Tutaq ki, Vahabzadəni cəzalandırdıq, bəs Jirinovskilər necə olsun? – Vücudu qara qəpiyə dəyməyənlərə CAVABbackend

Tutaq ki, Vahabzadəni cəzalandırdıq, bəs Jirinovskilər necə olsun? - Vücudu qara qəpiyə dəyməyənlərə CAVAB

Milli qürur və təssübkeşlik. Bəzi millətlər bu yüksək mənəvi dəyəri şovinizmlə səhv salanda ortaya “naşistı”, “Asala” kimi faşist meylli, azğın və həyasız qüvvələr çıxır və meydan sulamağa başlayır. Halbuki, maarifpərvər və uzaqgörən insanların milli qürurun keşiyində dayanıb, təkcə sözdə deyil, əməldə də milli təəssübkeşlik çəkib, dövrünün “qaymaq”larını qorumaqla cəmiyyəti irəli aparması olduqca təqdirəlayiq missiyadır.

Azərbaycanın son 100 illik tarixi buna bariz nümunədir. Əgər maarifpərvər və qurucu babalarımız milli şüurun və təfəkkürün təşəkkül tapmasında müstəsna xidmətlər göstərməsəydilər, əsrlərlə işğal siyasətindən əziyyət çəkən millətimiz XX əsrdə iki dəfə müstəqil dövlətini bərqərar edə bilməzdi.

Uzağa getməyək, 1988-ci ildən bəri yaşadığımız fəlakətlərə şahid olanlar arasında milli qürur və təəssübkeşliyə istehza (yumşaq ifadə edirik ‒ müəllif) ilə baxıb, özlərini dünya insanı (?!) adlandıran bəzi qüvvəcikləri görəndə Jirinovski kimilərinin niyə həddini aşıb, millətimizi təhqir etdiyini, dövlət başçımızı təhdid etməyə özündə cəsarət tapdığını anlayırsan.

Xatırlama: bu, həmin Jirinovskidir ki, 1990-cı illərdə dəfələrlə Qarabağa və Çeçenistana nüvə bombası atmağa çağırmışdı. Dünyanın heç bir mədəni ölkəsində belə faşist ünsür partiya rəhbəri, parlamentin vitse-spikeri ola bilməzdi!..

Elə bu günlərdə İsfəndiyar Vahabzadənin gündəmi zəbt etmiş Jirinovskiyə cavabına bəzi reaksiyalardan dəhşətə gəlmək olar. Türk düşməni kimi tanıdığımız, ötən illərdə xalqımızı qoyun, başçımızı çoban adlandıran, Dağlıq Qarabağı Rusiya torpağı (!) elan edən, Azərbaycanı hər zaman təhdid göstərən bu “kartof dolu kisə” ölkəmizə qonaq gəlməyə, Prezident İlham Əliyevin hüzurunda təzim etməyə məcbur olunduqdan sonra bir müddət sussa da, yenə də öz ampluasındadır. Qarabağda mübarizə apardığımız 44 günlük müharibə zamanı yenidən qudurğan açıqlamalar verən bu ürək bulandıran infuzori Qələbəmizdən sonra lap həddini aşıb. Onun müstəqil Azərbaycan dövlətini təhdid etməsi, Azərbaycan Prezidentini amerikalı həmkarının təzyiqi və ölkə müxalifətinin vasitəsilə iki həftə ərzində devirməklə hədələməsi hər bir azərbaycanlıya ünvanlanmış təhqirdir. Çünki xalqımızın övladları öz canı və  qanı bahasına, dövlət başçımız isə intellekti, qətiyyəti və siyasi iradəsi sayəsində torpaqlarımızı geri qaytarıb, təkcə ermənilərə deyil, həm də rus hərbi müdafiə sənayesinə möhkəm dərs verib.

Əlbəttə, yeri gələndə dövlət başçımız ruslara böyük ustalıqla cavab verib. Başı bir qədər siyasətdən və diplomatiyadan çıxan sıravi insan İlham Əliyevin milli maraqlarımızı, hətta digər müstəqil dövlətlərin də maraqlarını qorumaq naminə hansı addımları atdığını yaxşı dərk edir. Bu addımların sədasını təkcə hakimiyyət komandasının deyil, xarici siyasətçilərin bəzi açıqlamalarından duymaq olur.

