Türk Dövlətləri Rəqabət Şurası Türk Dövlətləri Təşkilatının (TDT) Baş Katibliyinin koordinasiyası ilə üzv dövlətlərin rəqabət orqanlarını bir araya gətirmək təşəbbüsü ilə yaradılıb.
KONKRET.az xəbər verir ki, Çırağan Sarayında TDT baş katibinin müavini Merey Mukajan, Rəqabət Qurumunun sədri Birol Küle, Rəqabət Qurumunun Xarici Əlaqələr və Rəqabət Təbliğatı Şöbəsinin rəhbəri Zeynep Madan, eləcə də Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan və Macarıstan nümayəndə heyətlərinin iştirakı ilə yığıncaq keçirilib.
Sözügedən ölkələrin rəqabət orqanlarının menecerləri burada öz təsisatlarını təqdim ediblər və Şuradan gözləntilərini bildiriblər.
İclasda Şuranın fəaliyyət çərçivələrini müəyyən edən prosedur və prinsiplər və yol xəritəsi razılaşdırılıb, daha sonra imzalanma mərasimi keçirilib. Bununla da Türk Dövlətləri Rəqabət Şurasının yaradılması elan edilib.
Rəqabət Qurumunun ilk 3 ilində Türkiyə Şuraya sədrlik edəcək. Azərbaycanın ev sahibliyi ilə Şuşada Türk Dövlətlərinin Rəqabət Şurasının növbəti iclasının keçirilməsi planlaşdırılır.
Türk Dövlətləri Rəqabət Şurası ilə bir tərəfdən üzv ölkələr arasında ortaq tarixi, dil və mədəni irs əlaqələrinin gücləndirilməsi, digər tərəfdən rəqabət hüququnun anlaşılması və həlli üçün ortaq araşdırmalar, səfərlər və təlim fəaliyyətləri həyata keçiriləcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az
