Tələbələri zəhərləyən nədir?backend

Tələbələri zəhərləyən nədir?

Ekspert: “Gəldiyimiz nəticə budur ki, tələbə qızlar arasında həkim nəzarəti olmadan arıqlama dərmanlarından istifadə edilir”

KONKRET.AZ bildirir ki, dekabrın 3-də Bakıda 2, Qazaxda isə 5 tələbə zəhərləndi. Zəhərlənən tələbələrin hamısı xanımlardır. Belə ki, qeyd etdiyimiz tarixdə Bakı Dövlət Universitetinin iki tələbəsinin vəziyyəti pisləşib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib ki, 20 yaşlı iki tələbə qız kirayə yaşadıqları evdə zəhərləniblər: “Bu barədə məlumat təcili yardıma saat 08:15-də daxil olub. Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (Mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) tələbə qızları Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi qənaətbəxşdir”.

Hadisədən sonra məlumat yayıldı ki, tələbələr universitetin yataqxanasında yedikləri qidadan zəhərləniblər. Lakin BDU-nun rektoru Elçin Babayev jurnalistlərə açıqlamasında bu məlumatın yalan olduğunu bildirdi. Rektor söylədi ki, hadisə yataqxanada deyil, tələbələrin kirayə qaldıqları evdə baş verib. Rektor hesab edir ki, belə məsələləri şişirtmək lazım deyil: ”Çünki bu hamıya psixoloji təsir göstərir. Onlardan biri bizim, digəri isə başqa universitetin tələbəsidir”.

E.Babayev noyabrın 21-də BDU-nun yataqxanasında baş verən hadisə ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.

O bildirib ki, zəhərlənmə hadisəsinin universitetdə tələbələrin qidalanması üçün verilən kartla, universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur: ”Birmənalı olaraq bunu inkar edirəm. İstintaq nəticəsində hər şey aydın olacaq. Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm. Hər şey yüksək səviyyədədir. Məhsulları da keyfiyyətlidir”.

Dekabrın 3-də  Qazax Dövlət Sosial İqtisadi Kollecində də yuxarıda qeyd etdiyimiz kimi zəhərlənmə halı qeydə alınıb. Kollecin tələbələri – 19 yaşlı Əfsanə Mətləb qızı Səfərli, 19 yaşlı Güləndam Sadiq qızı Həsənova, 19 yaşlı Xavər Fikrət qızı Məmmədova, 18 yaşlı Arzu Azər qızı Əlizadə və Mahizər Akif qızı Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Tələbələrin kollecdəki dizel yanacağı ilə işləyən sobanın tüstüsündən zəhərləndiyi ehtimal olunur.

Bu kimi hadisələr fonunda yenə də ilk ağla gələn universitetlərin yataqxanalarının ya birmənalı olaraq olmaması və ya bərbad vəziyyətidir. İllərdir ölkədə universitetlərin yataqxana problemi qabardılır. Lakin hələ ki, bu istiqamətdə konkret addımlar atılmır.

Kamran Əsədov ile ilgili görsel sonucu

Musavat.com-a a danışan ekspert Kamran Əsədov bildirib ki, bütün bunlar onu göstərir ki, ictimai-iaşə müəssisələrində düzgün qidalanma təşkil olunmur: “Çünki bu tələbələr ya vaxtı keçmiş qidanı yeyiblər, ya da düzgün qidalanmayıblar. Bundan öncə Bakı Dövlət Universitetinin tələbələri zəhərlənmiş və onlardan biri vəfat etmişdi. Daha sonra isə Xəzər universitetinin tələbələri zəhərləndi. İndi də Qazax, Gəncə, Bakıda zəhərlənmə olub. Maraqlısı budur ki, zəhərlənənlərin hamısı tələbə qızlardır. Bu, onu göstərir ki, həmin tələbələr kütləvi şəkildə bir-birinə yaxın olan proseslə məşğuldurlar. Gəldiyimiz nəticə budur ki, tələbə qızlar arasında həkim nəzarəti olmadan arıqlama dərmanlarından istifadə edilir. Nəticədə onların orqanizmi zəifləyir və hansısa bakteriyalı qida zəifləyən orqanizmlərini məhv edir. Söhbət təkcə universitet yataqxanalarından getmir. Eyni zamanda kafelərdə, ictimai-iaşə obyektlərində də qidaya nəzarət yoxdur. Qardaş Türkiyədə bütün ali təhsil müəssisələrinin tələbə yurdları( yataqxana) var. Hər bir yurdun isə özünün yeməkxanası mövcuddur ki, burada xüsusi aşpazlar çalışırlar. Tələbələr daha az vəsait xərcləməklə buradan qidalanırlar. Azərbaycanda isə bu, yalnız Gəncə şəhərində Aqrar Universitetinin yataqxanasında təşkil edilib. Azərbaycanda hazırda 51 ali təhsil müəssisəsi var və burada 164 min tələbə təhsil alır. Bu universitetlərin yalnız 8-nin yataqxanası var ki, onlardan da yalnız 3 ədədi müasir standartlara cavab verir. Bakı Ali Neft Məktəbinin, Gəncə Aqrar Universitetinin və Bakı Mühəndislər Universitetinin yataqxanaları standartlara cavab verir. BDU-nun bir neçə gün sonra tam müasir standartlara cavab verən yataqxanası istifadəyə veriləcək”.

Ekspert yataqxananın üstünlüklərindən də danışıb: “Yataqxana olarsa birincisi tələbələrin təhlükəsizliyi təmin olunacaq, ikincisi universitetlə qaldıqları yerin arasında məsafə azalacaq, üçüncüsü yaşama və qidalanma daha ucuz başa gələcək. Digər vacib məqam isə odur ki, ali təhsil müəssisələrinin yataqxanalarının olması, onların beynəlxalq reytinqinə çox yüksək bal gətirir. Təəssüf ki, bizim ali təhsil müəssisələrimiz yataqxana tikməkdə maraqlı deyillər. Çünki bu, böyük vəsait hesabına başa gəlir. Ancaq biz təklif etmişik ki, bütün ali təhsil müəssisələri yaxınlıqda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsini götürsünlər. Həmin mərtəbələr yataqxana kimi istifadə olunsun. Əks halda Bakının mərkəzində həmin universitetin yataqxana tikməsi mümkün deyil”.

Zəhərlənmə xəbərləri ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən musavat.com-a bunları deyiblər: “Son günlər kütləvi informasiya vasitələrində heç bir ekspertiza rəyi olmadan qida zəhərlənmələri ilə bağlı məlumatlar yayılmaqdadır. Təbii ki, bütün bunlara səhhətində problem yaranmış şəxslərdən alınmış ilkin məlumatların tələm-tələsik ictimailəşdirilməsi səbəb olur. Lakin laborator müayinələrin nəticəsində yayılmış ilkin məlumatların doğru olmadığı, əksər hallarda isə hadisənin ümumiyyətlə qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı aşkar olunur. Faktlara söykənməyən və bu kimi yarımçıq məlumatların yayılması məsələyə qeyri-peşəkar yanaşmanın göstəricisidir.  İstənilən halda ekspertiza öz rəyini bildirmədən hansısa yarımçıq məlumatın media vasitəsi ilə yayılması yolverilməz və qərəzlidir”. (Musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*