Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayının əhalinin tələbatını tam qarşılamaması, mövcud bağçaların bir hissəsinin müasir standartlara cavab verməməsi və infrastruktur problemləri bu sahənin əsas məsələləri olaraq qalır. Bağçalarda qidalanma, sanitar qovşaqlar, kadr təminatı və təhsilin keyfiyyəti ilə bağlı problemlərin həlli istiqamətində hansı addımlar atılır? Dövlət məktəbəqədər təhsil müəssisələrinin yükünün azaldılması üçün hansı layihələr həyata keçirilir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, uzun illər məktəbəqədər təhsil müəssisələrinin yerli icra hakimiyyətlərinin tabeliyində olması bu sahədə ciddi problemlərin yaranmasına səbəb olub.

Ekspertin sözlərinə görə, son illərdə bağçaların idarə olunması və fəaliyyətinin təşkili ilə bağlı bir sıra texniki və institusional tədbirlərin həyata keçirilməsinə başlanılıb:
“Son bir neçə ilə qədər Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin yerli icra hakimiyyətlərinə tabeliyində olması bu sistemdə çox böyük böhran yaratmışdı. Artıq bir neçə ildir ki, bağçalarla bağlı müəyyən texniki prosedurlar həyata keçirilməyə başlanılıb. Proqramların yenilənməsi, qidalanmanın təşkili, sanitar qovşaqların yenilənməsi, rəhbərliyin formalaşdırılması, müəllimlərin yenidən işə qəbulu, çalışan müəllimlərin ixtisas uyğunluğunun yoxlanılması və diaqnostik qiymətləndirmə istiqamətində işlər görülür. Qarşıdakı mərhələdə isə onları sertifikasiya prosesi gözləyir”.
Məzahir Məmmədli qeyd edib ki, Azərbaycanda əhalinin təxminən 30 faizi məktəbəqədər təhsil müəssisələrinin xidmətlərindən istifadə edir. Onun fikrincə, bu göstərici kifayət qədər aşağıdır və mövcud tələbatın tam qarşılanmadığını göstərir.
Ekspert problemin həlli üçün özəl sektorun məktəbəqədər təhsil sahəsinə daha geniş cəlb olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, bu istiqamətdə müəyyən təşəbbüslər irəli sürülüb:
“Ölkə səviyyəsində belə bir təşəbbüs var ki, özəl sektorun da bu işə cəlb olunması ilə dövlət bağçalarının üzərinə düşən yük bir qədər azaldılsın. Hazırda 200-ə qədər özəl məktəbəqədər təhsil müəssisəsi var. Bu müəssisələr üçün müəyyən stimullaşdırıcı addımlar atılır. Ayrı-ayrı qrant layihələri təklif olunub. Valideynlərə də çağırışlar edilir ki, özəl bağçalara müraciət etsinlər. Bu zaman ödənişin müəyyən hissəsinin, o cümlədən yarısının dövlət tərəfindən qarşılanması nəzərdə tutulur”.
Onun sözlərinə görə, bu cür mexanizmlər vasitəsilə həm dövlət bağçalarının yükünün azaldılması, həm də valideynlərin məktəbəqədər təhsilə çıxış imkanlarının genişləndirilməsi hədəflənir. Lakin ekspert bu təşəbbüslərin nə dərəcədə effektiv nəticə verəcəyini zamanın göstərəcəyini bildirib.
Mütəxəssis bağçalarda uşaqların qidalanması məsələsinə də toxunub. Onun sözlərinə görə, bu istiqamətdə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət mexanizmləri həyata keçirilir:
“Qidalanma ilə bağlı məsələdə aidiyyəti qurumlar, o cümlədən məktəbəqədər təhsil sahəsinə cavabdeh dövlət strukturları nəzarət funksiyasını yerinə yetirirlər. Qida Təhlükəsizliyi Agentliyinin də müəyyən məsələlərlə bağlı nəzarət mexanizmləri var”.
Məzahir Məmmədli hesab edir ki, dövlət və özəl sektorla yanaşı, valideyn-müəssisə əməkdaşlığının da inkişaf etdirilməsi vacibdir. Onun fikrincə, problemin həlli yalnız yeni bağçaların tikilməsi ilə məhdudlaşmamalıdır.
“Artıq bağçalarla bağlı özəl və dövlət müəssisələri ilə valideynlər arasında əməkdaşlıq müəyyən mərhələyə çatdırılıb. Bundan sonra bu istiqamət daha da inkişaf etdirilməlidir. Yeni bağçaların açılması, əlbəttə, problemin tam həllini təmin etməyəcək. Planın tərkib hissəsi kimi məktəbəqədər təhsil müəssisələrində bu işlər ən azı dövlət səviyyəsində sistemli şəkildə həyata keçirilməlidir”, – deyə ekspert əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
