“Savaş hələ davam edəcək, görüşlər nazir və Prezidentlər səviyyəsinə keçəcək” – AÇIQLAMAbackend

"Savaş hələ davam edəcək, görüşlər nazir və Prezidentlər səviyyəsinə keçəcək" - AÇIQLAMA

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə görüşəcəklər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, hər iki nazir Antalya Diplomatiya Forumunda iştiraklarını təsdiqləyiblər. Görüş martın 10-da Antalyada Türkiyənin iştirakı ilə üçtərəfli formatda keçiriləcək.

Görüşün müzakirə mövzusu haqqında KONKRET.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, bu görüş danışıqlar prosesində yeni mərhələ hesab oluna bilər:

“Rusiya xarici işlər naziri Sergey Lavrovla ukraynalı həmkarı Dmitro Kuleba arasında keçiriləcək görüş mühüm əhəmiyyətə malikdir. Rusiya ilə Ukrayna arasında savaşın bitməsi üçün danışlar prosesi yekunlaşmalıdır. Bu məqsədlə İşçi Qrup səviyyəsində üç dəfə keçirilən görüşdən daha üst səviyyəyə qalxmaq lazımdır. Bu, nazirlər və daha sonra prezidentlər səviyyəsində görüşü ilə davam edə bilər. Düşünürəm ki, Rusiya ilə Ukrayna arasındakı münasibətlərin normal məcraya qayıtması, Ukraynada baş verən faciələrin yekunlaşması iki ölkə arasındakı rəhbərlikdən asılıdır. Bu mənada Lavrov və Kuleba arasında keçirilən görüşü münasibətlərdə yeni mərhələnin başlanğıcı hesab etmək olar”.

Politoloq XİN rəhbərləri səviyyəsində görüşlərin davamlı olacağını düşünür:

“Daha sonra neytral bir ölkədə iki ölkə prezidentinin görüşü istisna edilmir. Bu ölkələr hətta Türkiyə və Azərbaycan da ola bilər. Ukrayna savaşında yekun nəticəyə varmaq hələlik çətin görünür. Çünki Ukrayna Rusiyanın tələblərini yerinə yetirəsi deyil. Bu tələblər qəbulediləsi də deyil. Bu kontekstdə rəhbər şəxslər arasında görüşlərin davamlı olması vacibdir. Amma müharibə yekunlaşdıqdan sonra belə iki ölkə arasında münasibətlərin düzəlməsi çətin görünür. Bu gərginliyin bir müddət davam edəcəyini düşünürəm”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*