Yasamaldakı görüntülər klip çəkilişindən imiş – VİDEObackend

Yasamaldakı görüntülər klip çəkilişindən imiş - VİDEO

Dünəndən sosial şəbəkələrdə Yasamal rayonunda polisə dəstək üçün eyvanlardan mahnı oxuyan gənclər müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, 10 gənc eyvanda mahnı oxuyaraq polisə gül atıb. Xalq artisti Zeynəb Xanlarovanın “Yaşa, Azərbaycan!” mahnısını oxuyan gənclərin muğam müsabiqələrinin qalibləri və laureatları olduğu məlum olub.

İdeyanın təşəbbüskarlarından biri, bir çox muğam festivallarının qalibi Gülzar Fərəcova qeyd edib ki, sözügedən görüntülər klip çəkilişindəndir:

“Əslində, həmin ərazini seçməyim təsadüfi deyildi. Qarşıdan Azərbaycan polisinin peşə bayramı gəlir. Mən özüm də polis ailəsində doğulmuşam. Babam polis rəisi olub. Bilirsiniz ki, Qarabağ döyüşlərində 1000-ə yaxın polis işçisi torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Biz də qərarlaşdırdıq ki, Şəhidlər Xiyabanında onların məzarlarını ziyarət edək, daha sonra həmin ərazidə olan yaşayış binalarının birində polislərə dəstək üçün mahnı oxuyaq. Həmin binada rəfiqəm qaldığı üçün bizə çox kömək etdi. Orada ifa edənlərin əksəriyyəti qarabağlıdır. Damarlarımızda Qarabağ qanı axır. Aramızda neçə nəfərin ailəsində şəhidlər olub. Mənim atam Qarabağ əlilidir. 1992-94-cü illərdə Ağdamda baş verən döyüşlərdə iştirak edib. Həmçinin əmim oğlu da torpaqlarımız uğrunda şəhid olub. Həmkarımız Elgizin atası isə gözündən əlildir. O da Qarabağ döyüşlərinin iştirakçısı olub. Bundan başqa, iki dayısı itkin düşüb, onlardan hələ də xəbər yoxdur. Bir dayısı isə şəhid olub.

Bunları deməkdə məqsədim odur ki, bu çətin günlərdə bizi qoruyanlardan biri də polis işçiləridir. Onlara bacardığımız kimi dəstək olmağa çalışdıq. Həm də bina sakinləri üçün qısa müddətlik də olsa həyatlarına əyləncə qatmaq istədik.

Etiraf edim ki, bu təşəbbüsümüzlə bağlı xəbər səhifələri qarayaxma kampaniyasına başlayıb. Bizim ünvanımıza təhqiramiz ifadələr işlədərək, şərəf və ləyaqətimizə əl uzadıblar. Onlardan soruşmaq istəyirəm ki, görəsən belə saxta məlumatlar yaymaqla nəyə nail olmaq istəyirlər? Utanmırlar? Mən və həmkarlarım dəfələrlə Azərbaycan bayrağını xarici ölkələrdə dalğalandırmışıq. Mükafatlar qazanaraq muğamımızı tanıtmışıq. Elə keçən ilin bu yayında mən 115 ölkədə müxtəlif mahnı müsabiqələrində iştirak etmişəm. Ermənilərin qarşısında “Anadır arzularım hər zaman Qarabağ” mahnısını oxumuşam.

Təsəvvürünüzə gətirirsiniz, ermənilər ayaqüstə ifamı alqışlayıb. Litvanın ən çox ermənilərin yaşadığı Birştonas şəhərində müsabiqədə iştirak edərək yenə də “Qarabağ” mahnısını ifa etdim. Qalib gəlməyim qalsın bir kənara, düz bir ay Azərbaycan bayrağı həmin şəhərdə dalğalandı. Görəsən indi bizə qara yaxmağa çalışanlar onda harda idilər? Niyə bu uğurlarımız barədə bir cümlə belə yazmamışdılar? Bəli, biz həmin çəkilişdən sonra dönər sifariş etmişik və elə klipimizin çəkildiyi parkda da yemişik. Nə var ki bunda?

Biz Azərbaycanı onun hüdudlarında tanıdan gənclərik. Mədəniyyət işçiləriyik. Bizim mədəniyyətsizliklə işimiz yoxdur. Bu qədər Qarabağlı muğam ifaçısını bir araya toplayaraq insanlara xoş bir şey etmək istədik. Əslində sizə bir şeyi də etiraf etmək istəyirəm. Bizim bu təşəbbüsümüz polislərin peşə bayramına həsr etdiyimiz klipin bir hissə idi. Düzdür biz onu məhz iyulun 2-də təqdim etmək istəyirdik. Ancaq bu gün edəcəyik. Görəsən belə məlumatlar yazan o insanlar kimə qulluq edir?

Təbii ki, gördüyümüz işi təhqir edənlər bizi və bizim kimi ifaçıları heç vaxt ruhdan sala bilməz. Çünki biz bu vətənə, bu xalqa xidmət edirik. Hazırladığımız klipi isə bizim üçün canını qurban verən ilk şəhidlərimiz olan polislərə ithaf etmişik. İnşallah vaxt gələcək biz “Yaşa, Azərbaycan!” mahnısını elə Qarabağda, sakinlərin eyvanlarına çıxaraq ifa edəcəyik”./qafqazinfo/

  • Zamina Elturan
    İyul 23, 2020 - 18:23

    Çox təsirli səhnədi.Hətta gözlərimdən yaş süzüldü.Azərbaycanı yaşatmaq hər birimzin borcudu.Kim deyib,unutmuşam,amma mənalı deyib-“QIZLAR İNCİMƏSİN,ONLARDAN ƏVVƏL VƏTƏNİ,TORPAĞI SEVİR OĞLANLAR.Şəhid polislərimizin ruhu şad olsun!Amin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*