Yuri Boçarov: “İkinci Qarabağ müharibəsi Türkiyə ilə İsraili dost etdi”backend

Yuri Boçarov: “İkinci Qarabağ müharibəsi Türkiyə ilə İsraili dost etdi”

Bu ayın əvvəllərində Türkiyə 2 illik fasilədən sonra İsrailə yeni səfir göndərdi. Qeyri-rəsmi məlumatlara görə, Qüdsdəki İbrani Universitetinin məzunu və Türkiyə Xarici İşlər Nazirliyinin nəzdindəki Strateji Araşdırmalar Mərkəzinin sədri olan 40 yaşlı Ufuk Ulutas İsrail Respublikasında Türkiyə Cümhuriyyətini təmsil edəcək. “Vestnik Kavkaza” İsrailin politoloqu, neft mühəndisi, siyasi məsləhətçi Yuri Boçarov ilə bu təyinatın Türkiyə-İsrail münasibətləri üçün nə demək olduğu barədə söhbət edib.

– Yuri Borisoviç, sizcə, bu hadisənin Türkiyə ilə İsrail arasındakı münasibətlər üçün əhəmiyyəti nədir?

– Türkiyə İsrailin bütün məsələlərdə çoxdankı tərəfdaşıdır. Bəli, son illərdə ölkələr arasında bir çox mövzuda fikir ayrılığı yaşandı. Hətta bir dəfə türk səfirinin geri çağırılması ilə əlaqədar olaraq qısa “soyuq müharibə” də  yaşadıq. Ona görə də Türkiyənin səlahiyyətli nümayəndəsinin İsrailə qayıtması yalnız alqışlana bilər. Bu, Türkiyə-İsrail münasibətlərinə yeni təkan verir. Enerji təchizatı və qaz boru kəmərləri, ya da elə həm İsrailin, həm də Türkiyənin öz maraqları olduğu Suriyada  bir çox sahədə əlaqələri yeniləyə və gücləndirə bilərik. Hər halda səfirin geri dönməsi Türkiyənin yenidən İsraillə əməkdaşlıq barədə danışmağa hazır olduğunun sübutudur.

– Sizcə, belə bir dəyişikliyin əsas səbəbi nə idi?

– Bunu bir cümlə ilə deyəcəm: Dağlıq Qarabağdakı müharibə Türkiyə ilə İsraili dostluğa qaytardı.

Türkiyə-İsrail münasibətlərindəki gərginliyin necə başladığını xatırladım. 2010-cu ildə Qəzza zolağının mühasirəyə alınması zamanı İsrail xüsusi qüvvələri “Mavi Mərmərə” gəmisini dayandırdı. Həmin hadisədə Türkiyə vətəndaşları da daxil olmaqla bir neçə nəfər öldü. Bu hadisədən sonra İsrail uzun müddət davam edən danışıqlardan sonra Ankaranın istədiyi təzminat və üzr məsələlərini həll etsə də, Türkiyə İsraillə münasibətlərini pozdu. Üzr istənildi, ancaq münasibətlər yaxşılaşmadı. Və o vaxtdan bəri ictimai sahədə uzun müddət heç bir şey dəyişmədi (baxmayaraq ki, İsrail diplomatiyası ən çox ərəb ölkələri ilə bağladığı müqavilələrə görə ictimaiyyətin gözündən yayınır).

Buna baxmayaraq, iki ölkənin hərbi və kəşfiyyat xidmətləri arasında təmaslar davam etdi və son bir neçə ayda dəyişikliklər oldu. İsrail bir sıra ərəb ölkələri – Bəhreyn, Mərakeş, Birləşmiş Ərəb Əmirliklərilə müqavilələr imzalamağa başladı. Bu, Türkiyə-İsrail təmaslarının inkişaf perspektivlərinə müsbət töhfə verdi. Sonra Dağlıq Qarabağda müharibə oldu. İsrail ilə Türkiyənin bu hərbi əməliyyatlarda birlikdə çalışdıqlarını söyləmək mümkün olmasa da, Ankara tamamilə Azərbaycanın tərəfinə keçdi. İsrailsə Ermənistan və Avropa Birliyinin təzyiqlərinə baxmayaraq, Azərbaycanla hərbi-texniki əməkdaşlığı dayandırmadı. Bu da bir sıra məsələlərdə mövqelərimizi yaxınlaşdırdı.

– Sizcə, İsraillə münasibətlərin bərpasında Türkiyənin maraqları nədir?

– Türkiyə hazırda Yaxın Şərqdə gedən proseslərdən kənarda qalmaq istəmir. Söhbət İsraillə müsəlman ölkələri arasında yeni bir dostluq kəmərinin yaradılmasından gedir. Bu il müqavilələrin imzalandığı bütün ölkələr Yaxın Şərqin geopolitik xəritəsində deyil. Məsələn, Afrika qitəsini təmsil edən Mərakeş və Şimali Afrika respublikaları da bu siyahıda var. Bu, Orta Şərqdəki regional proseslərdə əsaslı dəyişikliklərə səbəb olacaq ciddi bir irəliləyişdir. Türkiyə mütləq buna qatılmaq istəyir. Lakin çox şey Türkiyə daxilindəki və xaricindəki siyasi vəziyyətdən asılıdır.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*