Ermənistan Rusiyaya nota verdi – SƏBƏBLƏRbackend

Ermənistan Rusiyaya nota verdi - SƏBƏBLƏR

Rusiyanın İrəvandakı səfirinə etiraz notası təqdim olunub. Buna səbəb təbliğatçı Solovyovun Ermənistanda və Mərkəzi Asiyada xüsusi hərbi əməliyyata başlamağı təklif etməsi olub.

KONKRET.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfiri Sergey Kopırkini televiziya aparıcısı Vladimir Solovyovun səsləndirdiyi fikirlərə görə XİN-ə çağırıb. Solovyov Mərkəzi Asiyada xüsusi hərbi əməliyyata (XHO) başlamaq ideyasını irəli sürüb. Səfirə dövlət televiziyasının efirində səsləndirilmiş bu bəyanatlarla bağlı dərin narazılığı ifadə edən etiraz notası təqdim olunub.
Ermənistan XİN nümayəndəsinin sözlərinə görə, bu açıqlamalar Ermənistan Respublikasının suverenliyinə qarşı yolverilməz qəsd xarakteri daşıyır, düşməncəsinə davranışdır və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin əsas prinsiplərini kobud şəkildə pozur.

Qeyd edək ki, Solovyov yanvarın 10-da efirdə ABŞ-ın Venesuelada keçirdiyi əməliyyatı və ölkə prezidenti Nikolas Maduronun oğurlanmasını şərh edərkən bu fikirləri səsləndirib. O, Rusiyanın da beynəlxalq hüquqa məhəl qoymamalı olduğunu və Ermənistanla Mərkəzi Asiya ölkələrinin Rusiya tərəfindən təsir zonasından çıxmasının qarşısını almaq üçün güc tətbiqini nəzərdən keçirməli olduğunu bildirib.

“Bizim üçün Ermənistanda baş verənlər Venesuelada baş verənlərdən qat-qat daha ağrılıdır. Ermənistanın itirilməsi — bax bu, nəhəng problemdir. Biz məqsəd və vəzifələrimizi çox dəqiq şəkildə müəyyənləşdirməliyik. İzah etməliyik ki, oyunlar bitib. Beynəlxalq hüquqa və beynəlxalq nizama tüpürmək lazımdır”, – deyə Solovyov bildirib.

Onun fikrincə, əgər Rusiya Ukraynada milli təhlükəsizliyin qorunması bəhanəsi ilə hərbi əməliyyatlara başlayıbsa, Moskva eyni addımı özünün təsir zonası hesab etdiyi digər bölgələrdə də ata bilər.

Moskva ilə İrəvan arasındakı münasibətlər Ermənistanın Dağlıq Qarabağ ətrafında Azərbaycanla münaqişə zamanı Rusiyanın mövqeyindən məyus olması fonunda soyuyub. Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxa biləcəyini istisna etməyib və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*