran arasında bu kimi ziddiyətlər ara-sıra müşahidə olunub. İndiki ziddiyyətlərin aradan qaldırılması üçün çox güman ki, İran tərəfi diplomatik addımlar atacaq. Onlar tədricən Qərblə yaxınlaşmağa başlamaq üçün cəhd göstərəcəklər. Eyni zamanda Rusiya ilə də, müttəfiqliyi davam etdirəcəklər”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
