backend

"Televiziyaların təsisçiləri özlərini qanundan üstün hesab edirlər" - Ekspertdən ŞOK AÇIQLAMA

Ölkədə 3 ildir ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qüvvədə olsa da, praktikada bu qanunun işləmədiyini müşahidə edirik. Öncə qeyd edək ki, həmin Qanunun 4-cü maddəsində ailə institutunu nüfuzdan salan informasiyanın uşaqlar arasında dövriyyəsi qadağan edilir, 9-cu maddəyə görə isə “18+” və “16+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yerli vaxtla saat 6:00-dan saat 23:00-dək yayımlanmasına icazə verilmir. Amma təəssüflər olsun ki, buna əməl edən televiziya kanalı tapmaq demək olar ki, müşkül məsələdir. Əksər kanallar reklam marağından və yayım siyasətindən asılı olaraq bu tip zərərli informasiya ilə dolu verilişləri və ya filmləri günün istənilən saatında efirə buraxaraq qanunun tələblərini kobud şəkildə pozur.  Bir sözlə, nümayiş etdirilən filmlərin çoxu və ya tok-şouların əksəriyyəti sanki ailə institutunu nüfuzdan salmağa hesablanıb.

Mövzunu KONKRET.az-a şərh edən media eksperti Ələsgər Məmmədli bildirib ki, teleradio sahəsi dövlət tərəfindən tənzimlənir və nəzarət həyata keçirilir: “Əvvəllə Teleradio Yayımı Haqqında qanun mövcud idi. İndi yeni Media Haqqında Qanunda da bununla bağlı Audiovizual Şuraya xeyli səlahiyyətlər verilib. Orada uşaqların zərərli informasiyalardan qorunması məsələsinin məhz Audiovizual Şura tərəfindən tənzimləndiyi xüsusi vurğulanıb. Amma ilk növbədə ciddi monitorinq aparılmalı və hansı kanalların (lisenziyalı fəaliyyət göstərən teleradio yayımları – red) qanunun tələblərinə riayət etdiyi, hansıların isə buna məhəl qoymadığı araşdırılmalıdır. Bu monitorinq üçün dövlət xeyli vəsait ayırır. Bəzi ölkələrdə (ABŞ və sair) bu, ictimaiyyətin qaldırdığı məsələlər çərçivəsində həyata keçirilir. Yəni ayrıca qurum bu kimi hallara nəzarət etmir və yalnız şikayət gəldiyi zaman baxılır. Bizdə isə tam əksinə, kanaların fəaliyyəti 24 saat izlənməlidir və hətta onların öz yayımlarını bəlli müddət qorumaqla bağlı öhdəlikləri də mövcuddur. Bu baxımdan Audiovizual Şura öz işini düzgün qurmalı və xüsusən qanunun tələblərinə əməl olunmasına nəzarət etməlidir. Əgər bu məsələ ilə bağlı cəmiyyətdə narazılıq varsa və sistemli şəkildə qanunların pozulduğu görünürsə, o zaman fərdlər tərəfindən Audiovizual Şuraya şikayət verilə bilər”.

Ələsgər Məmmədli: "Rusiyanın təbliğat mediasının Azərbaycanda yayılması  qadağan olunmalıdır"

Ekspert əlavə edib ki, televiziyaların mövcud qanuna əməl etməməsinin ən başlıca səbəbi düzgün nəzarət mexanizminin olmaması və məsuliyyət rejiminin işləməməsidir: “Digər tərəfdən lisenziyaların böyük əksəriyyəti yarışma ilə əldə olnmayıb. Bu telekanalların hər birinin arxasında dayanan təsisçilərə Audiovizual Şuranın gücü yetmir. İkincisi, televiziyaların təsisçiləri özlərini qanundan üstün hesab edirlər. Bu da onların məsuliyyətsizliyinə gətirib çıxarır. Bu tip verilişlərin yayımlanması isə uşaqların psixologiyasına mənfi təsir göstərir. Televiziyalarla yanaşı internetdə uşaqlar filtirsiz proqramlara asanlıqla daxil olurlar. Ona görə də bizim uşaqlarımız həm televiziyalar, həm də internet vasitəsi ilə bu tip zərərli informasiyalara məruz qalır”.

Ələsgər Məmmədli bu cür məsələlərin dünya praktikasında necə tənzimləndiyi haqda da fikir səsləndirib: “Dünyada bununla bağlı çox ciddi ölkələr var. İlk növbədə uşaqlar üçün əlçatımlı ola biləcək bütün zərərli informasiyalara internet üzərindən müxtəlif dərəcəli filtirlər tətbiq olunur. Eyni zamanda ailələrə sistemli tövsiyələr olur ki, uşaqların yalnız yox, ümumi salonda, komputerlərin üzünün hər kəsə açıq olduğu mühitdə internetdən istifadəsini təmin etsinlər. Yaxud ağıllı telefonlardan internet bağlantısı ilə yararlanmaqlarına icazə verməsinlər. Televiziyalara gəldikdə isə bu sahə ümumi qanunvericiliklə tənzimlənir. Hər kəs yayım şərtlərinə sistemli əməl etdiyi üçün xarici ölkələrdə bu tip yanaşmalara rast gəlinmir. Əgər uşaqlar üçün zərərli informasiyaların yayımı məsələsi olarsa, dərhal lisenziya mövzusu və kanalların fəaliyyəti ciddi şəkildə araşdırılır, təzminat ödəmə, cərimələnmə və yayımın dayandırılması kimi qabaqlayıcı tədbirlər görülə bilir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*