Rusiyanın federal telekanallarında Azərbaycana qarşı hücumların qarşısı belə alındı – TƏFƏRRÜATLARbackend

Rusiyanın federal telekanallarında Azərbaycana qarşı hücumların qarşısı belə alındı - TƏFƏRRÜATLAR

Düşmən gözü çıxaran dostlar

Rusiya tərəfinin xahişi ilə barbar ermənilərin Kəlbəcər rayonundan çıxarılması prosesinin noyabrın 25-dək təxirə salınması xəbəri qalibiyyət ruhlu cəmiyyətimizdə böyük narahatlıq doğurdu.

Narahatlığa və narazılığa səbəb olacaq məsələlər isə artıq kifayət qədər cəmləşib.

Noyabrın 10-dan başlayaraq Rusiyanın federal telekanalları Azərbaycanın əleyhinə əks-təbliğatı daha da gücləndiriblər. Onlar Dağlıq Qarabağa yalnız rus sülhməramlıların yerləşdirilməsini Rusiyanın qələbəsi, Türkiyənin, xüsusilə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük məğlubiyyəti kimi qiymətləndirirlər. Cənubi Qafqaza türk təsirinin artmasını qorxulu tendensiya adlandırıb, bunun yolverilməz olduğunu nəzərə çatdırırlar.

Qarabağdan təqdim olunan süjet və reportajlarda yenə də birtərəflilik nümayiş etdirilir, yalnız Xankəndidəki ermənilərin durumundan bəhs olunur, hətta “sülhməramlılar”ın Şuşaya əncam çəkməsinə çağırışlar edilir. Əks halda ermənilərin Xankəndidə təhklükəsiz şəraitdə yaşaya bilməyəcəyi iddia olunur.

Sülh missiyası Dağlıq Qarabağla məhdudlaşdırılmış rus hərbçilərinin Kəlbəcərdəki Xudavəng alban kilsəsini də öz nəzarətinə götürdüyü xəbər verilir.

Üstəlik, Xankəndinə humanitar yük göndərilməsi bəhanəsi ilə 1960 nəfər sülhməramlıdan başqa Rusiyanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Azərbaycan ərazisinə ezam olunur.

Azərbaycanlıların Kəlbəcərdəki evlərini tərk edən ermənilər isə əşyalarını, hətta unitazlarını, qapı-pəncərələrini, damdakı kirəmitləri çıxarandan sonra evlərə, məktəblərə, xəstəxanalara od vurub yandırırlar. Onlar Kəlbəcərdəki Xudavəng alban monastırının əşyalarını vandallıqla qarət etməkdən çəkinmirlər.

Maraqlıdır ki, bütün bunlar rus “sülhməramlıları”nın gözləri qarşısında baş verir. Rusiyanın dövlət başçısı Vladimir Putin Azərbaycan Prezdenti İlham Əliyevdən işğaldan azad edilmiş ərazilərdə kilsələrə, monastırlara hörmət edilməsini xahiş edir, lakin rus “sülhməramlıları”nın monastırı nəzarətə götürməsi belə ermənilərin bu məbədi talan etməsinin qarşısını almır.

Rusiya telekanallarının bütün ictimai-siyasi verilişlərinin ayrılmaz parçası olan ermənilər görün nə edirlər.

44 günlük müharibə zamanı Azərbaycanın heç bir məsələdə Rusiyaya bəhanə vermədiyi, Kremlin isə helikopter olayından ustalıqla istifadə edərək Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanın ərazisinə rəsmi şəkildə yerləşdiyini, ermənilərin hazırda uduzduqlarını, amma Rusiyanın yenə də onları xilas etdiyini həyasızlıqla diqqətə çatdırırlar.

Bunları vurğulayan kimdir? Bizim bəzi saytların və sosial media şəbəkələrinin bəh-bəhlə təqdim etdikləri, az qala qəhrəmana çevirdikləri erməni rejissor Karen Şahnazaryan. Hətta bir “haqq” saytı öz qeyri-sağlam fantaziyasında daha da irəli sürünərək Ermənistana belə adamın prezident seçilməsi fikrini də oxuculara təlqin edir.

Lakin görün, Azərbaycanın ünvanına bəzi xoşagələn sözlər işlədən Şahnazarov nə deyir. O, əsl erməni xisləti və məkrilə pərt həmyerlilərini sakitləşdirir ki, məğlubiyyət müvəqqətidir, ermənilər tarixdə belə durumla çox üzləşiblər, amma hər dəfə vəziyyətdən çıxıblar. Əsas məsələ ermənilərin Qarabağda qalmasıdır. Onu da Rusiya təmin etdi… Məhz Şahnazarov sevinclə gözaydınlıq verir ki, Türkiyə Prezidenti Ərdoğan uduzub, çünki türk sülhməramlıları Qarabağa yerləşə bilmədilər və yerləşə bilməyəcəklər.

Bərbad rejissor təxəyyülü ilə erməni Şahnazarov elə düşünür ki, guya biz bilmirdik Türkiyənin Qarabağa sülhməramlı qüvvə kimi gəlməsi qeyri-mümkündür. Çünki sülhməramlıların gəlişinə Azərbaycanla bərabər Ermənistan da razılıq verməlidir. Yiyəsinə güvənən ermənilərin bunu etməyəcəyi isə əvvəldən hamıya, o cümlədən hörmətli Ərdoğana da məlumdur.

