“Sinan Oğan hansısa vəzifə ilə bağlı müzakirə aparmayıb” – Bəs Ərdoğan  niyə dəstəklənib? – İLGİNC DETALLARbackend

"Sinan Oğan hansısa vəzifə ilə bağlı müzakirə aparmayıb" - Bəs Ərdoğan niyə dəstəklənib? - İLGİNC DETALLAR

Hələ Sinan Oğan seçkinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini bəyan edərkən, ona yeni hökumətdə yüksək vəzifə veriləcəyi gözlənilirdi. Amma seçkidən sonra yeni kabinetin tərkibi açıqlananda bu fikirlər öz təsdiqini tapmadı. Belə ki, gözlənənlərin əksi olaraq Ərdoğan Sinan Oğana yeni hökumətdə heç bir vəzifə vermədi. Bu, bir çoxları tərəfindən müəmma kimi xarakterizə edildi və Ərdoğanın Oğana niyə hakimiyyətdə təmsilçilik verməməsi müəyyən sualların yaranmasına səbəb oldu. Bəs görəsən, Sinan Oğana niyə vəzifə verilmədi? Ərdoğanın bu addımı atmasının səbəbi nədir?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Türkiyədəki seçkilərdə iki əsas siyasi blok mübarizə aparırdı:

“Sinan Oğanı isə bir neçə kiçik partiyanın birləşdiyi “ATA” bloku müdafiə edirdi. Seçkilərin birinci turunda 5,17 faiz səs toplayan Sinan Oğan ikinci turda öz səsini Ərdoğana verəcəyini açıqladı. Bu açıqlama Sinan Oğanın Türkiyə prezidenti ilə görüşündən sonra bəyan edildi. Sinan Oğan öz bəyanatında Ərdoğanı niyə dəstəkləməsinin səbəbini açıqladı və bildirdi ki, terrorla mübarizədə, starteji və milli məsələlərdə AKP-nin mövqeyi ilə onun fikirləri üst-üstə düşür. Hələ o zaman Sinan Oğan Ərdoğanla görüşdə hansısa vəzifə və ya hakimiyyətdə təmsilçiliklə bağlı heç bir müzakirə aparmadığını söylədi. Bunun belə olduğu seçkidən sonra formalaşdırılan yeni hökumətin tərkibində özünü göstərdi”.

Politoloqun sözlərinə görə, Sinan Oğanın hakimiyyətdə təmsilçiliyə və ya nazir postuna görə Ərdoğanı müdafiə etməsi ilə bağlı səslənən fikirlər öz təsdiqini tapmadı və şaiyə olduğu sübuta yetirildi:

“Bu baxımdan sözügedən məsələdə təəccüblü heç nə yoxdur. Eyni zamanda Sinan Oğandan daha çox Ərdoğanı dəstəkləyən “Milliyətçi Hərəkat Partiyası” və digər partiyalar da formalaşan yeni hökumətdə təmsil olunmurlar. Onlar bu dəstəklərini Ərdoğanın siyasi fəaliyyətini bəyəndikləri üçün əsirgəmədiklərini diqqətə çatdırırlar. Eyni addımı Sinan Oğan da atdı. Buna görə də, onun yeni hökumətdə təmsil olunmamasını normal qarşılamaq lazımdır. Bununla bağlı yayılan məlumatlar dedi-qodu xarakteri daşıyırdı və müəyyən qədər də Sinan Oğanı nüfuzdan salmaq üçün atılan addım idi”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*