Rusiya Ukraynaya silah və hərbçi göndərən dövlətlərə xəbərdarlıq edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, bundan sonra baş verəcəklərə görə, həmin dövlətlər məsuliyyət daşıyacaqlar. Bu açıqlama bir növ təhdid xarakteri daşıdığından bir sıra sualların yaranmasına səbəb olub. Maraqlıdır Zaxarova bu açıqlaması ilə nə demək istəyir? Ümumiyyətlə Rusiya Ukraynaya yardım edən dövlətlərə qarşı hansı addımlar ata bilər?.
KONKRET.az-ın suallarını politoloq Oktay Qasımov cavablandırıb. O bildirib ki, Zaxarovanın açıqlaması Rusiya dövlətinin mövqeyidir: “Rusiya hesab edir ki, o, beynəlxalq qanunları pozacaq və Ukraynanın ərazisinə hücum edəcək, buna isə heç kim qarışmamalıdır. Rəsmi Moskvanın bu tələbləri əslində bütün dövlətlərə yönəlib. Amma bu təhdidlər cavabsız qalmayacaq. Dövlətlər birbaşa müharibəyə qoşulmasalar da, müxtəlif yollarla Ukraynaya dəstəklərini nümayiş etdirirlər. Artıq xarici legion da formalaşıb. Rusiyanın bu dövlətlərin hamısına savaş açacağını düşünmürəm. Bu sadəcə diplomatik təzyiq üsuludur. Əgər bu dövlətlərin hansısa açıq şəkildə Rusiyaya qarşı təhdidə keçsə, o zaman rəsmi Moskva real addımlar ata bilər. Bu təzyiq və təhdidlərin isə hansısa ciddi bir nəticə verəcəyini düşünmürəm”.

Müşviq Tofiqoğlu
KONKRET.az
