Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk Rusiyanın təklif etdiyi humanitar dəhlizləri qəbuledilməz adlandırıb.
KONKRET.az-ın BBC-yə istinadən xəbərinə görə, Baş nazirin müavini təklif edilən humanitar dəhlizlərin Belarus və ya Rusiya istiqamətində olmasının Ukrayna üçün qəbuledilməz olduğunu bəyan edib.
“Bu humanitar dəhlizlərin açılmasının qəbuledilməz yoludur. Bizim insanlarımız Rusiyaya göndərilmək üçün Kiyevdən Belarusa getməyəcəklər”, – Vereşçuk bildirib.
O, ABŞ, Böyük Britaniya və Fransanı dəhlizlərin yaradılması ilə bağlı yardım etməyə çağırıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuat xidmətinin məlumatında bildirilib ki, Ukrayna vətəndaşlarının öz evlərini Ukrayna ərazisi ilə tərk etməsinə icazə verilməlidir.
Qeyd edək ki, Rusiya humanitar dəhlizlərin yalnız öz ərazisinə və Belarusa doğru olacağını bildirmişdi.
