ABŞ-da fəaliyyət göstərən biotexnologiya şirkəti 3D çap texnologiyası vasitəsilə yaradılmış tam süni yumurtalardan cücələrin çıxmasına nail olub.
KONKRET.az xəbər verir ki, tərtibatçıların sözlərinə görə, süni yumurta 3D printerdə hazırlanmış kiçik konteynerə bənzəyir və onun daxilində toyuq embrionu yumurtadan çıxma mərhələsinə qədər inkişaf edə bilir.
Əsas yenilik konstruksiyanın daxilində yerləşən xüsusi silikon membran hesab olunur. Bu membran oksigenin daxil olmasını təmin edir və adi yumurtada olduğu kimi inkubasiya prosesində təbii şəraiti imitasiya edir.
Sınaqlar zamanı alimlər bioloji yumurtanın tərkibini ehtiyatla süni sistemə köçürüblər və embrionun inkişafını müşahidə etmək üçün kiçik bir nəzarət pəncərəsi saxlayıblar. Şirkət bildirir ki, bu texnologiya artıq sağlam və yaşaya bilən cücələrin əldə edilməsinə imkan verib.
Şirkət nümayəndələri qeyd edirlər ki, sistem genişmiqyaslı tətbiq üçün uyğunlaşdırıla bilər və gələcəkdə nəsli kəsilmiş quş növlərinin, xüsusilə boyu təxminən üç metrə çata bilən nəhəng moa quşunun yenidən çoxaldılması üçün istifadə oluna bilər.
