Şimal küləyi yoxsa daxildəki qrupların siyasi ambisiyaları, bəlkə 16 min QHT-dəki Soros əli? – Nə baş verir?backend

Şimal küləyi yoxsa daxildəki qrupların siyasi ambisiyaları, bəlkə 16 min QHT-dəki Soros əli? – Nə baş verir?

Qazaxıstanda xalqın etirazları səngimək bilmir. Artıq prezident Tokayev hökumətin istefasını qəbul etməyə məcbur olub. Bəs Qazaxıstanda nə baş verir?. Tokayevin son qərarları və bəhanəni əsas tutan Şimal küləyi, yoxsa daxildəki qrupların siyasi ambisiyaları?. Bəlkə 16 min QHT-dəki Soros əli?.

Baş verənləri KONKRET.az-a şərh edən politoloq Zaur Məmmədov bildirib ki, ilk baxışdan Qazaxıstanda yanacağın qalxmasına etiraz edən nümayişçilər, əslində idarə olunurlar: “Son 3 günki hadisələr göstərdi ki, bu iqtisadi tələb – bəhanədir. Etirazçıların arxasındakı qüvvələr siyasi tələbləri artıq irəli sürüblər. Nazarbayevdən toxunulmazlığın götürülməsini, hökumətin isə istefasını tələb edirlər. Əlbəttə, mən Qazaxıstanda sosial-iqtisadi narazılığın mövcudluğunu inkar etmirəm. Var və son 2 ildə maksimum həddə çatıb. Elə bütün dünyadakı kimi. Orada xüsusən işçilər arasında münaqişələr və etirazlar maksimum səviyyədədir. Xüsusilə ilboyu Manqistau vilayətində gərginlik artan xətt üzrə inkişaf edirdi. Hökumətin vaxtında müdaxilə etməməsi, eyni zamanda zavod-fabrik, mədən və neft-qaz təsisatlarında menecmentlikdə böyük boşluqların olması və qiymət artımı təxribatçıların əlində bəhanəyə çevrildi. Manqistauda etirazçılar istəklərinə çatdılar, buna baxmayaraq küçəyə axışanların sayı çoxaldı”.

Ermənistan demokratiyası haqqında rəy dağılır” - Zaur Məmmədov

Politoloq əlavə edib ki, gördüyümüz mənzərə, minlərlə insanın müxtəlif şəhərlərdə küçəyə çıxması ayrı-ayrı qüvvələrin oyunudur: “Ortada geosiyasi məqsədlər və daxildəki elitalar arasında münaqişə var. Qeyd edim ki, bir vilayətdə başlayan və ümumrespublika səviyyəsində davam edən mitinqlərdə vahid lider və ya liderlər yoxdur. Lakin, mitinqçilərə dəstək olanlardan biri, hazırda Fransada mühacir həyatı sürən “Qazaxıstanın demokratik seçim” partiyasının sədri, keçmiş bankir Muxtar Ablyazovdur”.

Qazaxıstanda baş verən prosesləri KONKRET.az-a şərh edən tanınmış jurnalist, uzun illər Dövlət Televiziyasının Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri işləmiş Fadil Paşayev bildirib ki, etirazları yalnız bahalaşma amili ilə əlaqələndirənlər əlbəttə ki, yanılırlar: “Bu barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Xüsusi olaraq qeyd edim ki, Putin Paşinyan kimi Tokayevi də ciddi lider qəbul etmir. Rusiyanın nəhəng Orta Asiya ölkəsinə qarşı ərazi iddiaları var. Gəlin, biz məsələyə ayrı prizmadan yanaşaq. Elə beyin mərkəzlərində ömürlərini çürüdən rusların baxışlarına istinad edək. Ruslar hesab edir ki, Qazaxıstanın bölünməsini indi xəyal etmək, müəyyən mənada orada yaşayan rusların maraqlarını qorumaqdır. Yəni nəzəri olaraq, ölkə sürətlə türkləşmə prosesini yaşayır. Ya ruslar assimilyasiya olunacaq, ya da yeni köç başlayacaq. Bütün hallarda bu gün qardaş Qazaxıstanda vəziyyətin gərginləşməsi Rusiyanın xeyrinə deyil. Halbuki bunda maraqlı olan qüvvələr var. Amma ağıllı ruslara görə proseslər Kremlin nəzarətindən çıxsa, o zaman rəsmi Moskva gözlənilməz, dəhşətli nəticələrlə, hətta zorakılıqla de-ruslaşdırma ilə üz-üzə qala bilər. Çünki Rusiya ilə bu ölkənin 2700 kilometrdən çox sərhədləri mövcuddur”.

Ukrayna boyda əraziləri işğal edən dövlət vəhşi Türküstanla yeni sərhəd əldə edəcəkmi?. Ümumiyyətlə, Moskva bu proseslərin ağır nəticələrinə hazırdımı?. Ordu missiyanı üzərinə ala bilərmi?. Onlara görə, qazaxları məğlub etmək asandır, amma Mərkəzi Hərbi Dairə oxşar təlimlər keçiribmi?  

