Sevil Atakişiyevanın intiharının bəlli olan səbəbi barədə – ƏTRAFLIbackend

Sevil Atakişiyevanın intiharının bəlli olan səbəbi barədə - ƏTRAFLI

Bu gün daha bir intihar hadisəsi baş verib. Daha bir gənc Nizami rayonu ərazisində “Atletlər kəndi”ndəki binalardan birindən özünü ataraq intihar edib. Bundan 4 gün əvvəl isə 20 yaşlı Sevil Atakişiyeva Bakının Xətai rayonu, Yeryemenko küçəsində yerləşən çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib.

Sevilin intiharı cəmiyyətimizdə daha çox müzakirəyə səbəb olub. Ona görə ki, Sevil intihar etməmişdən qabaq sosial şəbəkələrdə xeyli sayda iz qoyub gedib. Bu izlərsə onun intihara çoxdan hazırlaşmasından xəbər verir. Sevilin statuslarını mən də oxudum. O statusları diqqətlə oxuyan istənilən adam aydın şəkildə görür ki, Sevilin psixoloji problemi olub. İlk baxışdan normal ailəyə sahib olan gənc qız ali məktəb tələbəsi imiş. Və ən əsası onun yarlı-yaraşıqlı nişanlısı varmış.

Göründüyü kimi, Sevilin özünün öldürməsi üçün ciddi bir əsas yoxdur. Amma yazışmalarından görünür ki, o, həm ailəsindən, həm də nişanlısından o qədər də razı deyilmiş. Bu isə onu göstərir ki, Sevil Atakişiyeva həyatda öz yerini tapa bilməyib və bu boşluqdan qurtulmaq üçün son variant kimi intihara əl atıb. Yada salaq ki, bir ay qabaq sosial şəbəkələrdə daha bir gənc qızın intihar videosu yayılmışdı. Gənc qız telefonla kiminləsə danışır və sonra özünü ölümün ağuşuna atır. Təxminən oxşar mənzərədir.

Sevil də ölümündən əvvəl valideynlərlə, nişanlısı ilə deyil, sosial şəbəkədəki tanışı ilə  sonuncu dəfə yazışaraq intihar edir.

Ümumiyyətlə, son vaxtlar intihar hadisələrinin sayı durmadan artır. İntihar edənlərinsə yaş həddi 20-30 arasında dəyişir. Bu isə onu göstərir ki, intiharlar təsadüfi hadisə deyil. Bunun cox ciddi sosial-mənəvi əsasları var. Həmin əsaslardan biri barədə politoloq Qabil Hüseynli ötən gün ətraflı danışıb. O bildirib ki, “Azərbaycanda “feminizm” adı ilə bəzi təşkilatlar fəaliyyət göstərir. Bu təşkilatlar övladlarımızı uçuruma aparır. Dünyada feminizm qadınların azadlıq uğrunda hərəkatın əsasında duran “cinslərin bərabərliyi” nəzəriyyəsi kimi anlaşılır. Qərbdən fərqli olaraq, Azərbaycanda fəaliyyət göstərən feminist qurumlar qadına saxta azadlıq konsepsiyası (nə istəsən et, kiminlə istəsən yat, ailə dəyəri heçdir və s.) təqdim edərək, onları bu saxta konsepsiyanın köləsinə çevirir.

Bunun köləsi olan gənc qızlar isə onlara təqdim edilənlə cəmiyyətimiz arasında kəskin ziddiyyət olduğunu gördükdə intihara üz tuturlar”.

Politoloqun sözlərinə görə, əksər feminist təşkilatlar ölkədə erkən nikah, qızların təhsildən yayınması, qadına qarşı zorakılıq halları ilə mübarizə aparmaqdansa, gənc qızların əxlaq və tərbiyələrini pozmaqla məşğul olur: “Bu gün cəmiyyətimizdə qızlarla bağlı 3 əsas problem var: qadına şiddət, qızların təhsildən yayınması, erkən nikah. Bu istiqamətdə dövlətimiz də, ziyalı insanlar da mübarizə aparır. Bu üç problemə qarşı olan feminist təşkilatlara da böyük ehtiyac var”.

Feminstlər əslində qadınlara azadlıqlar təlqin etmir, sadəcə türkçülükdən və islamdan gələn ailə dəyərlərini baltalayır. Çünki güclü dövlət, güclü ailə üzərində qurulur. Təbii ki, nə Qərb, nə də ki, xristian aləmi Azərbaycanda, eləcədə də islam aləmində güclü ailələrin olmasını istəmir. Və hər vasitə ilə bizdəki ailə dəyərlərini dağıtmağa çalışır. Yadımdadır ki, təxminən 20 il qabaq o zaman üçün dəbdə olan “gender bərabərliyi” ilə bağlı bir material hazırlayırdım. Bununla bağlı o zaman Azərbaycanda gender bərabərliyini təbliğ edən bir missioner təşkilatda da oldum. Onlarla özəl və gözəl bir dialoqumuz oldu.

