Ukraynaya 40 min “qladiator” göndərən Qərb nəyi hədəfləyir? – SENSASİON FAKTLARbackend

Ukraynaya 40 min "qladiator" göndərən Qərb nəyi hədəfləyir? – SENSASİON FAKTLAR

Dünyanın gözü Ukraynadadır. İnsanlar bəzən nəfəs çəkmədən bu ölkədə baş verənləri dəqiqəbədəqiqə izləyirlər. Əfsuslar olsun ki, sivilizasiyanın gözü qarşısında Ukraynada insanlıq ölür. Rusun gülləsindən yox, bəşəriyyətin laqeydliyindən, böyük dövlətlərin hərisliyindən və ən nəhayət boşqabda fırtına yaratmaq istəyən “zelenskilərin” iddiaları üzündən insanlıq dəfn edilir…

Bəli, Ukraynada müharibə gedir. Amma müharibənin də tarixdən bəlli olan qanunları, qaydaları var. Di gəlki, Ukraynadakı müharibə ənənəvi qaydalardan kənara çıxıb, özü də lap çox.

Bəllidir ki, Ukrayna Rusiya ordusu qarşısında tab gətirmir. Təbii ki, Zelenski də kömək üçün özünə dost bildiyi ölkələrdən hərbi yardım istəyir. Dost ölkələr isə Zelenskiyə döyüşmək üçün nizami ordu yox, kinolardan gördüyümüz qladiatorlar, yəni pul üçün döyüşən qanqsterləri göndərirlər. Bu isə hərbi yardım deyil, bu insanlığı məhv eləmək üçün bir oyundur.

Ötən gün Qərb mətbuatı fəxrlə yazır ki, son 10 gündə Ukraynaya 40 min muzdlu döyüşçü gəlib. 40 min az qüvvə deyil. Baxmayaraq ki, əksəriyyəti qeyri-peşəkar olan bu muzdlular rusları əzmək, geri çəkilməyə məcbur etmək üçün deyil, pul qazanmaq üçün gəlirlər. Uzaq və yad ölkədən gələn qatil üçünsə nəticə yox, səbəb maraqlıdır. Yəni müharibənin qurtarması onlar üçün maraqlı deyil. Əksinə onlar istəyir ki, Ukraynada müharibə illərlə davam eləsin ki, istədikləri pulu qazana bilsinlər. Bu isə o deməkdir ki, muzdlular hərəkatını dəstəkləyən ABŞ və Qərb Ukraynanı Suriyanın, İraqın, Əfqanıstanın gününə salmaq istəyirlər. Onlar üçün 40 milyon ukraynalıların taleyi maraqlı deyil. Maraqlı olan Rusiyanı Ukrayna bataqlığına çəkmək, onu burda zəiflətmək və sonunu tez gətirməkdir.

Qərbin və ABŞ-ın bu niyyəti isə insanlığa və ədalətə yaddır. Ona görə deyirəm ki, Ukraynada insanlıq ölür.

Ən dəhşətlisi də odur ki, marianetka Zelenski də ABŞ və Qərbin bu qorxunc niyyətinə həvəslə dəstək verir. Və bəzi qeyri-insani addımları ilə hətta Qərbli cəlladları geridə qoyur.

Məsələn, ötən günlərdə Zelenski qərar verdi ki, mülki əhaliyə silah paylanılsın. Bu sivilizasiya tarixində bir ilkdir. Bu xalqı xaosa, qırğına sürükləməyin ən sonuncu yoldur. Deməli, ixtiyari ukrayna vətəndaşı silahlana bilər və küçədə(dəxli yoxdur cəbhə bölgəsidir, ya yox) istədiyi adamı öldürə bilər. Və bu törətdiyi qətl və yaxud qətliamlar üçün qatil heç bir məsuliyyət daşımır. Guya ki, vətəndaş özünü təcavüzdən qoruyur. Sizcə, bu nə qədər doğru qərardır.