Fadil Paşayevin sözlərinə görə, Qazaxıstanın əsasən rusların yaşadığı hissəsinin ərazisi separatçı Luqansk Respublikasının ərazisindən yüz dəfə böyükdür: “Rusiya Donbass, Zaqafqaziya, Dnestryanı, Suriya ilə yanaşı Qazaxıstanda yaranacaq yeni münaqişəni çiynində daşımaq gücündə deyil. Bu, aydın görünür. Moskvada işləyən beyin mərkəzləri iddia edir ki, dövlət mexanizmi bir neçə istiqamətdə eyni vaxtda oyuna tab gətirməyəcək. Putin dözməz bu “dərdə”. Onda Qazaxıstanla bağlı Rusiyanın son qərarı nə olacaq? Ruslar təəssüf edir ki, indi yalnız bir çıxış yolu var – etirazları yatırtmaq və münaqişəni dondurmaq. Yəni, əvvəlki illərdə olduğu kimi davranmaq. Hər ehtimala qarşı, Rusiyada və ABŞ-da hadisələrin inkişafı üçün müxtəlif senarilər hazırlanır. Moskva yeni rus qaçqınlarına qucaq açmağa hazırdır. Amma bunu arzulamır. Çünki ruslarla bərabər digər etnik xalqlar da qaçqın kimi Rusiyaya soxulacaq. Bu, şəksizdir. Rus əks-kəşfiyyatçıları Qazaxıstanda qərbpərəst qüvvələri yaxşı tanıyır. Onların rusofil qüvvələrdən heç də az gücə malik olmadıqlarını yaxşı bilir. Ona görə də, Moskvanın hərbi elitasının planlarının üstündən qırmızı xətt çəkilib. Bu plana görə, Rusiya Qazaxıstandan (şimali Qazaxıstandan) rus əhalisi olan torpaqları qoparmalıdır. Ancaq ən azı geosiyasi, hətta imperiya baxımından da bu plan uğurla icra oluna bilməz. Əgər elədirsə, onda gərək bütün Qazaxıstan ələ keçirilsin. Bu zaman Ermek Tayçebekovu general-qubernator təyin etmək lazım olacaq. Ablyazovun acığına… Amma Putin hələ ki, ah çəkib Tokayevi dəstəkləyəcək”.

Analitik əlavə edib ki, Azərbaycan strateji ölkə olan Qazaxıstanda bütün arzuolunmaz senarilərin həyata keçməsində maraqlı deyil: “Qardaşlıq bir yana, Qazaxıstan Türkiyə və İsrail kimi bizim üçün çox vacib ölkədir.Yeri gəlmişkən, Qazaxıstan rəsmiləri Belarusda olduğu kimi etirazları tam yatıracaqlarına arxayındırlar. Və ya arxayın kimi görünməyə cəhd edirlər. Amma bir çox suallar açıq qalır. Məsələn: Qazaxıstanda təhlükəsizlik qüvvələri nə qədər operativdir, əhatə dairəsi necədir? Onlar da hər bir fəalı tanıyırlarmı? Belarus kimi Qazaxıstanın təhlükəsizlik qüvvələri imtahandan necə çıxacaq? Kərim Məsimov və “Sırbar”, eləcə də ordu Nazarbayevə sadiqliyini göstərəcəkmi?. Qazaxıstanın bir problemi də var. Cənubluların rusdillilərə münasibətləri çox mənfidir. Yeri gəlmişkən, ruslar deyir ki, bu ölkədə türk və İngilis agentləri çox güclü işləyir. Bir sözlə, ölkə ciddi sınaq qarşısındadır”.

Politoloq Məhəmməd Əsədullazadə mövzu ilə bağlı saytımıza açıqlamasında bunları deyib: “Qazaxıstanda qazın qiymətinin bahalaşması etirazlar üçün sadəcə bir bəhanə oldu. Etiraz aksiyaları əsasən idarə olunur və Mərkəzi Asiyanı əhatə etməlidir. Qərb meyilli hakimiyyətin qurulması istiqamətində yeni plan hazırlanıb. Bu regionun Qərb, Çin və Rusiya arasında maraqları toqquşur. Son iki ildə Türkiyə də aktiv siyasət aparır. Talibanın Türkmənistan sərhədinə hücumu, Qırğızıstan-Tacikistan arasında sərhəddə təxribatlar və Qazaxıstanda baş verənlər göstərir ki, Qərb regionda Çinin və Rusiyanın fəaliyyətinin inkişafının qarşısını alır”.

Məhəmməd Əsədullazadə: "ABŞ Talibana qarşı sanksiyaları genişləndirəcək”

Politoloqun sözlərinə görə, Qazaxıstanda baş verənlər Mərkəzi Asiyanın siyasi nizamını dəyişmək planının bir hissəsidir: “Qazaxıstanda bir neçə dəfə radikal qruplar silahlı muqavimət göstərib, lokal etirazlar olub. Amma, qarşısı alınıb. Bu ölkədə hakmiyyət dəyişərsə, o zaman Rusiya Qazaxıstanın şimalında ruslar yaşayan əraziyə ordu yeridə bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*