Amma İlham Əliyevin 2017-ci ilin aprelində müsahibəsi zamanı rusiyalı jurnalist Vladimir Solovyovun “Rusiya Azərbaycanı heç bir vaxt satmaz” fikrinə “Putin heç vaxt satmaz” cavabı ilə etiraz etməsi çox mətləbdən xəbər verir. ВГТРК telekanalının aparıcısı Vladimir Solovyov Vesti.FM-in “Birbaşa əlaqə” verilişinin canlı yayımında çıxış edərkən mükəmməl savadlı, ağıllı, əsl dövlət xadimi kimi səciyyələndirdiyi Azərbaycan prezidenti İlham Əliyevin cavabı qarşısında söz tapa bilmədiyini etiraf etmişdi:  “Rusiya ilə tərəfdaş münasibətləri haqqında danışanda və mən Rusiyanın Azərbaycana heç vaxt xəyanət etməyəcəyini söylədikdə, mənə etiraz etdi: “Heç vaxt xəyanət etməyən Putindir”. Və mübahisə edəcək bir sözüm yox idi”.

Odur ki, bəzilərinin, elə İ.Vahabzadənin də dövlət başçımızın Rusiyadan çəkindiyi və Kremlin sözü ilə oturub-durduğunu iddia etməsi gülüncdür. İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı ermənilərə işğalı gerçəkləşdirməkdə kömək edən məlum dövlətin başçısının da iştirak etdiyi məclisdə “Qarabağ Azərbaycandır!” bəyanatını verməsi, Tovuz hadisələri və Vətən müharibəsi dönəmində zatı qırıq zatulinlərin və ona bənzərlərin də Azərbaycana qarşı yolverilməz davranışı barədə etirazını birbaşa onların yiyəsinə çatdırması, silahların Rusiya tərəfindən Ermənistana ötürülməsini açıq şəkildə bildirməsi, “İsgəndər M” zenit-raket kompleksinə görə Kremldən cavab tələb etməsi, Jirinovskinin ağlasızmaz açıqlamasına görə Rusiyaya nota verilməsi ölkəmizin başçısının dünyanı təcavüzkar siyasəti, kiberhücumları və “noviçik”la hədələyən şimal qonşusundan qorxmadığını göstərir. Bəzən ehtiyatlı hərəkət etmək, təxribatlara yol verməmək isə qorxaqlıq əlaməti deyil. “Ehtiyat igidin yaraşığıdır” deyib atalarımız.

Əlbəttə, “oyunda” düşmənə əlavə top ötürülməsi xeyrimizə deyil. Amma xalqımızı dəfələrlə təhqir edən,  Azərbaycan Prezidentini çevrilişlə hədələmək və barmaq silkələmək cürətinə qalxan birinə həddi mütləq bildirilməli idi. Bu mənada, böyük şairimiz Bəxtiyar Vahabzadənin oğlu, təcrübəli diplomat İsfəndiyar Vahabzadəni qınamaq, onu linç hədəfinə çevirmək, haqqında “heç kimdir” ifadəsini işlətmək, üstəlik, vaxtilə Qarabağ separatçılarından gedib müsahibələr alan, həbsə düşən kimi Azərbaycan Prezidentindən imtina edən “jurnalist”in Bəxtiyar Vahabzadənin şairliyinə və vətəndaş mövqeyinə ləkə vurmaq cəhdi qətiyyən yolverilməzdir. Bütün Türk Dünyası vaxtilə sovet rejiminin təqibinə məruz qalmış Bəxtiyar Vahabzadənin adını qürurla çəkir, Azərbaycandan qardaş dəstəyini heç bir zaman əsirgəməyən Türkiyənin hörmətli Prezidenti Rəcəb Tayyib Ərdoğan onun şeirlərini yüksək tribunalardan səsləndirir. Bəxtiyar Vahabzadəni vaxtilə sovetin repressiya rejimindən qoruyan şəxsiyyətlərdən biri görkəmli dövlət xadimi Heydər Əliyev olub. İndi vücudu qara qəpiyə dəyməyən, milli maraqlarımıza hər zaman xələl gətirən ruspərəst gədə öz tayı Jirinovskinin deyil, məhz Bəxtiyar Vahabzadənin ünvanına həqarət yağdırır, onun Hüseyn Cavidin və Mikayıl Müşfüqün yanında şair olmadığını iddia edir, şairin oğlunu öz sözlərinə görə cavab verməli olacağı ilə hədələyir. Beləsinə deyərlər, bəs sən kimsən?..

Azərbaycan Xalqı, Dövləti və Prezidenti təhqir və təhdid edilir. Bir sıra KİV-dən və bir-iki nəfərdən başqa hamı susur. Əminik ki, Azərbaycan hakimiyyətinin güclənməsini heç istəməyən keçmiş məmurlar, rusiyapərəstlər, iranpərəstlər çox sevinirlər. Bura illərdir “narıncı inqilab” sevdası ilə yaşayanları da aid etmək olar.

