Azərbaycanda səhiyyə sisteminin inkişaf etdirilməsi, qabaqcıl standartların tətbiqi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində yeni əməkhaqqı islahatı həyata keçirilir. 2026-cı il sentyabrın 1-dən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan 72 212 tibb işçisinin əməkhaqqında dəyişiklik ediləcək.
Yeni əməkhaqqı modelində ödənişlərin iş yükü, fəaliyyət nəticələri, göstərilən xidmətin keyfiyyəti və pasiyent məmnuniyyəti ilə əlaqələndirilməsi nəzərdə tutulur.
Məlumata görə, islahat 36 041 orta tibb heyəti, 20 367 kiçik tibb heyəti, 8 675 ambulator tibbi xidmət göstərən həkim, eləcə də ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətlərində və regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan 7 129 həkimi əhatə edəcək.
Bəs yeni əməkhaqqı modeli həkimlərin sosial rifahına və göstərilən tibbi xidmətin keyfiyyətinə necə təsir edəcək? Maaşların artırılması səhiyyə sistemində kadr çatışmazlığının, xüsusilə regionlardakı problemin həllinə nə dərəcədə kömək edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, həkimlərin və digər sahələrdə çalışan mütəxəssislərin əməkhaqlarının artırılması sosial müdafiənin gücləndirilməsi baxımından mühüm addımdır.

“Ümumiyyətlə, həkimlərin, müəllimlərin və ictimai həyatın bütün sahələrində fəaliyyət göstərən mütəxəssislərin maaşlarının artırılması yaxşı haldır. Bu, sosial müdafiənin gücləndirilməsi istiqamətində atılan addımdır. Həkimlərin maaşlarının artırılmasına gəldikdə isə, hesab edirəm ki, bu məsələnin həllini tapması olduqca vacibdir. Əməkhaqları bazar qiymətlərinə uyğun səviyyədə olmalıdır”.
Professor qeyd edib ki, həkimlərin gəlirləri onların peşəkar inkişafına imkan verəcək səviyyədə olmalıdır:
“Bu maaşlar elə səviyyədə olmalıdır ki, həkim istənilən konfransda, beynəlxalq və ya yerli tədbirdə iştirak edə bilsin, öz bilik və bacarıqlarını daim artırsın. Həkimin peşəkar inkişafı birbaşa səhiyyənin keyfiyyətinə təsir göstərir”.
Adil Qeybulla hesab edir ki, əməkhaqqı islahatı regionlarda həkim çatışmazlığının aradan qaldırılmasına da müsbət təsir göstərə bilər.
“Əməkhaqları normal səviyyəyə çatdırıldıqca həkimlərin rayonlara göndərilməsi, orada onlar üçün lazımi sosial şəraitin yaradılması daha real olacaq. Bu da səhiyyənin regionlarda inkişafına ciddi təkan verə bilər. Məsələ yalnız maaşla bitmir, həkim üçün yaşayış və iş şəraitinin də təmin olunması vacibdir”.
Professor, həmçinin həkimlərin sosial təminatının daha da gücləndirilməsi üçün onların dövlət qulluqçusu statusu almasının müzakirə edilməsini təklif edib:
“Digər tərəfdən, həkimlərə dövlət qulluqçusu statusunun verilməsi də yaxşı olardı. Bu, onların sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində mühüm addım ola bilər”.
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev də əməkhaqqının artırılmasının tibbi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcəyini düşünür.

Onun sözlərinə görə, həkimlik uzunmüddətli hazırlıq və böyük məsuliyyət tələb edən peşədir:
“Əməkhaqqının istənilən sahədə artırılması və həmin sahədə qayda-qanuna ciddi riayət olunması keyfiyyətə müsbət təsir göstərir. Həkimlər 6 il təhsil alırlar. Daha sonra 2-3 il ərzində praktiki hazırlıq keçirlər. Yəni ömürlərinin böyük hissəsini bu peşəyə həsr edirlər”.
Aydın Əliyev hesab edir ki, həkimlərin məsuliyyəti və uzunmüddətli təhsil prosesi nəzərə alınaraq onların əməkhaqlarının digər sahələrlə müqayisədə daha yüksək olması məqsədəuyğundur:
“Bu baxımdan həkimlərin maaşlarının artırılması müsbət addımdır. Əməkhaqqının yüksəldilməsi onların sosial vəziyyətinin yaxşılaşmasına, peşəyə marağın artmasına və nəticə etibarilə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə xidmət edə bilər”.
Ekspertlərin fikrincə, yeni əməkhaqqı modelinin əsas üstünlüklərindən biri tibb işçilərinin gəlirlərinin yalnız vəzifə və staja deyil, eyni zamanda iş yükü, fəaliyyət nəticələri, xidmətin keyfiyyəti və pasiyent məmnuniyyətinə bağlanmasıdır.
Bu mexanizmin düzgün və şəffaf tətbiqi tibb işçilərinin motivasiyasını artıra, eyni zamanda pasiyentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə şərait yarada bilər.
Beləliklə, sentyabrın 1-dən tətbiq edilən yeni əməkhaqqı modeli yalnız tibb işçilərinin gəlirlərinin artırılması baxımından deyil, həm də səhiyyə sistemində insan kapitalının gücləndirilməsi, kadr çatışmazlığının azaldılması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilir.
Aynurə İsmayıl
KONKRET.az
