SON DƏQİQƏ: Məzar daşları ilə bağlı qərar verilə bilər…backend

SON DƏQİQƏ: Məzar daşları ilə bağlı qərar verilə bilər...

Azərbaycanda məzar daşlarının standartlaşdırılması məsələsi cəmiyyətdə müzakirə mövzusu olaraq qalır. Bəs dini baxımından məzar daşlarının hamısının eyni formada olması vacibdirmi, yoxsa fərqlilik mümkündür?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində məzar daşı ilə bağlı konkret göstəriş yoxdur.

Onun sözlərinə görə, din yalnız qəbrin tanınması üçün sadə bir nişangah qoyulmasını tövsiyə edir:

“Qəbrin tanınması üçün nişangah vacibdir. Bu daşdan da ola bilər, dəmirdən, taxtadan və ya başqa materialdan da… Xüsusi olaraq məzar daşı qoyulması ilə bağlı dini göstəriş mövcud deyil”.

İlahiyyatçı vurğulayıb ki, son illər qəbiristanlıqlarda bahalı və dəbdəbəli məzar daşlarının artması dini baxımdan düzgün deyil və israfçılıq sayılır:

“Bahalı, dəbdəbəli daşlar israfdır və günahdır. Qəbir daşı 30–40 sm hündürlüyü keçməməlidir, sadə və adi olmalıdır. Şəkillər, təmtəraq dinimizə uyğun deyil”.

Tural İrfan qeyd edib ki, iri və bahalı məzar daşları həm də qəbiristanlıqlarda ciddi yer probleminə səbəb olur:

“Qəbiristanlıqlarda milyardlarla vəsait israf olunur, yerlər azalır. Böyük daşlar üçün iri torpaq sahələri zəbt edilir. Halbuki torpağın altına hamı eyni kəfənlə gedir”.

İlahiyyatçının fikrincə, məzar üzərinə bahalı daş qoymaq şöhrətpərəstlik və nümayişkarlıqdan başqa bir şey deyil:

“Bu, şöhrətbazlıq, yekəxanalıq və bir qədər də vəhşilikdir. Heç bir inkişaf etmiş ölkədə, hətta bir çox müsəlman dövlətlərində insanlar kredit və borc hesabına bahalı məzar daşları qoymurlar”.

İlahiyyatçı əlavə edib ki, bu sahədə mövcud xaosun və israfçılığın qarşısını almaq üçün məzar daşlarının standartlaşdırılması vacibdir:

“Bunun qarşısını almaq üçün müvafiq qanun qəbul olunmalı və hamı üçün standart daşlara keçilməlidir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*