Şəhid xanımına məxsus obyektin tikintisi narazılıq doğurdu – ŞİKAYƏT/FOTObackend

Şəhid xanımına məxsus obyektin tikintisi narazılıq doğurdu - ŞİKAYƏT/FOTO

Uzun müddətdir Sumqayıtın mərkəzi küçələrindən birində, daha dəqiq desək, 1 və 2-ci mikrorayonlar arasında yerləşən parkda (yaşıl zolaq) tikintiyə cəhd edilməsi həmin ərazidə yaşayan və oradan keçən insanlar tərəfindən narazılıqla qarşılanır. Qeyd edək ki, bu ərazidə dəfələrlə obyekt tikintisinə cəhd edilsə də, sakinlərin etirazı və məsələnin yerli media qurumlarında işıqlandırılması işbazların fəaliyyətinə mane olub.

Sözügedən ərazidə yaşayan sakinlər KONKRET.az-ın redaksiyasına ünvanladıqları şikayət məktubunda həmin parkda yenidən tikintiyə başlanıldığı haqda məlumat veriblər.

Sakinlərin sözlərinə görə, sözügedən yaşıllıq zolağında hansısa obyektin tikilməsi onların istirahətinə və hərəkətinə əməlli-başlı çətinlik yaradır. Bu səbəbdən də tikintinin dayandırılması və hüquqlarının bərpa olunması üçün ölkə başçısına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıblar. Sakinlər problemin həllinə və tapdanan hüquqlarının bərpasına ümid etdiklərini bildiriblər.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən saytımıza verilən açıqlamada məsələdən xəbərdar olduqlarını bildirdilər.

Qeyd olundu ki, sözügedən ərazidə tikinti aparan şəhid xanımıdır və onun bütün sənədləri qaydasındadır:

“Xanım özü sahibkardır və tikinti aparmaq üçün icazəsi var”.

Qeyd edək ki, Sumqayıtda yaşıl zona adlanan və bir-birinin ardınca uzanan parklarda obyektlərin tikintisi şəhər sakinləri tərəfindən narazılıqla qarşılanır və bu barədə redaksiyamıza vaxtaşırı şikayətlər daxil olur. Yəqin ki, belə şikayətlərdən Sumqayıt şəhər İH də xəbərsiz deyil. O halda park və yaşıllıq zonalarında tikinti işlərinə icazə verilməsi başadüşülən deyil və bir sıra suallar doğurur. Bu sualların araşdırılması yuxarı instansiyaların işidir ki, onlar tərəfindən nəzarətin gücləndiriləcəyinə də heç bir şübhəmiz yoxdur.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*