Amma Şahnazarov kimiləri və onların sahibləri unudurlar ki, Azərbaycan və Türkiyə 1988-ci ildəki dövlətlər deyil. Zatən bu durumu Rusiyanın “Первый” kanalının “Большая игра” proqramında amerikalı aparıcı Dmitri Sayms Rusiya Qosdumasının beynəlxalq məsələlər üzrə komitə sədri Konstantin Kosaçovun nəzərinə çatdırmaqla onu çaşqın vəziyyətə saldı. O, Kosaçova xatırlatdı ki, Azərbaycan Dağlıq Qarabağın ərazilərinə daxil olub və həmin yerlərdə Türkiyə əsgərləri ilə birlikdə dayanmaq hüququna malikdir. İkitərəfli razılıq əsasında.

Kosaçovun deputat həmkarı, MDB ilə iş, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitənin sədri Leonid Kalaşnikov “Россия-1” telekanalının “60 минут” tok-şousunda məhz Dağlıq Qarabağdakı ermənilərin Qərbdəki havadarlarının vasitəsilə SSRİ-nin dağılmasına səbəb olduqlarını, indi isə Rusiyanı parçalamağa cəhd etdiklərini, ermənilərin qərbpərəstliyini bildirdi. O, buna misal kimi sentyabrın 27-dən Ermənistanın israrla Rusiyanı Azərbaycana qarşı müharibəyə cəlb etməyə çalışdığını, Moskvanın rəsmi Bakı və Ankara ilə münasibətlərini korlamaq istədiyini proqramda iştirak edən ermənilərin və onların tərəfdarlarının üzünə söylədi.

Ekspertlər Aleksey Naumov və İqor Korotçenkonun dəfələrlə tok-şoularda, müsahibələrdə Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu demələri, “Qarabağ Azərbaycandır!” şüarını səsləndirmələri, şəksiz, təqdirəlayiq haldır.

Əlbəttə, Rusiya teleməkanında Azərbaycanın mövqeyini müdafiə edənlərin olması xoşdur. Amma unutmaq olmaz ki, onların hamısı ölkələrimizin maraqları üst-üstə düşəndə bizi az-çox müdafiə edirlər. Hamımız bilirik ki, Azərbaycanın gücünün artması, Cənubi Qafqaz bölgəsində lider dövlətə çevrilməsi Rusiyanın marağında deyil. Çünki Rusiyanın qeyri-sağlam təfəkkürlü bəzi siyasətçiləri Dağlıq Qarabağı öz əraziləri hesab edirlər və bu mövqelərini çar Rusiysının Qarabağ xanı ilə imzaladığı sazişlə əsaslandırmağa çalışırlar. Bu ağılsızlar unudurlar ki, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması həmin sazişin hüquqi qüvvəsinin itirilməsi ilə nəticələnib. Hətta SSRİ-nin yaradılması zamanı Dağlıq Qarabağ Azərbaycan SSR-nin tərkibində saxlanılıb. 1991-ci ildə dövlət müstəqilliyi əldə olunandan sonra Azərbaycanın ərazi bütövlüyü Qarabaqla birgə beynəlxalq səviyyədə tanınıb. Bu zaman Dağlıq Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi təsdiqlənib.

Yəqin ki, sağlam düşüncəli rus siyasətçilər anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına tərəfdar çıxması, erməniləri ölkəmizin tərkibində Azərbaycan vətəndaşı kimi yaşamalarına inandırması Rusiyanın dünyadakı mənfi imicinin sülhsevər rəng almasında böyük rol oynaya bilər. Üstəlik, bu, Moskvaya Azərbaycan və Türkiyə kimi güclü dövlətlərin müttəfiqliyini qazandıra bilər. Təəssüf ki, baş verənlər proseslərin bu istiqamətdə getmədiyini göstərir.

Və artıq Azərbaycandakı siyasi qüvvələr Türkiyənin hərbi bazasının Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilməsinə dair çağırışlar etməyə başlayıblar. Hətta Prezident Rəcəb Tayyib Ərdoğana bununla bağlı müraciət edənlər də var. Artıq canımız Türkiyə bu çağırışları eşidib.

Bu gün Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın yerinə yetirilməsinin monitorinqini aparmaq üçün Azərbaycana Türkiyə hərbi qüvvələrinin göndərilməsi barədə Prezident R.T.Ərdoğanın imzaladığı müvafiq qətnamə layihəsi Böyük Millət Məclisinə təqdim edilib.

Hazırki vəziyyət bizi ruhdan sala bilərmi? Təbii ki, yox.

Çünki bizim öz sözünün yiyəsi olan, qətiyyətli, iradəli Prezidentimiz və Ali Baş Komandanımız, güclü və mətin oğullardan ibarət Ordumuz, Vətənimizin yolunda canından və qanından hər an keçməyə hazır olan övladlar yetişdirən Xalqımız var.

Bundan başqa, Azərbaycanın yanında qardaş Türkiyə durub. Onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyəti, Türkiyə Ordusunün qorxmazlığı və Türkiyə xalqının sonsuz məhəbbəti Azərbaycanın gücünü daha da artırır.

Azərbaycanın yanında İsrail kimi sadiq dost dövlət dayanıb. Bu dönəmdə yəhudi qardaşlarımızın Azərbaycan üçün etdikləri misilsizdir.

Ən əsası, ədalət və haqq Azərbaycanın tərəfindədir. Haqlı tərəf isə basılmaz və bizi faşist ermənilərin ağlasığmaz iddiaları, onların yiyələrinin təhdidləri artıq qorxuda bilməz.

Odur ki, Prezidentimizin “Kəlbəcər, Ağdam, Laçın – siz azadsınız və biz qayıdırıq!” deməsinə çox az qalıb.

 

Xatirə SADİQ,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*