Təbii ki, onlar mənə Qabil müəllimin yuxarıda söylədiyi fikirlərini dedilər və irad tutdular ki, sizdə qadınlar kişilərdən çox az hüquqa malikdirlər. Mənsə başladım, nə başladım. Dedim ki, “türklər öz xanımına hər zaman sultanım deyə müraciət edib. Sultanın mənasını isə siz çox gözəl bilirsiniz. İslamda isə qadına ən ali dəyər verilib. Təkrarladım ki, Məhəmməd peyğəmbərimiz (s.ə.s.) buyurub ki, “cənnət anaların ayaqları altındadır”. Amma xristianlıqda bunun əksi təlqin edilir.

Xristianlıqda qadın şeytana bərabər tutulur. Və xristianlığın əksər qollarındakı din xadimləri məhz buna görə evlənmirlər”.

Güldülər… Və mənimlə razılılaşdıqlarını görüb zarafatla dedim ki, “bizim ailədə son söz xanımındır. Məsələn, kimsə gəlir məndən borca pul istəyir. Mənim o pulu yerindəcə vermək imkanım olsa da, yalandan bəhanə gətirirəm ki, baxım görüm evdə varsa, sabah gətirəcəm. Əslində mən dogma qardaşıma və yaxud dostuma borca pul verəndə də xanımımla məsləhətləşirəm. İndi siz deyin, xristian ailəsində belə hallar var?”.

Müsahiblərim qəşş eləyib güldülər. Və zarafata əllərini yuxarı qaldırdılar…

Deməyim odur ki, o təşkilatlar bu gün də Azərbaycanda var. Və ailəmizin əsaslarını dağıtmaq üçün hər vasitəyə əl atırlar. Onların iş apardığı auditoriya 15-25 yaş həddində olan yeniyetmələr və gənclərdir. Və ola bilsin ki, Sevil və digər intiharı çıxış yolu bilən gənclərimiz bu və ya digər şəkildə həmin təşkilatla ünsiyyətdə olublar.

  • İntiharların digər və ən əsas səbəbi cəmiyyətimizdə sosial ədalətin olmamasıdır. Yəni bu gün əksər valideynlər övladlarının istəkləri ilə ayaqlaşa bilmir.Valideynlərin sosial durumunu nəzərə almayan gənclər isə reallıqla barışmaq istəmirlər. Valideynləri ilə razılaşmayan gənclərin bir qismi “azad həyat” istəyi ilə ailələrindən üz çevirib gedirlər. Bir qismi isə intihar edərək valideynlərini cəzalandırmaq istəyirlər. Və mən əminliklə deyə bilərəm ki, Sevil Atakişiyeva intihar etməklə valideynlərini cəzalandırmaq istəyib.

Çünki paylaşdığı forolarında görünür ki, həm atası, həm anası, həm də nənəsi ilə xoşbəxt anlar yaşayıb. Və əksər valideynlər kimi Sevilin də ailəsi onun üstündə titrəyib. Sevil evə gec gələndə, valideynləri zəng edib axtarıblar. Bu axtarış nəzarətdən daha çox istəkdən və narahatlqdan irəli gəlib. Sevilsə bunu düzgün qiymətləndirməyib. Elə zənn edib ki, valideynləri ona etibar etmir və yaxud da çox istəmir. Çox təəssüf…

Mən bu yerdə gözəl şairimiz Əli Kərimin “Ata” şeyirindən iki bəndi gənclərimizin diqqətinə çatdırıram:

O sərt idi səhər dərsə tələsəndə mən

Bildirməzdi yolda durub boylandığını

Bircə dəfə söz açmazdı qəlbindəkindən

Söyləməzdi övlad üçün çox yandığını

 

Gizli-gizli məni süzüb gülərdi hərdən

Durub-durub güc gələrdi əyri qəlyana

Övladına bircə dəfə can söyləməkdən

Övlad üçün can verməyi asandı ona…

Bəli, biz belə atalardan tərbiyə almışıq. Və bu gün də belə atalar çoxdur. Yəqin ki, Sevilin atası da məhz bu cür xarakterli adam olub. Və Sevilin atası da əksər atalar kimi övladların ehtiyaclarını ödəyə bilmədiyi üçün gündə yüz dəfə ölüb, dirilib. Amma imkansızlığını və çarəsizliyini Sevilə izah edə bilməyib. Necə ki, çoxlarımız bunu edə bilmir. Qürur deyilən şöqərib ilişib qalır boğazımızda. Deyə bilmirik ki, “a bala, mən gündə 50-60 manat qazana bilmirəm. Daha doğrusu, oğru, qudurğan məmurlarımız və ədalətsiz cəmiyyətimiz buna imkan vermir”. Və Sevilin tələbə yoldaşları və çevrəsində yəqin ki, qudurğan məmur övladlarından bir neçəsi olub. Və qudurğan “mama uşaqları” sumkasından dollar bandrolunu çıxaranda Sevil sınıb, inciyib və uşaq sadəlöhvlüyü ilə valideynlərini qınayıb. Öz-özünə pıçıldayıb ki,”ata belə olar ey…”.

Ona görə də Sevil və digər gənclərimizin intiharının tək səbəbi cəmiyyətimizdəki sosial ədalətsizlikdir.

Surxay Atakişiyev,

KONKRET,az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*