Azərbaycan Prezidentinin yanında təşkil olunan tədbirlərə dəvət edilməyən kimi şikayətlənən, “bizi saymadılar” deyə səslərini ucaldan, ev, maşın, təqaüd, pensiya tələb edən ziyalılar susurlar. “Rusdilli” məsələsi ortaya çıxan kimi yaxasını ləçərsayağı cıranlar səslərini çıxarmırlar. “Möhtərəm, əziz Prezidentim” sözlərini dillərində möhür edənlər sükutlarını pozmurlar. Halbuki söhbət Qarabağı, gözəl Şuşamızı ermənilərdən geri alan, Xankəndidə də Azərbaycan bayrağının ucaldılacağı günü yaxınlaşdırmağa çalışan, azad edilmiş torpaqlarımızda böyük quruculuq işlərinə başlayan, bizə qürurlu və sevincli anlar yaşadan, bütün dünyaya siyasi, diplomatiya və hərbi gücümüzü nümayiş etdirən dövlətimizdən və dövlət başçımızdan gedir.

Jirinovskiyə və havadarlarına kim cavab verdi? Vaxtilə müxtəlif dövlət vəzifələrində, uzun illər diplomatiya sahəsində çalışmış Azərbaycandilli, hazırda müxalif siyasi mövqedə olan 67 yaşlı İsfəndiyar Vahabzadə. Xalq şairi, əsl Azərbaycanpərəst Vəxtiyar Vahabzadənin övladı xalqımızın və dövlət başçısının təhqir və təhdid olunmasına etiraz səsini ucaltdı. Ölkəmizdəki azad söz və ifadə hüququndan istifadə edərək, Jirinovskiyə sərt cavabını verdi. Xalqı heyvana bənzətməyin acılığını da bu təlxək məxluqa və onun yiyələrinə daddırdı. Hərçənd, həmin millətin soyadlarının əksəriyyəti heyvan və həşərat adları üzərində yaranıb… Pis edib, yaxşı edib, bu, İsfəndiyar Vahabzadənin mövqeyidir. Heç kim onu öz məntiqli mövqeyindən daşındıra bilməz. İ.Vahabzadə hansısa milləti, özü də xalqımızın başına müsibətlər açmış dövlətin əhalisini və ya mənfur düşmən adlandırdığımız ermənilərin havadarını zorən sevməyə məcbur deyil. Bu ziyalımız özündə cəsarət tapıb, xalqımızı təhqir edənə layiqli yerini göstərib. Bəlkə də cəmiyyətin, elə vəzifədə olanların çoxunun ürəyindən tikan çıxarıb.

Amma bizə hədyanlar yağdıranların istəyi ilə onun haqqında cinayət işinin açılması qəbuledilməzdir. Bunu ölkəmizə hər məqamda düşmən münasibəti bəsləyən, bütün mənəvi-əxlaqi dəyərləri aşan, başqa dövlətin nümayəndələri olan hansısa Tolstoyun və Jirinovskinin tələb etməyə heç bir haqqı yoxdur. Əslində milli təəssübkeşliyə və qürura dəyər verən  bütün deputatlar, siyasi partiyalar və ziyalılar ardıcıl olaraq Rusiyanın qanunvericilik və digər dövlət orqanlarına etiraz bəyanatları ünvanlamalı, Volf oğlu Jirinovskinin və Tolstoyun ölkəmizi və dövlət başçılarımızı təhdid etmələrinə sərt münasibətlərini nümayiş etdirməli, rusiyalı deputatların yolverilməz davranışlarına son qoyulmasını tələb etməlidirlər. Onlara açıq şəkildə bildirilməlidir ki, əgər Baydenin və ölkə müxalifətlərinin vasitəsi ilə dövlət çevrilişi etmək istəyirlərsə, bunu inqilaba hamilə olan öz ölkələrində etsinlər.

Azərbaycanda dövlət çevrilişi təhdidi yürümür, heç ayaq da tutmur…

O ki qaldı milli təəssübkeşliyə, əminik – Azərbaycan Prezidenti İlham Əliyev vaxtilə Macarıstanda erməni təxribatına cavab verməyə məcbur olan hərbçimiz Ramil Səfərovun müdafiəsində necə dayandısa, indi də böyük şairimizin oğlunun hüququnu qoruyacaq. İ.Vahabzadə müxalifətdə olsa belə… Çünki İ.Vahabzadə də rus nankor deputatlarının təxribatını cavablandırmağa məcbur olub…

Xatirə SADİQ,

KONKRET.az

P.S.Milli təəssübkeşliyinə görə İsfəndiyar Vahabzadəyə təşəkkürümü bildirirəm. Dünya insanı olmaq məhz milli təəssübkeşlikdən başlayır. Çünki yalnız öz millətini sevən şəxs başqa millətə acı günləri rəva görməz. Öz anasını sevməyən – özgə qadınların hörmətini bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*