Zelenskinin digər qərarı da bundan geri qalmır. Həmin qərarda deyilir ki, “harada rus əsgəri görsəniz öldürün”. Bu qərarı verən debil başa düşmür ki, hazırda Ukraynada əksər kişilər hərbi formada gəzir. Və həmin hərbi formanın hansı dövlətə aid olduğunu heç də hər sadə Ukrayna vətəndaşı bilmir. Ona görə də,  Zelenskinin bu və yuxarıda danışdığımız digər qərarı qardaş qırğınına və insanlığın məhvinə hesablanmış bir addımdır. Təbii ki, Zelenski verdiyi hər bir qərarı Qərblə razılaşdırır. Qərb üçün isə yerli dinc əhalinin asayişi yox, daha çox insan tələfatı maraqlıdır. Çünki hazırda Ukraynada öldürülən ixtiyari insan rusların ayağına yazılır. Belə qeyri-insani qərarla Qərb sivilizasiyanı Rusiyaya qarşı nifrətə kökləmək və təkcə Putini deyil, 150 milyonluq rus xalqını məhv etmək istəyir.

Bəli, bu gün Ukraynada baş verənlər və Zelenskinin addımları müharibə qanunlarına tərs-mütənasibdir. Uzağa getməyək. 44 günlük Qarabağ savaşını yada salaq. Həmin günlərdə Azərbaycanda fövqəladə vəziyyət elan edilmişdi. Gecə saatlarına insanların hərəkəti məhdudlaşdırılmışdı. Təxribatların qarşısını almaq üçün metro və əhalinin gur olduğu digər yerlər bağlanmışdı. Sosial şəbəkələr işləmirdi. İnformasiya mərkəzləşdirilmişdi və s. Amma biz bunların heç birini indi Ukraynada görmürük. Bu gün Ukraynanın sosial şəbəkələri sensasiyalar meydanına çevrilib. Kimin ağlına nə gəlir yazır, paylaşır. Hələ elektron və yazılı mətbuatı demirəm. Hər kəsin öz məlumat qaynağı var. Metrolar, böyük ticarət mərkəzləri istənilən terrora açıqdır.

Zelenski isə tarixi təcrübəyə deyil, Qərbə arxalanır. Qərb isə ukraynalıların kütləvi qırğınına çoxdan “ok!” verib. Çünki, rusları bəşəriyyətin gözündən salmaq üçün Qərbin əlinə çətin ki, bir də belə bir fürsət düşsün.

Mən bir daha muzdlular məsələsinı qayıtmaq istəyirəm. 44 günlük müharibədə ABŞ və Qərb Azərbaycan prezidentini və hökümətini boğaza yığmışdı ki, “sizdə muzdlular döyüşür”. Makron bu məsələ ilə bağlı, bəlkə, 5 dəfə Azərbaycan prezidentinə zəng elədi. Baxmayaraq ki, ortada heç bir fakt yox idi. Lakin indi Qərb açıq şəkildə Ukraynaya muzdluları göndərir və onlara hər cür yardımı göstərir. ABŞ prezidenti utanmadan deyir ki, “Ukraynaya getmək üçün 3 min keçmiş hərbçi səfərbər olub”.

Bəs, hanı Qərbin ədalət tərəzisi? Bir vaxtlar muzdlular məsələsində fakt olmaya-olmaya açıq şəkildə Azərbaycanın üstünə gələn Qərb indi özü Ukraynaya 40 minlik muzdlu ordusu göndərir. Bununla da Qərb hər zaman olduğu kimi bu gün bir daha həqiqətin və ədalətin üzünə tüpürdü. Onu dəyərsiz bir şey kimi ayaqlar altına atdı.

Sonda onu demək istəyirəm ki, Ukraynadakı “xəmir hələ çox su aparacaq”. Axırda kimin məğlub, kimin qalib olacağını dəqiq deyə bilməsəm də, bir məsələni dəqiq bilirəm. Zelenski Qərbin pulla tutulmuş əsgəridir. O, əmr quludur. O qalib gəlmək üçün deyil, ağalarının xoşuna gəlmək üçün vuruşur. Vəssəlam!..

Surxay Atakişiyev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*