Yaxın vaxtlarda Azərbaycanda distant təhsilin tətbiqi və diplomların tanınması mümkündür? – AÇIQLAMAbackend

Yaxın vaxtlarda Azərbaycanda distant təhsilin tətbiqi və diplomların tanınması mümkündür? – AÇIQLAMA

Pandemiya dövründə bir sıra sahələrdə olduğu kimi təhsil sektorunda də ciddi problemlər ortaya  çıxdı. İl yarım müddətdə şagird və tələbələr onlayn rejimd təhsilə davam etdilər. Bu, özlüyündə distant təhsil məsələsinin nə qədər vacib olduğunu bir daha ortaya qoydu. Təhsil naziri Emin Əmrullayev də bildirib ki, bir çox ölkələrdə distant təhsil tətbiq olunur və diplomu da rəsmən tanınır. Ancaq ölkəmizdə təhsilin distant forması ilə bağlı şərtlər bir az fərqlidir. Təhsil naziri Azərbaycanda distant təhsil formasının tətbiqi istiqamətində işlər görüldüyünü və yaxın zamanlarda yeni sistemin işə salınacağını söyləyib.

Maraqlıdır, ölkəmizdə distant təhsilin tətbiqi mümkündürmü? Ümumiyyətlə, Azərbaycanda distant təhsil nə dərəcədə effektiv ola bilər? Distant təhsil alan şəxslərin diplomları tanınacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, distant təhsil ali məktəblər üçün çox vacib olan təhsil formasıdır: “Bu, Təhsil Haqqında Qanunda təhsilin formalarından biri kimi öz əksini tapıb. Lakin buna baxmayaraq pandemiyaya qədər Azərbaycanda  sözügedən məsələyə lazımi diqqət yetirilməyib. Pandemiya şəraitində əyani təhsil arxa plana keçdi və distant təhsil aktuallıq qazandı. Təcrübə göstərdi ki, təhsildə yaranan fasilələrin qarşısının alınmasında distant təhsilin çox böyük əhəmiyyəti var. Distant təhsil olmasaydı, istər orta, istərsə də ali məktəblərdə il yarımdan çox müddətdə təhsildən təcrid olunacaqdıq. Ona görə də, indi yeni çağırışlara hazır olmalıyıq. Heç kim pandemiyanın başqa formada təzahür etməyəcəyinə zəmanət vermir. Ona görə də distant təhsil vacibdir. Distant təhsil orta məktəblər üçün xarakterik olmasa belə, orta ixtisas və ali məktəblər üçün çox vacib olan təhsil formasıdır”.

Təhsil eksperti statusunun verilməsinə ehtiyac yoxdur-Nadir İsrafilov -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Ekspert diplomların tanınması ilə bağlı problemlərdən də danışıb: “Distant təhsillə tələbə kompüter qarşısında İngiltərədə, Fransada, Yaponiya kimi ölkələrdə rahatlıqla təhsil ala bilər. Vaxtilə təhsilin bu forması ilə bağlı xüsusi təlimatların hazırlanması haqda müzakirələr aparıldı. Bolonya təhsil sisteminin əsas şərtlərindən biri Avropada vahid təhsil məkanı yaratmaq və diplomların qarşılıqlı tanınmasıdır. Təəssüf ki, bu mexanizm işlək olmadı. Bizim diplomları bəzi ölkələr tanımır. Həmçinin Azərbaycan da bəzi ölkələrin diplomunu qəbul etmir. Distant təhsil alan şəxslərin də diplomunun bir müddət tanınmaması gündəmdədir. Çünki Bolonya təhsil sisteminin özündə ziddiyətli məqamlar var. Bəzi  ölkələr hətta bu sistemdən çıxmaq istəyir. Ona görə də indi təkmilləşmə işləri aparılır. Diplomların tanınması və ya ikili diplomların verilməsi ilə bağlı universitetlər arasında müqavilələr imzalanır. Əvvələr Təhsil Nazirliyində diplomların tanınması ilə bağlı xüsusi idarə yaradılmışdı. Bu idarə yeni yarandığı vaxtda diplomların tanınması ilə bağlı minlərlə məhkəmə işi var idi.  Lakin indi bu məsələ bir qədər təkmilləşib. Digər tərəfdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb. Agentlik belə məsələləri operativ qaydada həll edir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*