Bu gün dünyanın bir çox ölkələrində yüzminlərlə azərbaycanlı yaşayır. Lakin ölkəsində olmayan azərbaycanlılar vəfat edərkən onların dəfn məsələsi sual altında qalır. Bəzi hallarda hətta ölən şəxsin ailəsi öz yaxınlarının cənazəsini ala bilmir. Maraqlıdır, bu məqamda nə edilməlidir?.
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Ceyhun Cəfərli bildirib ki, xaricdə yaşayan soydaşımız vəfat edəndə sənədləşmə işləri həll edilir və cənazə Azərbaycana gətirilir. Cənazənin Azərbaycana gətirilməsi mümkündür. Sadəcə olaraq nəqliyat məsələsini həll etmək lazımdır. Bu isə cənazə sahiblərinin iradəsi ilə olan məsələdir. Təşkilati işlər və nəqliyyat xərcləri təmin edilməlidir. Ölən şəxslərin ailə üzvləri və yaxınları onun öz ölkəsinə nəqlini və dəfnini təşkil etmirsə, cənazə yandırıla bilir. Bu dünyanın əksər ölkələrində belədir. Bununla bağlı müxtəlif ölkələrdə müxtəlif qurumlar var. Adətən belə məsələ vətəndaşlıq məsələsi ilə həll olunur. Hər bir yaşayış məntəqəsinə aid qəbiristanlıq var. Vətəndaşlığı olan şəxslərə bu qəbiristanlıqda dəfn üçün yer ayrılır. Əgər ölən şəxs həmin ölkənin vətəndaşı deyilsə və bu şəxsin kimsəsi yoxdursa, onun cəsədi yandırıla da bilər”.

Sosioloq bildirib ki, cənazənin öz ölkəsinə gətirilməsi ilə bağlı məcburiyyət yoxdur: “Hər bir insan öz ölkəsində dəfn olunmalıdır və onun cənazə işləri dövlət hesabına həll edilməlidir deyə qanun, norma yaxud konvensiya yoxdur. Cənazənin öz ölkəsinə gətirilməsi müzakirə edilir və ailəsinin iradəsi əsasında təşkil edilir. Elə bir ölkə ola bilər ki, cənazənin nəqli mümkün olmaz. Yaxud nəqliyyat prosesi böyük xərc tələb edə bilər. Əgər cəsədin nəqli mümkündürsə və ölən şəxsin ailəsi maddi xərcləri qarşılayırsa, problem olmur. Səfirlik siyasi təşkilatdır. Bu məsələyə konsulluq baxa bilər. Lakin konsulluq da müəyyən yardım edə bilər. Dövlət vətəndaşı üçün dəfn xərci ayırır. Bundan əlavə dövlətdən nə isə gözləmək olmaz. Ölən şəxsin cənazəsinin ölkəsinə nəql edilməsinin xərclərini dövlət ödəmir. Bu barədə norma yoxdur. Dövlət bu məsələyə pul ayırmır və ayıra da bilməz”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
