Kremlin sözçüsü Dmitri Peskov Rusiyadan Türkiyəyə uçuşların məhdudlaşdırılmasının ikitərəfli münasibətlərə təsiri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Peskov Rusiya ilə Türkiyə münasibətlərində soyuqluq olmadığını deyib, əlaqələrin pisləşməsi ilə bağlı iddiaları rədd edib.
“Türkiyə ilə əlaqələr inkişaf edir. Turizm qadağası ilə bağlı məsələnin ikitərəfli münasibətlərlə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə Türkiyədəki pandemiya və pisləşən epidemioloji vəziyyətlə bağlıdır”, – Peskov vurğulayıb.
O, türkiyəli rəsmilərin Rusiyanın qərarı məsələsində anlayış göstərdiyini qeyd edib:
“Əlbəttə, türkiyəli tərəfdaşlarımız öz vətəndaşlarımız üçün narahatlığımızı başa düşürlər. Əslində, tərəfdaşlıq da budur”.
Türkiyənin qonşu ölkələrlə qurduğu əlaqələrin suveren hüquqlar daxilində olduğunu xatırladan Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna dövlət başçısı Vladimir Zelenski arasındakı görüşlərin iki ölkə arasındakı ikitərəfli münasibətlərlə əlaqədar olduğunu dilə gətirib.
