ABŞ-ın Yaxın Şərqdəki keçmiş müttəfiqləri Baydenin bölgədəki uğursuz siyasəti ilə əlaqədar ondan üz döndərirlər. Onların yerini Rusiya və Çin tutur. İndi çoxları Baydenin ABŞ-ın itirilən nüfuzunu gücləndirmək qabiliyyətində olduğuna şübhə edirlər.
Şərqi Avropada baş verən hadisələr Amerika müttəfiqlik sisteminin nüfuzunun və gücünün sınağıdır. Almaniya və Yaponiya kimi ABŞ-ın digər müttəfiqləri də onları təhlükəsiz saxlayan nizamı qorumaq üçün Avropa və Asiyanı birləşdirmək istəyirdilər. Ancaq Yaxın Şərqdə bu baş vermədi.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman enerji hasilatını artırmağı xahiş edən Fransa Prezidenti Emmanuel Makrona deyib ki, krallıq Moskva ilə neft hasilatı müqavilələrinə sadiq qalmağa üstünlük verir. ABŞ-ın uzun müddətdir əsas müttəfiqi olan Birləşmiş Ərəb Əmirlikləri də BMT Təhlükəsizlik Şurasının qətnaməsinə səs verməməkdə eyni dərəcədə laqeyd idi. Düzdür, onlar sonradan Baş Assambleyada daha az sərt qətnaməni dəstəklədilər. Suriyada Hizbullah və İrana qarşı Rusiya ilə birgə fəaliyyətdə olan, Ukrayna ilə yaxın əlaqələr quran İsrail indi həm ABŞ, həm də Rusiya ilə qarşıdurmadan qaçmaq istəyir. Çünki onlar arasında xaotik münasibətləri idarə etmək məcburiyyətindədir.
Təbii ki, belə vəziyyət Amerikanın Yaxın Şərqdəki müttəfiqlik sistemi üçün bir fəlakət oldu. İraqdan vaxtından əvvəl geri çəkilmə, “ərəb baharı” ilə bağlı siyasətin inkişaf etdirilməməsi, xüsusilə, Misirə, Liviyaya müdaxilənin acınacaqlı nəticələri və Suriyada Rusiya ilə İranın burada üstünlük əldə etməsi və digər səbəblər Amerikanın səriştəsizliyi və etibarsızlığı haqqında böyük təəssürat yaratdı. Prezident Obama İranla nüvə sazişi əldə etmək üçün ABŞ-ın daimi müttəfiqlərinin əsas təhlükəsizlik maraqlarını qurban verdi. Bu və digər səbəblər, təbii ki, Amerikanın etibarsızlığının əyani sübutudur.
Tramp dövründə ABŞ-ın siyasəti zahirən Yaxın Şərqdəki tərəfdaşları üçün əlverişli olsa da, regionda çox az adam Prezident Trampın səriştəsinə və ya onun qətiyyətinə inanırdı. Bu gün bütün Yaxın Şərqdə Rusiya və Çinlə yaxşı münasibətlər quran ölkələr ABŞ ilə əlaqələrin dəyərsizliyini düşünür. Əgər Amerika Rusiya və Çinin gələcək irəliləyişlərinin qarşısını almaq və Yaxın Şərqdə mərkəzi mövqeyini bərpa etmək istəyirsə, Ağ Ev regiondakı siyasətini təcili olaraq dəyişməlidir.
“Wall Street Journal”, ABŞ. 7 mart 2022.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az
