Sərkisyan Lavrovu yalançı çıxartdıbackend

Sərkisyan Lavrovu yalançı çıxartdı

KONKRET.az siyasi ekspert Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini kiçik ixtisarla təqdim edir:

– Elçin müəllim, Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan Armnyus TV-yə geniş müsahibə verib. Onun birdən-birə susqunluğu pozmasını, ortalıqda peyda olmasını necə qiymətləndirirsiniz?

– Əslində bu müsahibədən öncə Sərkisyanın atdığı başqa bir addım var ki, diqqəti xüsusilə ona yönəltmək lazımdır. Düşünürəm ki, onun etiraz aksiyaları keçirən gənclərin çadırını ziyarət etməsi, onlarla birlikdə olduğunu nümayiş etdirməsi əslində Sərkisyanın siyasətə aktiv şəkildə qoşulduğunun və kimin, hansı qüvvələrin yanında yer aldığının nümayişi idi. Müsahibə bu revanşın davamı kimi qəbul olunmalıdır. İndiki şəraitdə Ermənistanda fəal şəkildə siyasi proseslərdə iştiraka cəhd göstərən müxtəlif qüvvələr var. Bunlardan biri keçmiş prezident Robert Köçəryandır. Baxmayaraq ki, hər iki tərəf arasında ümumi baxış bucaqları eynidir, amma Sərkisyanın hakimiyyyətinin sonuna yaxın Köçəryanla Sərkisyan arasında xarici siyasət müstəvisində fikir ayrılığı baş vermişdi. Bu, daha çox Sərkisyanın Avropa Birliyi ilə bağlı manipulyativ davranışları, eyni zamanda AB ilə münasibətləri prioritet istiqamətə keçirmək cəhdləri ilə bağlı idi. Buna Köçəryan tərəfindən hər hansı reaksiya verilməsə də qəbul edilmirdi. Çünki Robert Köçəryanın konkret bir istiqaməti, baxış bucağı var. Bu da Ermənistanın bütövlükdə Rusiyanın nəzarəti altında olmasından, hətta faktiki olaraq bir əyalətinə çevrilməsindən ibarətdir. Bu aspektdən də onların arasında indiki şəraitdə müəyyən fikir ayrılıqları var, amma proseslərdə müəyyən mərhələyədək paralel iştirakları gözləniləndir.

Mənim qənaətimə görə, Sərkisyanın da, Köçəryanın da Ermənistandakı daxili proseslərdə iştirakını aktivləşdirən mərkəzlər, yaxud mərkəz faktiki olaraq bütün qüvvələrin öz əlində olmasını arzulayır. Yəni növbədənkənar seçkilər olacaqsa, orada iştirak edəcək bütün qüvvələrin öz nəzarəti altında olmasını istəyir. Çünki Paşinyanın hakimiyyətə gəlməsi ilə bağlı baş verən proseslərdən nəticə çıxarılıb. Bu aspektdən də bütün siyasi qüvvələrin faktiki olaraq yalnız Rusiya faktorundan asılı olması indiki şəraitdə daha qabarıq şəkildə görünməkdədir. Bu baxmdan düşünürəm ki, Sərkisyan siyasi proseslərə alternativ oyunçu kimi qatılıb, yaxud onun qarşısına alternativ oyunçu kimi iştirak etmək hədəfləri qoyulub.

– Sərkisyan bildirir ki, Aprel savaşı zamanı Azərbaycanın xahişi ilə döyüş dayandırılıb. Halbuki elə Robert Köçəryan özü bir neçə gün öncə demişdi ki, “2016-cı ildə o vaxtkı hakimiyyət döyüşləri dayandırmağı bacardığı kimi indiki hakimiyyət də müharibəni ilk günlərdə dayandırmalı idi…

– Əslində bu fikirlər içərisində qismən Köçəryanın həmin açıqlamasına cavab var. Çünki Azərbaycan tərəfi bəyan edir ki, müharibədə Köçəryan-Sərkisyan ordusu məğlub edilib. Belə ki, Paşinyan qısa müddətdir ki, hakimiyyətdədir. Onun ordu quruculuğu ilə məşğul olmağa prinsip etibarilə vaxtı da yox idi. Çox güman Sərkisyan Köçəryanın məhz həmin açıqlamasını nəzərdə tutaraq məlum fikri səsləndirib. Amma gözünün içinədək yalan danışıb. Çünki Ermənistanın, o cümlədən bütövlükdə dünya siyasətinin ən şəxsiyyətsiz simalarından biri olan Sərkisyanın yalvarışları hamının yadındadır. Ermənistan mediasının, ekspertlərinin göz yaşlarını hər kəs xatırlayır. Ermənistanın özündə də hər kəsə bəllidir ki, Sərkisyan yalan danışır. 2016-cı ildə Ermənistanın Rusiya və Azərbaycana yalvarışları nəticəsində hərbi əməliyyatlar dayandırılmışdı.

– Serj Sərkisyan hər hansı “Lavrov planı”nın mövcud olmadığını bildirib. Deyib ki, söhbət, sadəcə, Kazanda müzakirə edilmiş variantın təkmilləşmiş formasından gedirdi. O da Madrid prinsiplərpinə əsaslanırdı…

– Yenə də gözünün içinədək yalan danışır. O, şəxsiyyətsiz bir obrazdır. Hərbi canidən, uşaq qatilindən bundan artığını gözləmək də mümkün deyil. Bu mənada o növbəti yalanını danışıb. Vəssalam. Buna başqa ad vermək mümkün deyil. Çünki bunun izahı yoxdur.

– Amma faktı necə təhrif etmək olar?

– Məsələ ondadır ki, “Lavrov planı” haqqında Rusiyanın xarici işlər naziri özü məlumat verib. O, bu gün də vəzifədədir. Sərkisyan kimi sabiq deyil ki, onun fikirlərinin təhrif edilməsi istiqamətində hansısa mülahizələr səsləndirilsin. “Lavrov planı” ortada olub. Bununla bağlı görüşlər keçirilib, açıqlamalar, bəyanatlar verilib. Yəni bu, faktiki olaraq həm Rusiyanın rəsmi mövqeyinin təkzib olunması, həm də Rusiyanın xarici işlər nazirinin, Rusiyanın rəsmi şəxslərinin yalan danışdığının iddia edilməsidir. Mən düşünürəm ki, bu məsələyə həm də Rusiya aydınlıq gətirməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*