Son 4 ayda 132 hepatit B və C xəstəsi müalicə edilibbackend

Son 4 ayda 132 hepatit B və C xəstəsi müalicə edilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yaradılmış müvafiq komissiyanın fəaliyyəti çərçivəsində 2022-ci ilin aprel-iyul ayları ərzində 132 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib.

Agentlikdən KONKRET.az-a verilən məlumata görə, 28 nəfər hepatit B xəstəsinə “Tenovir”, 104 nəfər hepatit C xəstəsinə isə “Sofosbuvir” və “Daktatasvir” dərman preparatları verilib.

“B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”nın qərarına əsasən və müasir kliniki protokollara uyğun olaraq təyin olunan dərman preparatları Agentlik tərəfindən təchiz edilir.

Bundan başqa müalicənin təyin olunub-olunmaması ilə bağlı qərarın verilməsi məqsədilə Komissiyaya müraciət etmiş şəxslərin bir qismi müvafiq müayinələrə göndərilib, müalicəyə ehtiyacı olmayan digər şəxslərə isə həkim müşahidəsi altında qalmaları tövsiyə olunub. Eyni zamanda müayinələrin nəticələrinə əsasən xəstəlikdən sağalan şəxslər də qeydə alınıb.

Ümumilikdə isə Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərən Komissiya tərəfindən bu ilin 4 ayı üzrə 281 vətəndaş qəbul edilib.

Məlumat üçün bildirək ki, hepatit B və C xəstəliyinin ambulator müalicəsi üçün təyin olunan dərman preparatlarının təminatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Hazırda Xidmətlər Zərfi ilə hepatit B və C virusunun müayinəsi və stasionar şəraitdə müalicəsi qarşılanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*