Keçmiş YAP-çı deputat: “Heydər Əliyev onun çıxışını kəsdi və sərt şəkildə soruşdu: “Əli, sən indi bizə dərs verirsən? Bir ara gəldin Naxçıvana, sonra yox oldun, gözə görünmədin. Maraqlananda mənə dedilər ki, xeyli vaxtdır ki, Ukraynada “Quska”nın qapançısı işləyir. Get ideoloji tərbiyə alandan sonra gələrsən”
Keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib.
KONKRET.az həmin müraciəti təqdim edir:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Hörmətli Prezident! Bəlkə də bu məzmunda Sizə müraciətim məqamına görə düzgün qəbul edilməsin. Buna görə üzürlü qarşılamanızı Sizdən xahiş edirəm. Müraciətim köməkçiniz Əli Həsənovla əlaqədardır. Biz onunla birlikdə YAP-ın mərkəzi aparatında uzun illər bərabər işləmişik. Xarakter etibarı ilə çox təzadlı və öz xeyrini ümumi prinsiplərdən üstün tutan, intriqan müəlliminin təlimatları ilə işləməyi özünün həyat amalı sayan bu adam partiyada xidməti fəaliyyətini yalnız onun verdiyi dərslər çərçivəsində quraraq təfriqə yaratmaq, xoşlamadıqları insanları ləkələmək işi ilə məşğul olmuşlar.
Milli lider Heydər Əliyevin və Sizin portretlərinizin arxasında gizlənərək saxta əqidə və sədaqət nümayişi göstərərək yalnız müəlliminin partiyadakı agentura şəbəkəsinin qol-qanad açmasına çalışmışdır.
Partiyada Ramiz Mehdiyevin xüsusi nümayəndəsi qismində tanınan və bu xidmət müqabilində Prezident sarayınadək yüksələn bu kəsin iştirak etdiyi məclis və toplantılarda insanlar öz danışığına diqqət yetirər, fikir mübadiləsi aparmazdılar. Hamıya gün kimi aydın idi ki, ya axşamı, ya da uzağı sabahısı bütün söz-söhbətlər Azərbaycan fəlsəfə elminin banisi “akademik” Mehdiyevin ovcunda olacaq.
Cənab Prezident! Onun hansı xislət, hansı məslək sahibi olduğunu hamıdan yaxşı rəhmətlik Heydər Əliyev bilirdi. İcazənizlə Sizə olmuş bir hadisənin şahidi kimi Prezident Aparatında keçirilən müşavirədə Heydər Əliyevin Əli Həsənovla bağlı dediyi sözləri xatırladım.
İdeoloq kürsüdə özündən razı halda danışırdı. Birdən Prezident onun çıxışını kəsdi və sərt şəkildə soruşdu:
“Əli, sən indi bizə dərs verirsən? Bir ara gəldin Naxçıvana, sonra yox oldun, gözə görünmədin. Maraqlananda mənə dedilər ki, xeyli vaxtdır ki, Ukraynada “Quska”nın qapançısı işləyir. Get ideoloji tərbiyə alandan sonra gələrsən”.
Bu cür onu kürsüdən düşürdü. Belə birisinə heç tərəzini də etibar etmək olmaz. Çünki düz çəkməyəcəkdir. Sonralar bu ideoloji tərbiyəsiz “akademikin” dəstəyilə PA-nın ideoloji şöbəsinin müdiri təyin olundu.
1994-cü ilin məlum hadisəsi ilə bağlı bir yazı qələmə almışdım. Bundan xəbər tutan Həsənov məni də yanına salıb apardı “Yeni Azərbaycan” qəzetinə və oradan materialı götürdü. Niyə belə edirdi? Mənə açıq dedi ki, sən vəziyyəti görmürsən, Rövşən gəlib hamımızı gülləbaran edər.
Onun mənəviyyatını, sədaqətini güzgü kimi göstərən faktlar az deyildir. Vaxtınızı almaq istəmirəm. Milli satqın Ə.Vəzirovu müdafiə edən bəyanata imza atan xəyanatkardan hər münaqifliyi gözləmək olar.
Üstəlik, xəcalət çəkməkdənsə özünə haqq qazandıracaq yazı ilə çıxış edərək, onu bu yaramaz işinə görə tənqid edənləri atəşə tutur. Ölkədə söyüşün, mətbuatda kompromat savaşının əsasını qoyanlardan biri və birincisi odur. Mənim də barəmdə az yazdırmayıb, cənab Prezident! Bütün mətbuatı onun ixtiyarına buraxmaq çox təhlükəlidir. İndi onun yerinə bir başqası olsaydı, Vəzirovçuluğuna görə mətbuatın basqısı altında həmin adamı insult vəziyyətinə çatdırmışdı. Təəsüflər ki, bu Vəzirovçu barədə bütün KİV demək olar ki, susur”.
Eldar Sabiroğlunun fikirləri ilə bağlı Əli Həsənovun da mövqeyini dərc etməyə hazırıq!