“Türk dünyasının birləşməsi göz qabağındadır”- Ruslar dalana dirənib – ŞƏRHbackend

"Türk dünyasının birləşməsi göz qabağındadır"- Ruslar dalana dirənib - ŞƏRH

“Dmitri Peskov türklərin sülhməramlı yaratmadığını desə də, bu, yalnız onların delimitasiya sərhədində olmayacaqları deməkdir. Ancaq Türkiyə qarşıdurmaya qarışaraq nüfuzunu Azərbaycana, Qarabağa, dolayı yolla Ermənistana və Rusiyaya yaymağı bacardı”.

KONKRET.az xəbər verir ki, artıq Rusiyanın sosial şəbəkələrində, digər portal və informasiya kanallarında rus şərhçilərinin dominant mövzusu əsasən budur.

Yəni ruslar ciddi olaraq narahat olmağa başlayıb. Türkiyə öz gücü ilə Cənubi Qafqaza girə bildi. Rusiyanın əl-qolu demək olar ki, bu istiqamətdə tamamilə bağlandı. Rusiyalı hərbi ekspertlər etiraf edirlər ki, bütün yeni regional proseslər göz qırpımında baş verdi.

Ekspertlər, xüsusilə şovinist əhval-ruhiyyəsi ilə seçilən siyasi şərhçilər Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akarın Azərbaycanda yerləşən ortaq monitorinq mərkəzinin yaradılması haqqında imzaladığı memorandumu əlahəzrət fakt kimi qəbul edirlər.

Bəli, Ermənistan istəməsə də, Türkiyənin təmsil olunduğu mərkəz hərbi əməliyyatların dayandırılmasına, hərbçilərin hərəkətinə, barışığın pozulmasına birbaşa nəzarət edəcək və tərəflərin şikayətləri barədə bütün məlumatları toplayacaq.

Əslində nə baş verir və bütün bunların mənası nədir?

1. Təmas xəttində və qaynar nöqtədə Rusiya qoşunları ilə bərabər Türkiyənin mövcudluğu danılmazdır.

2. Peskov yalnız Rusiyanın varlığını səsləndirsə də, Əliyev Türkiyənin münaqişənin dayandırılmasında iştirakından inamla danışır.

3. Münaqişə tam qanuni əsaslarla özünü sərhəd xəttinə bağlayan Türkiyə üçün faydalı olduğu müddətdə dayandırıldı.

4. Azərbaycanla Türkiyənin siyasi birləşməsi göz qabağındadır.

Türkiyə əslində sərhədlərimizdəki qarşıdurmanı idarə edir. Ehtiyac yarandığı təqdirdə koordinasiya olunmuş türk və azərbaycanlı qrupu Qarabağa və Ermənistanın özünə qarşı yeni və daha uğurlu bir hücum başlatmaq üçün hər fürsətə sahibdir (əgər hansısa səbəbdən Rusiya oranı tərk etsə və ya birdən bu bölgədə qalmazsa).

Müharibə dayandırıldı. Ancaq bu, namüəyyən dövrə qədərdir.

Eyni zamanda türklər Qafqazda və Orta Asiyada pantürkizmin əsasını qoymağı bacarırlar: Türkmənistan uzun müddət Türkiyəyə tərəf cazibə göstərir və Xəzərin o üzündə yerləşir. Azərbaycan və Türkmənistanın Türkiyənin himayəsi altında birləşməsi Rusiyanı Xəzərdə məhdudlaşdıracaq və həm Orta Asiyanın, həm də Rusiyanın daxilindəki türkdilli bölgələrin qalan hissəsinə giriş imkanı verəcəkdir.

Qazaxıstan isə zatən Türkiyə ilə əməkdaşlığı ildən-ilə genişləndirir. Çinin qonşuluğunda ABŞ-ın xeyir-duası ilə Türkiyə kimi regional gücün dayanması şübhəsizdir. Söhbət bütün türk dünyasının birləşmiş gücündən gedir. Lider, əlbəttə, bu gücü istiqamətləndirən Türkiyə olacaqdır. Qırğızıstanda isə siyasi proseslər qarışıqdır. Gec-tez qırğızlar da soykökünə birdəfəlik qayıdacaqlar. Unutmayaq ki, artıq tanınmış qırğız siyasətçiləri Azərbaycan Prezidentini qələbə münasibətilə həvəslə təbrik ediblər.

Özbəkistan isə postkərimov dövründə yeni siyasi, iqtisadi mərhələyə qədəm qoyub. Açıq-aşkar görünür ki, bu ölkə Türkiyə modelinə üstünlük verir: turizm, liberal iqtisadiyyat, hərbi sənayenin inkişafı. Türk tarixinin bir hissəsi olan Özbəkistanın Azərbaycana rəğbəti dərindir. Bu, hər addımda hissediləndir. Türkiyənin Azərbaycana tam dəstəyi isə türk dövlətlərini və bölgələrini, o cümlədən Özbəkistanı bərk silkələdi. Bu baxımdan özbək qardaşlarımız müharibəni çox yaxından izlədi.

Bəli, Turan dövlətləri elə belə də düşünəcək: güclü Türkiyənin yanında niyə olmayaq?! Bu ölkənin rəhbərliyi yüksək tərəfdaşlıq kursuna sadiqdir. Heç bir imperialist niyyətdən söhbət belə gedə bilməz. ABŞ-ın dərin dövləti bunları bizdən də yaxşı bilir. Mərkəzi Asiyada və Cənubi Qafqazda türk gücü dolayısı yolla ABŞ-ın gücü deyilmi?

Bax, rusları narahat edən də məhz budur!

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*